“Böyük Qayıdış” Gənclər Təşkilatı 20 Yanvar faciəsinin 35-ci ildönümünü bir sıra tədbirlərlə qeyd edib
Niyam Salaminin adı daha bir qalmaqalda - Keçmiş şərikinə yarım milyon manat uduzub
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açıldı
“Böyük Qayıdış” Gənclər Təşkilatı 20 Yanvar faciəsinin 35-ci ildönümünü bir sıra tədbirlərlə qeyd edib
Silsilə tədbirlər çərçivəsində təşkilatın idarə heyətinin üzvlərinin, Vətən müharibəsi qazilərinin, Qayıdış Könüllülərinin və üzv gənclərin iştirakı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət olunub. Ölkəmizin suverenliyi və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiram və qürurla yad edilib. Vətənimizin ərazi bütövlüyü uğrunda həyatlarını itirmiş, xalqımızın azadlığını hər şeydən uca tutan qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub.
Faciənin 35-ci ildönümü ilə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyində "20 Yanvar – Qəhrəmanlıq salnaməsi" adlı anım tədbiri keçirilib. Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Pərviz Mirələmli, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov, 1990-cı ilin 19-20 qanlı yanvar tarixi günlərinin foto çəkilişlərin müəlliflərindən biri, fotomüxbir Rasim Sadıxov və Vətən müharibəsi qazisi Həsən Yaqubov çıxış edərək o qanlı gecədə baş verənlər, həmçinin həmin dövrdə Azərbaycanda ictimai-siyasi vəziyyət, milli azadlıq hərakatı və xalqımızın mübarizlik ruhu haqqında gənclərə ətraflı məlumat veriblər. Sonda gənclər muzeyin 20 Yanvar faciəsinə və Vətən müharibəsinə aid kolleksiyalarından ibarət bölmələri ilə tanış olublar.
Tədbirlər planına uyğun olaraq "20 Yanvar: Xatirələrdən Gələcəyə" adlı panel müzakirəsi keçirilib. Tədbirdə gənclər təşkilatlarının rəhbər və nümayəndələri, gənclər və 20 Yanvar hadisələrinin şahidləri iştirak ediblər. “Böyük Qayıdış” Gənclər Təşkilatının idarə heyətinin üzvü, Aprel döyüşləri qazisi Əhliyət Mehdiyevin moderatorluğu ilə keçirilən tədbirdə 20 Yanvar faciəsinin canlı şahidləri olan Cavid Abdullayev, Tahir Fətullayev və Asif İbrahimov çıxış edərək öz xatirələrini gənclərlə bölüşüb, onları maraqlandıran sualları cavablandırıblar.
Silsilə tədbirlər çərçivəsində "20 Yanvar – Danışan Talelər" adlı növbəti tədbir Gənclər Təşkilatlarının Resurs Mərkəzində təşkil olunub. Üzv gənclərin və Qayıdış Könüllülərinin iştirakı baş tutan tədbirdə faciə şahidləri “Azərbaycan bayrağı” ordenli polkovnik Hikmət Ağayev, Qarabağ qazisi Valeh Hüseynov və İmran İsgəndərzədə çıxış ediblər. Daha sonra “20 Yanvarda doğulanlar” filmi nümayiş olunub.
Həyata keçirilən ardıcıl tədbirlər zamanı "Qanlı Yanvar"ın tarixi, mənəvi və siyasi aspektləri gənclərin diqqətinə çatdırılıb, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyi, öz suverenliyi uğrunda sarsılmaz mübarizəsi yüksək qiymətləndirilib. Bildirilib ki, 20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz olan yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib.
2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi də xalqımızın milli azadlıq mübarizəsinin, suverenliyə olan bağlılığının əzəmətli ifadəsidir. Bu qərar, 20 Yanvar faciəsinin mənəvi dəyərləri ilə birləşərək, Azərbaycan xalqının azadlıq və müstəqillik yolunda keçdiyi tarixi yola verilən böyük bir ehtiramdır. Heç şübhəsiz, dünya ictimaiyyəti Azərbaycan xalqının mübarizə əzminin təntənəsinə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı bir daha şahid olub. Vətən müharibəsinin şəhidləri canları və qanları bahasına 20 Yanvar şəhidlərinin yürüdüyü azadlıq yolunu rəşadətlə qət edərək Vətənimizi bütövləşdiriblər.
Qeyd edək ki, tədbirlər proqramı Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə həyata keçirilib.
Xezertv.info