Menu
Xəbər Lenti
14 Haz 11:43Manşet / Gündəm / Siyasət

Hikmət Hacıyev: Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur

 

Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "GLOBSEC 2025" forumunda "Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti" mövzusunda keçirilən paneldə danışıb.
O, Azərbaycanın Orta Dəhlizlə bağlı baxışından və onu necə gördüyündən söz açaraq bildirib ki, hər şeydən əvvəl yol Azərbaycan üçün bir mədəniyyət və sivilizasiyadır:
"Azərbaycan tarixən qədim İpək Yolunda yerləşib və sivilizasiyaların dialoquna töhfə verib. İkinci komponent coğrafiyadır. Biz şərq-qərb və həmçinin şimal-cənub yollarının kəsişməsində yerləşirik. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra başa düşdük ki, bu iki komponent vacibdir, lakin kifayət deyil. Biz coğrafiyamızı və tarixi təcrübəmizi yeni imkanlara çevirməli idik, həmçinin Azərbaycanın okeana çıxışı olmayan ölkə olduğunu nəzərə alaraq, dənizə çıxışımızın olmamasını quru bağlantılarına çevirməyə çalışdıq. Bununla da Azərbaycanın əlaqələndirici xətlərin qurulması və Şərq-Qərb dəhlizinin yaradılması səyahəti başladı".
H.Hacıyev vurğulayıb ki, Azərbaycan bu prosesə beş və ya altı mühüm parametrə əsaslanaraq başlayıb:
"Bu marşrut bizim üçün sadəcə yükü A nöqtəsindən B nöqtəsinə çatdıran nəqliyyat deyil. İlk olaraq biz enerji əlaqələndiriciliyinə və enerji koridoruna başladıq. Bu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Supsa idi ki, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirdi. İkinci komponent avtomobil yolları və quru marşrutları haqqındadır.
Biz üzərimizə düşəni etdik - avtomobil yollarımızı və magistrallarımızı qurduq, lakin bəllidir ki, avtomobil yollarınızın və magistrallarınızın olması kifayət deyil. Siz həmçinin qonşu ölkələrlə əlaqə qurmalısınız. Üçüncü komponent isə dəniz marşrutu haqqındadır. Bu yolla biz Xəzər dənizini Mərkəzi Asiya tərəfdaşları ilə birləşdirdik, bununla da biz dedik ki, Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur. Bunun nəticəsində, biz həmçinin üç, indi isə dörd dənizlə - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və Adriatik dənizi ilə də əlaqə qururuq".