Menu
Xəbər Lenti
30 Haz 11:43Manşet / Siyasət

“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”

cemil-hesenli-ve-onun-kimi-dusunenlerin-selahiyyeti-olsaydi-repressiya-tetbiq-ederdiler

“Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişikliklər insan azadlığı, şəxsi toxunulmazlıq, rəsmi orqanların müdaxilə sərhədləri və cəmiyyətin təhlükəsizliyi kimi olduqca həssas məsələləri əhatə edir”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən bugünki iclasında “Psixiatriya yardımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Komitə sədri qeyd edib ki, ağır psixi böhran keçirən, özünə və ya ətrafındakılara təhlükə yaradan bir insanın qarşısında dayananda rəsmi orqanlar iki seçimlə üz-üzə qalır: ya müdaxilə etmək, yaxud kənarda qalmaq: “Şəxs razılıq vermədi” deyərək hadisəni izləmək məsuliyyətdən imtina etmək deməkdir. 

Layihədə psixiatriya yardımı haqqında məlumatların elektron sağlamlıq kartında saxlanılması, şəxsin həmin məlumatları elektron sistemdən əldə etməsi, qanuni nümayəndəyə məlumatın iki iş günü ərzində verilməsi, müalicədən imtinanın sistemdə rəsmiləşdirilməsi, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin digər pasiyentlərdən ayrı müalicə olunması, yaxın qohumların və qanuni nümayəndələrin dərhal məlumatlandırılması kimi müddəalar vardır. Göründüyü kimi, son dərəcə mühüm olan tədbirlər tibbi prosesin sənədləşdirilməsi, izlənilməsi və məsuliyyətin artırılmasına xidmət edir. 

Lakın layihə ətrafında süni şəkildə ajiotaj yaradan və ondan dövlət hakimiyyəti orqanları əleyhinə istifadə edən qüvvələr bir müddəa - inzibati xəta haqqında icraat aparılan şəxsin razılığı olmadan psixiatriya müayinəsinə göndərilməsi ilə bağlı kampaniya aparırlar.
Müzakirə edilən müddəanı sovet dövrünün cəza psixiatriyası ilə müqayisə edən Cəmil Həsənli və onun kimi düşünənlər səlahiyyətləri olsaydı, bütün siyasi rəqiblərinə repressiya tətbiq edərdilər. Halbuki Zəfərimizi belə tanımayan qüvvələr qanunun mətnini diqqətlə oxusaydılar, üç mühüm məqam aydın görərdilər:

Birincisi, söhbət istənilən vətəndaşdan və ya siyasi fəaldan getmir, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsdən gedir.

İkincisi, psixiatriya yardımının gecikdirilməsinin şəxsin özünün və ya başqa şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaratması şərti mövcud olmalıdır.

Üçüncüsü, prokuror və ya digər səlahiyyətli vəzifəli şəxs psixi xəstəlik diaqnozu qoymur. O, yalnız müayinənin aparılması barədə prosedur qərarı qəbul edir. Psixi pozuntunun olub-olmamasını həkim-psixiatr müəyyənləşdirir”.

Deputatın sözlərinə görə, inzibati orqanın qərarı tibbi diaqnoz sayılmır, müayinə hospitalizasiya anlamına gəlmir, hospitalizasiya da müddətsiz azadlıqdan məhrumetmə kimi qiymətləndirilə bilməz: “Qüvvədə olan qanunvericiliyə görə, qeyri-könüllü psixiatriya stasionarına yerləşdirilən şəxs 48 saat ərzində həkim-psixiatr komissiyası tərəfindən müayinə edilməli, hospitalizasiyanın əsaslılığı müəyyənləşdirilməli və məsələ məhkəmə qarşısına çıxarılmalıdır. Şəxsin etiraz hüququ mövcuddur. Deməli, inzibati qərar yalnız prosesi başladır - onu davam etdirmək səlahiyyəti nə prokurorda, nə inzibati orqanda, nə də həkimdə yoxdur. 

Qərarqəbuletmə səlahiyyəti yalnız məhkəməyə məxsusdur.

Bəs demokratik dövlətlər ağır psixi böhran keçirən, özünə və ya başqalarına təhlükə yaradan şəxslərlə bağlı necə davranırlar? Böyük Britaniyanın Psixi Sağlamlıq Aktının 136-cı maddəsinə əsasən, polis ictimai yerdə psixi pozuntu əlamətləri göstərən və təcili qayğıya və ya nəzarətə ehtiyacı olan şəxsi, onun özünü və ya başqalarını qorumaq məqsədilə təhlükəsiz yerə aparır. Şəxs orada həkim və təsdiqlənmiş psixi sağlamlıq mütəxəssisi tərəfindən qiymətləndirilir. 2025-ci ildə qəbul edilən islahatlar məcburi müdaxilənin zəruriliyinə, müalicəvi faydasına, pasiyentin prosesdə iştirakına və qərarların daha tez-tez yoxlanılmasına əlavə təminatlar gətirib. 

Fransada razılıq olmadan psixiatriya yardımı şəxsin psixi vəziyyəti onun razılıq verməsini mümkünsüz etdikdə və dərhal tibbi yardım tələb olunduqda tətbiq edilə bilər. Adi prosedurda iki əsaslandırılmış tibbi rəy tələb olunur və ilk rəyi pasiyenti qəbul edən müəssisədən kənar həkim verməlidir. İctimai təhlükəsizliklə bağlı hallarda prefekt qərar qəbul edə bilər, lakin qərar yenə müstəqil tibbi sənədə əsaslanır. 

Nümunələr bir həqiqəti təsdiqləyir: şəxsin razılığı olmadan təcili psixiatriya müayinəsi Azərbaycanda yox, insan hüquq və azadlıq qanunlarını yazan Qərb ölkələrində düşünülüb. Fransada prefektin, Böyük Britaniyada polisin, Azərbaycanda isə prokurorun prosesi başlatması - üç sistemdə də inzibati orqan ilkin qərar verir. Üç sistemdə də diaqnozu inzibati orqan yox, müstəqil həkim qoyur. 

Təcridetmə və fiziki məhdudlaşdırma isə cəza üsulu sayıla bilməz. Belə tədbir yalnız bilavasitə təhlükənin başqa üsulla aradan qaldırılması mümkün olmadıqda, ən qısa müddətdə, tibbi nəzarət altında sənədləşdirilməklə tətbiq olunmalıdır. 

Layihədə tibbi xarakterli məcburi tədbirlərə cəlb olunan şəxslərin digər pasiyentlərdən ayrı müalicəsi nəzərdə tutulur. Lakin həmin məcburi tədbir təhlükəsizlik məqsədi daşıyır,  təkadamlıq, müddətsiz və cəzalandırıcı saxlanmaya çevrilə bilməz. 

Həmin insanın iradəsi xəstəliyin təsiri altında formalaşırsa, onun həyatını xilas etmək üçün müvəqqəti müdaxilə insan hüququnun pozulması deyil, yaşamaq hüququnun qorunmasıdır.

Ona görə də layihə siyasi məqsəd daşımır, şəxsin, cəmiyyətin təhülkəsizliyi üçün dünyada mövcud olan qabaqcıl təcrübənin tətbiqidir və ona müsbət səs verəcəyik”.

Nuranə Daxilqızı