Menu
Xəbər Lenti
30 Ekm 17:37Manşet / Hadisə

Bakı metropoliteninin 55 illik yubileyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib

Bakı metropoliteninin 55 illik yubileyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib
Bakı metropoliteninin 55 illik yubileyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib
Bakı metropoliteninin 55 illik yubileyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib

Bakı metropoliteninin 55 illik yubileyi ilə əlaqədar oktyabrın 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilati dəstəyi və IDEA İctimai Birliyinin yaxından iştirakı ilə Bənövşəyi xəttin istismara hazırlanan elektrik deposu və yerüstü stansiyasının yerləşdiyi ərazidə ağacəkmə aksiyası keçirilib.

Elektrik deposunun təsdiq edilmiş layihəsinə uyğun geniş abadlıq işləri aparılan ərazidə təşkil olunmuş aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov, Səhmdar Cəmiyyətin Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və şuranın üzvləri, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini Anar Novruzov, Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbər heyəti, IDEA İctimai Birliyinin könüllüləri yaxından iştirak ediblər.

Aksiya zamanı ərazinin torpaq xüsusiyyətləri nəzərə alınaraq tinglik sahələrdə yetişdirilən, ümumilikdə 500-dən artıq Eldar şamı, çinar və sərv ağacı əkilib.

Aksiya Xocasən qəsəbəsində ətraf mühitin qorunması və ekoloji tarazlığın bərpası baxımından da əhəmiyyət kəsb edir. Belə ki, elektrik deposunun inşa olunduğu ərazinin bir hissəsində vaxtilə pərakəndə qaydada tikilmiş obyektlər yerləşib, baxımsız qalan digər hissəsində isə ekoloji mühitə mənfi təsir edən bataqlıq və ətraf mühitin çirklənməsinə gətirib çıxaran müxtəlif tullantıların yaratdığı antisanitar vəziyyət hökm sürüb. Elektrik deposunun inşası və eləcə də aparılan abadlıq işləri ərazinin ekomühitinin sağlamlaşdırılmasına hiss olunacaq təsir göstərib.

Qeyd edək ki, inşaat işlərinin müxtəlif dövrlərində sahələrdə “Bakı Metropoliteni” QSC tərəfindən ərazinin abadlaşdırılması ilə yanaşı, 1000-ə yaxın müxtəlif ağac əkilib, yaşıllıq sahələri yaradılıb.

Xocasən qəsəbəsində yerləşən elektrik deposunda inşaat işlərinin üç mərhələdə aparılması nəzərdə tutulub. Hər mərhələ üzrə ağacların əkilməsi, yaşıllıqların salınması, o cümlədən işçilərin asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət parkının qurulması nəzərdə tutulub.