Menu
Xəbər Lenti
06 Şub 08:11Manşet / Gündəm / Dünya

ABŞ İrandakı vətəndaşlarına çağırış etdi: "Ölkəni dərhal tərk edin"

 

ABŞ-nin İrandakı virtual səfirliyi bu il yanvarın 15-dən bəri ikinci dəfə bu ölkədəki vətəndaşları üçün xəbərdarlıq yayıb.

Oxu.Az xəbər verir ki, səfirliyin məlumatında artan təhlükəsizlik tədbirləri, yol bağlanmaları, ictimai nəqliyyat pozuntuları və internet blokadalarının davam etdiyi vurulanır.

"İran hökuməti mobil, şəhərdaxili və milli internet şəbəkələrinə girişi məhdudlaşdırır. Aviaşirkətlər İrana və İrandan uçuşları məhdudlaşdırmağa və ya ləğv etməyə davam edir.

ABŞ vətəndaşları bilməlidirlər ki, internet kəsintilərini davamlı ola bilər. Onlar alternativ ünsiyyət vasitələri planlaşdırmalı və əgər təhlükəsizdirsə, quru yolu ilə Ermənistana və ya Türkiyəyə getməyi nəzərdən keçirməlidirlər.

Görüləcək tədbirlər:

İranı indi tərk edin. ABŞ hökumətindən kömək gözləmədən İranı tərk etmək üçün plan qurun.

Uçuşlar ləngiyə, ləğv oluna bilər, birbaşa aviaşirkətlərinizlə əlaqə saxlayın.

Əgər İrandan çıxa bilmirsinizsə, yaşayış yeriniz və ya başqa təhlükəsiz bina daxilində etibarlı yer tapın. Qida, su, dərman və digər vacib əşyaların ehtiyatını görün.

Nümayişlərdən qaçın, ətrafınızda baş verənlərdən xəbərdar olun.

Son xəbərlər üçün yerli mediaya nəzarət edin. Planlarınızı tənzimləməyə hazır olun.

Telefonunuzu doldurulmuş saxlayın və durumunuz haqqında məlumat vermək üçün ailə və dostlarla əlaqədə olun.

İranda təhlükəsizliklə bağlı son yeniləmələri almaq üçün Smart Traveler Qeydiyyat Proqramında (STEP) qeydiyyatdan keçin", - xəbərdarlıqda deyilir.

* Tramp: "Xamenei narahat olmalıdır"

Həmçinin bildirilir ki, ABŞ-İran ikili vətəndaşları ölkəni İran pasportları ilə tərk etməlidirlər:

"İran hökuməti ikili vətəndaşlığı tanımır və ABŞ-İran ikili vətəndaşlarına yalnız İran vətəndaşları kimi yanaşacaq. ABŞ vətəndaşları İranda sorğu-sual, həbs və saxlanma riski altındadırlar. ABŞ pasportunun göstərilməsi və ya ABŞ ilə əlaqələrin nümayiş etdirilməsi İran hakimiyyətinin birini saxlaması üçün kifayət qədər səbəb ola bilər. Öz əllərində etibarlı ABŞ pasportu olmayan ABŞ vətəndaşları İranı tərk etdikdən sonra ən yaxın ABŞ səfirliyi və ya konsulluğunda pasport üçün müraciət etməlidirlər".

Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.

İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.

Bundan sonra ABŞ-İran münasibətləri daha da gərginləşib. Yanvarın 15-də ABŞ-nin İrandakı virtual səfirliyi bu ölkədəki vətəndaşlarına çağırış edərək oranı dərhal tərk etməyi məsləhət görüb.