Ukraynadan sülh planına bu tarixə qədər razılaşmağı tələb edirlər
“ABŞ Prezidenti Donald Tramp administrasiyasının hazırladığı 28 maddəlik sülh planını tez qəbul etməsi üçün Ukraynaya güclü təzyiq göstərilir”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Financial Times” adı açıqlanmayan Ukrayna rəsmilərindən əldə etdiyi məlumatlara əsasən yazıb.
Mənbələrin sözlərinə görə, Ağ Ev ilin sonuna qədər müharibəyə son qoymaq məqsədilə təklifin yekun olaraq razılaşdırılması üçün “aqressiv” qrafik üzərində işləyir.
Qeyd olunur ki, ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskidən “Şükranlıq Günü”nə, yəni 27 noyabra qədər sülh sazişinə razılaşmağı tələb edir:
“ABŞ tərəfi artıq ayın sonunda sazişi Moskvaya təqdim etmək və bütün prosesi dekabrın əvvəlinə qədər tamamlamaq niyyətindədir”.
Bildirilir ki, 28 maddəlik sülh planı Kiyevdən ciddi güzəştlər tələb edir, bu isə Ukraynanın “qırmızı xətləri”ni keçir.
“Hazırda Ukrayna ABŞ tərəfinə təqdim ediləcək təkliflər üzərində işləyir”, - nəşr yazır.
Məqalənin müəllifləri hesab edirlər ki, Ukrayna cəmiyyəti də, ehtimal ki, kapitulyasiya və ya Moskva üçün daha sərfəli hesab edilən belə bir sazişin imzalanmasına razı olmayacaq.





















































