“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Maliyyəçi Nisə Əsgərli: “Pula qənaət etmək düzgün deyil”
Sirr deyil ki, pulu çox qazananların da, az qazananların da işlətdiyi bir ifadə var: “Heç nəyə pul çatdırmaq olmur”. Ümumiyyətlə, “çox pul”, “az pul” anlayışı harada başlayır, harada bitir? Niyə biz nə qədər qazanmağımızdan asılı olmayaraq, heç nəyə pul çatdıra bilmirik? Bəlkə, biz pulla doğru-düzgün davranmırıq? Kredit asılılıq yarada bilərmi?
Maliyyəçi Nisə Əsgərli ilə bu suallara aydınlıq gətirməyə çalışmışıq. Onun Oxu.Az-a müsahibəsini təqdim edirik:
- Nisə xanım, deyəsən, biz pulla doğru-düzgün davrana bilmirik. Çox da qazansaq, az da qazansaq, sanki pulumuz heç nəyə çatmır. Sizcə, niyə?
- Bu, pulun düzgün idarə olunmamasından irəli gəlir. Pulu düzgün idarə etməyəndə nə qədər qazanmağımızdan asılı olmayaraq, o pul heç vaxt bizə bəs etmir. Çünki maliyyə məqsədlərimiz yoxdur, gəlirimizlə xərcimizi dəqiq bilmirik, üstəlik də çox qazandıqca çox da xərcləməyə üstünlük veririk, amma məqsədsiz. Bu problemi bir cümlə ilə ifadə etsək, bizim maliyyə məqsədlərimizlə büdcəmiz uyğun deyil.
- Pulu düzgün xərcləmək nə deməkdir?
- Birinci, oradan başlayır ki, xərclərimizi anlayırıq. Yəni stabil xərclərimiz hansıdır, gözlənilməz xərclərimiz nə ola bilər, impulsiv xərclərimiz nədir? Anlamaq lazımdır ki, xərclər nədir və neçə kateqoriya üzrə bölünür. Bunları müəyyən etdikdən sonra pulumuzu düzgün xərcləməkdə problem olmayacaq.
- Maliyyəçilərin çox sevdiyi bir ifadə var - büdcəyə qənaət edin. Necə? Bunun xüsusi bir üsulu varmı?
- Mən fərqli düşünürəm. Məncə, pula qənaət etmək düzgün deyil. Büdcəmizi düzgün, proporsional şəkildə böləndə qənaət etməyə lüzum qalmır. Çünki biz artıq əvvəlcədən bilirik ki, aldığımız əməkhaqqıdan neçə faizi stabil xərcimizdir, neçə faizi gözlənilməz xərclərimiz ola bilər, neçə faizini gələn aya ötürə bilərik? Qənaət etməklə biz özümüzü bir az sıxılmış, qısılmış hesab edirik, amma büdcəni düzgün idarə edəndə 100% əmin oluruq ki, gələn aya nə qədər pul ötürə bilirik. Bunun da qeydiyyatını apardıqda daha aydın görə bilirik ki, hara və nə qədər pul xərcləmişik.
- Büdcə planlaması nədir?
- Büdcənin düzgün idarə edilməsi. Təbii ki, hər kəsin özünə uyğun büdcə planlaması ola bilər. Çünki hər insan ayrıca fərddir və hər bir insanın da ayrıca xərcləri var. Amma mütləq şəkildə bütün xərclərin bir planı olmalıdır. Bilməliyik ki, nə qədər qazanırıq, qazancımızı necə idarə edirik? Əgər nəyisə almağa qərar veririksə, “Bunu niyə alıram?” sualına beş cavab tapmalıyıq. Tapa bilmiriksə, demək, əslində, onu almaq o qədər də vacib deyil. Sadəcə, gördük, almaq istədik və aldıq.
- Ailədə ən çox pulu qadının xərcləməsinə səbəb nədir?
- Deməzdim ki, ailədə daha çox pulu xanım xərcləyir. Sadəcə, bizim ailə-büdcə anlayışımızda evin, demək olar ki, bütün xərclərini qadın çəkir. Evin bazarlığı, kommunal xərcləri, uşaqların xərcləri və s. Ona görə də qadınların xərclədiyi pul gözə çox görünür. Ailədə, ümumilikdə, büdcə kimdədirsə, ən çox da o xərcləyir. Həmin adam da gözümüzə daha çox xərcləyən insan kimi görünür.
- Nisə xanım, vətəndaşlarımız sanki kreditə meyillidirlər. Məsələn, 500 manat maaş alan şəxs asanlıqla iki min manatlıq telefon kreditə götürür, hansı ki, bazarda onun büdcəsinə uyğun yüzlərlə seçim var. Sonra isə krediti ödəməkdə çətinlik çəkir. Niyə kredit götürməyin məsuliyyətini dərk edə bilmirik? Kredit götürməyə insanları nə vadar edir?
- Bu məsələ bankçılara daha çox sərf edir. Maliyyəçilərə elə də sərf etmir. Çünki hər götürülən kredit böhran yaratmağa başlayır və bəzən geri qayıtmır. Krediti gözüyumulu götürdükdən sonra qaytarmaq çətinləşəndə bu, insanlara həm psixoloji, həm maddi təsir edir. Ona görə də bir maliyyəçi olaraq kiçik kredit tərəfdarı deyiləm. Əlbəttə ki, kreditlər müəyyən bir vəziyyətdə insanların əlindən tutur. Məsələn, təhsil alanda, iş qurmağa başlayanda, sağlamlıqla bağlı ciddi narahatlıq olanda və s., əlbəttə ki, kreditə ehtiyac duyula bilər və lazımdır. Amma çox da vacib olmayan məsələlər üçün kredit götürəndə və ya məqsədsiz, işə asan tərəfdən yanaşmaq istəyi ilə kiçik kreditlərə girəndə məsələ dəyişir.
Qeyd edim ki, kredit kartları, kreditlərin aqressiv reklamı, kredit götürməyin çox sadələşməsi də vətəndaşı özünə cəlb edir. Sirr deyil ki, bu gün kredit götürmək üçün heç evdən çıxmağa ehtiyac yoxdur. Sadəcə, mobil tətbiq, aç, seç və istədiyin kredit səndədir. Nəzərə almaq lazımdır ki, hər bir insanın müəyyən zəif nöqtələri var. Kredit də bir çox insanlarda həmin o zəif nöqtədən birinin yerini tuta bilir.
- Məqsədsiz xərclərimizi yaradan səbəbi nədə görürsünüz? Görürük və alırıq. Sonra məlum olur ki, heç buna lüzum yox idi.
- Maliyyə dilində buna “impulsiv xərclər” deyilir. Məqsədsiz xərclər insanın emosional boşluğundan irəli gəlir. Həmin boşluğu doldurmaq və xoşbəxtlik hissini yaşamaq üçün müxtəlif yollara əl atırıq ki, onlardan da biri alış-veriş etmək, kafe-restoranda oturmaqdır. Məsələn, biz xərclərimizi öncədən hesablamayanda məqsədsiz xərclər gözə görünmür. Deyək ki, ayın sonu xərclərimizə baxanda görürük ki, 500 manat xərcləmişik, amma nəyə xərclədiyimiz aydın deyil. Düşünürük ki, cəmi üç dəfə restorana getmişəm, amma o üç dəfə gedişdə xərclədiyimiz pul arxa planda qalır. Yada salsaq, görürük ki, həmin o 500 manatın 300 manatını elə restoranda qoyub çıxmışıq.
- İmkanlı insanlar daha çox məqsədsiz pul xərcləyirlər, yoxsa?..
- Desəm ki, heç bir fərqi yoxdur, inanmayacaqsınız. Kifayət qədər insan var ki, yetərincə pulları da, imkanları da var, amma yenə də yetmir, yenə də kredit götürürlər. Elə insan da var ki, normal əməkhaqqı alır və onu çox gözəl idarə edə bilir, hər şeyə də çatır.
- Endirimlər bizə qazandırır, yoxsa əksinə, fərqində olmadan itiririk?
- Emosiyalarımızı, hisslərimizi və büdcəmizi idarə edə bilmiriksə, endirimlərdə ciddi şəkildə itiririk. Yox, əgər endirimlərə öncədən hazırlaşırıq, bunun üçün müəyyən büdcə ayırırıqsa, o zaman qazana bilirik. Misal kimi yuyucu məhsulları götürək. Onlar hər evdə lazımdır, xarab olmur və biz onların endirimə düşəcəyi ilə bağlı məlumatlıyıq. Həmin vaxt biz onları alıb saxlayanda növbəti ay üçün irəli düşmüş, qazanmış oluruq. Əgər, sadəcə, mağaza vitrinlərindəki “iki al, bir ödə” kimi aqressiv çağırışlar bizi alış-verişə cəlb edirsə, təbii ki, biz məhsulun nə olduğunu, nə qədər lazımlı olub-olmayacağını düşünmürük və nəticədə uduzuruq. Sonra da deyirik, özüm də bilmirəm, bunu niyə aldım.
- Kartla alış-veriş edəndə sanki daha çox pul xərcləyirik. Nağd olanda çox götür-qoy edirik, kartla olanda isə demək olar ki, düşünmürük. Bu nədən irəli gəlir?
- Bizim öyrəşməyimizə bağlıdır. Kartla alış-verişə yeni keçdiyimiz üçün hələ ki kartdan istifadədə o pulu hiss etmirik, amma nağd ödənişdə elə deyil. Nağd ödənişdə pulu görürük, ona toxunuruq, verib-verməyəcəyimizi düşünürük. Bank kartı ilə alış-veriş edəndən sonra tətbiqi açıb günlük, həftəlik, yaxud aylıq xərclərimizi görə bilirik, onları təhlil edə bilirik. Nağd ödənişdə isə çox vaxt pulu hara, nəyə xərclədiyimizi yada sala bilmirik.
- Pulu banka qoymaq faydalıdır, yoxsa evdə saxlamaq?
- Banka qoymaq. Banka qoyduğunuz məbləğə müəyyən faiz hesablanır. Evdə saxlayası olsanız, düşünürəm, valyutaya çevirib saxlamaq daha uyğundur. Səbəb də əslində, psixolojidir. Əgər siz evdə saxladığınız pulun üstündən götürmək istəsəniz, düşünəcəksiniz ki, mən hələ bunu banka aparmalıyam, dəyişməliyəm. Bu da əlavə vaxt, əziyyət deməkdir. Bu nüanslar da çox vaxt bu istəkdən vaz keçməyə səbəb ola bilir.
- Maliyyəçilər borc verməyi sevirlər?
- Xeyr.
- Borc almağı necə?
- Xeyr.
- Deyirlər ki, pul evdə yatmamalı, işləyib bizə pul qazandırmalıdır. Ehtiyat pulumuzu necə işlədək?
- İnvestisiya yatırmaqla.
- Pul qazandıran investisiya sahələri hansıdır?
- Bank depozitləri, qiymətli kağızlar, əmlak, kiminsə biznesinə investisiya etmək və s.
- Bəzi insanlar var ki, onlar həyatlarını az qala kredit kartı olmadan təsəvvür etmirlər. Əlbəttə, bu daha çox psixoloji məqamdır, amma bir maliyyəçi kimi səbəbi nədə görürsünüz?
- Kredit götürmək istəyi ətraf mühitdən, yaxşı yaşamaq istəyindən, hər hansı istəyinə daha kəsə yolla getmək arzusundan yaranır. Amma elə insanlar da var ki, onlarda kredit asılılığı var. Yəni pulu olsa da, olmasa da, kreditsiz yaşaya bilmirlər. Bu, bir növ, mərc oyunlarından, alkoqoldan asılılıq kimi bir şeydir.
- Övladlarımıza maliyyə idarəedilməsini necə öyrədə bilərik?
- Körpəlikdən uşaqları pulla tanış etmək lazımdır. Alış-verişə gedəndə uşaqları da aparmaq, prosesi öyrətmək lazımdır. Uşaq bilməlidir ki, evdə olan heç nə göydən düşmür. Bunun üçün valideynlər mağazaya gedir və qarşılığında müəyyən məbləğ ödəyirlər. Uşağa pulun dəyərini izah etmək lazımdır. Uşaq anlamalıdır ki, pul nədir, onu niyə cırmaq olmaz. Müəyyən yaşdan sonra icazə vermək lazımdır ki, müəyyən ödənişləri özü etsin və ya mağazaya özü getsin.
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova