“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Mahnının sahibi kimdir: Bəstəkar, ifaçı, yoxsa varis? - ARAŞDIRMA
Bir müddət öncə gənc müğənni Zaur Quluzadənin mərhum sənətçi Yaqub Zurufçunun “Dəniz” mahnısını yeni aranjimanda təqdim etməsi ciddi müzakirələrə səbəb oldu. Belə ki, mərhum sənətçinin həyat yoldaşı Aynur Zurufçu sözügedən ifa ilə bağlı etiraz edib və hətta klipin “YouTube” platformasından silinməsinə nail olub.
Beləliklə, bu hadisə mahnı müəllifliyi məsələsini, bir mahnının digər ifaçı tərəfindən yenidən ifa edilməsi şərtlərini, varislik prinsipini, eləcə də prosesin necə tənzimlənməli olduğunu gündəmə gətirir.
APA məsələnin aktuallığını nəzərə alaraq, sözügedən məsələni araşdırıb.
Əvvəlcə gənc ifaçı Zaur Quluzadədən “Dəniz” mahnısını ifa etməmişdən öncə icazə alıb-almadığını soruşduq. Zaur Quluzadənin sözlərinə görə, o, mahnını oxuduqdan sonra klipi “YouTube” platformasına yükləmək istəyərkən Yaqub Zurufçunun həyat yoldaşından icazə almağa cəhd göstərib. Lakin qarşı tərəf icazə üçün danışığı bir xeyli uzatdığından proses baş tutmayıb.
Zaur Quluzadəyə müəlliflik hüququ ilə bağlı Əqli Mülkiyyət Agentliyinə (COPAT) müraciət edib-etmədiyini soruşduqda isə bu qurumdan xəbərsiz olduğunu bildirib.
Bu göstərir ki, Azərbaycanda müəlliflik hüququ anlayışını heç də hər kəs lazımi formada bilmir və hüquqi baxımdan hansı məsuliyyəti daşıdığından xəbərsizdir.
Bu baxımdan, Zaur Quluzadənin mərhum sənətçi Yaqub Zurufçunun “Dəniz” mahnısına yeni nəfəs verib oxumaq adına etdiyi təşəbbüs incəsənət prizmasından normal və təqdir olunası məqamdırsa, – bu kimi hallar dünya praktikasında da mövcuddur, – hüquqi baxımdan icazəsiz formada baş verdiyi üçün həm də müəlliflik hüququnun pozulması halıdır.
Aynur Zurufçu isə mahnı ifa olunduqdan və klip “YouTube” platformasına yükləndikdən sonra onunla əlaqə saxlanıldığını deyib. O, bundan sonra həmin klipi “YouTube”dan sildirməyə nail olub. Lakin bununla məsələ yekunlaşmayıb. Daha sonra klip başqa kanallar vasitəsilə məlum platformaya yüklənib.
Aynur Zurufçunun fikirlərindən çıxan nəticə onu deməyə əsas verir ki, sözügedən mübahisəli məqam hələ də həllini tapmayıb. Bu mənada, növbəti sualımız Yaqub Zurufçunun mahnılarının Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınıb-alınmaması ilə bağlı olub.
Aynur Zurufçu suala cavabında sırf bu hadisədən sonra Əqli Mülkiyyət Agentliyinə müraciət etdiyini və “Dəniz” mahnısı üçün şəhadətnamə aldığını bildirib.
O, mərhum sənətçinin digər mahnılarının da şəhadətnamələrinin alınması üzrə prosesin davam etdirildiyini əlavə edib.
Prosesin bura qədərki hissəsi, yuxarıda da qeyd etdiyimiz kimi, tərəflərin hər ikisinin müəlliflik hüququnun sənədləşdirilməsinin vacibliyindən xəbərsiz olduğunu deməyimizə əsas verir. Yəni Aynur Zurufçu mərhum sənətçinin mahnılarının varisidirsə, o zaman bu, rəsmi formada da sənədləşdirilməlidir. Eləcə də Zaur Quluzadə “Dəniz” mahnısına yeni nəfəs verirdisə, mütləq formada prosesin hüquqi tərəfini də nəzərə almalı idi. Hər iki məqamda axsaqlıq olduğu üçün ortaya bu formada mübahisəli məqamlar çıxıb.
Musiqi tənqidçisi, professor Zümrüd Dadaşzadə mövzu barədə o fikirdədir ki, ümumiyyətlə, musiqinin sahibi mütləq şəkildə bəstəkardır.
“Çünki o, mahnını ərsəyə gətirən şəxsdir, ifaçı isə bu mövzuda, sadəcə, vasitəçidir. Yəni bədii məhsul bəstəkar tərəfindən yaradılır. Təsəvvür edin, Motsartın bəstəsini kimsə ifa edə və ona sahibi ola, belə şey mümkündürmü? Yaxud Azərbaycan Simfonik Orkestri desin ki, Xalq artisti Aqşin Əlizadənin simfoniyasını bizdən başqa heç kəs ifa edə bilməz. Bu, mümkünsüzdür. Əlbəttə, bəstəkar əsəri yaradıbsa, hər hansı başqa şərt qoymayıbsa, məncə, o özü də istəyər ki, əsəri başqaları tərəfindən ifa olunsun”.
Professor illər öncə mərhum Xalq artisti İlhamə Quliyevanın efirlərin birində müəlliflik məsələsi ilə bağlı səsləndirdiyi fikirləri xatırladaraq əlavə edib ki, mahnıları yaşadan onların ardıcıl ifa edilməsidir:
“Heç vaxt yadımdan çıxmaz, mərhum bəstəkar Fikrət Əmirov haqqında televiziya verilişlərin birində mərhum Xalq artisti İlhamə Quliyeva çıxışı zamanı bildirmişdi ki, bəstəkarın onun üçün yazdığı mahnılar məhz onun şəxsi mülkiyyətidir və ondan başqa heç kim ifa edə bilməz. Mən elə hesab edirəm ki, bu doğru deyil. Çünki Fikrət Əmirov kimi bir bəstəkarın mahnıları mütləq şəkildə davamlı olaraq ifa olunmalıdır. İlhamə Quliyeva çox gözəl ifaçı idi, doğrudur və o, ifa etdiyi həmin mahnılara öz möhürünü vurmuşdu, amma mahnılar yaşamalıdır. Və gələcək nəsillər də öz dünyagörüşünə uyğun olaraq yeni cizgilər əlavə edərək o mahnıları ifa etməlidirlər. Ona görə belə bəyanatlar bir qədər təəccüb doğurur”.
Zümrüd xanımın İlhamə Quliyeva barəsində xatırlatması mövzumuzun bu yerində əsl yerinə düşür. Çünki ifaçı hər zaman özünün ifaları ilə bağlı bu kimi ajiotaj yaradan çıxışları tez-tez edirdi. Yəni o, bir növ, özündən sonra öz mahnılarının ifasına qətiliklə qarşı çıxırdı. Amma biz İlhamə Quliyevanın vəfatından sonra müğənni Zamiqin onun “Kaman”, “Neylərsən?” kimi çox populyar mahnılarını ifa etməsinin şahidi olduq. Eləcə də Zamiq Akif İslamzadənin “Ala gözlüm” mahnısını da yeni aranjemanda təqdim edib. Bəs sual olunur: Zamiq bu ifalar üçün icazə alıbmı?
Müğənni Zamiq sualımıza cavabında vurğulayıb ki, mərhum Xalq artisti İlhamə Quliyevanın “Kaman” mahnısını oxumaq üçün icazə almayıb:
“Çünki mən o bəstəni ifa edəndə artıq İlhamə xanım dünyasını dəyişmişdi. Lakin nəğmənin bəstəkarı, Xalq artisti Faiq Sücəddinov mənim ifamı eşidəndən sonra zəng edib təşəkkür etdi ki, nə yaxşı ki, bu mahnını yenidən dirçəltdik. Yeni nəfəs verdik”.
Zamiq sözügedən mahnını ifa etməsinin tarixçəsinə də toxunub:
“Kaman” mənim üçün bir gecənin içində ərsəyə gələn əsərdir. Biz ona ikinci həyat verdik, sanki yenidən sevilməyə başladı. O mahnını mərhum sənətkarımız İlhamə Quliyevadan sonra oxumaq, əlbəttə, çətin idi. O nəğmə, sözün yaxşı mənasında, mənim başqa tərəfimi göstərdi. Bir gün mənə zəng gəldi ki, İlhamə xanımın xatirəsinə albom həsr olunur. O albomda bir neçə ifaçının səsi yer alacaq. İstərdik ki, biri də siz olasınız. Hansı mahnını dedim, dedilər, o, artıq seçilib və oxunub. Dedim, təklif olunubsa, bu təklifi geri çevirmək olmaz. Axşam İlhamə xanımın sənət arxivini özüm üçün araşdırdım. “Kaman” çıxdı qarşıma. Musiqi çox ürəyimə yatdı və gecə ilə o mahnını hazırladıq, albom isə artıq sabah yazılacaqdı”.
İfaçı son dövrlərdə ifa etdiyi “Ala gözlüm” mahnısının da kifayət qədər bəyənildiyini əlavə edib.
“Akif İslamzadənin repertuarından “Ala gözlüm”ü isə klassik musiqi kimi ifa edirik. Hər kəs kimi. İfa edəndən bir neçə ay sonra Akif müəllimlə görüşdük. Oturub çay içib söhbət edəndə mənə təşəkkür etdi. Dedi, sənin ifanda çox bəyənmişəm. Çox gözəl ifa etmisən”, – müğənni fikirlərini tamamlayıb.
Yuxarıda da qeyd etdiyimiz kimi, mərhum sənətçi İlhamə Quliyeva Fikrət Əmirovun onun ifasında səslənən bəstələrini özündən başqa kiminsə ifa etməsini istəmirdi. Bu məsələ həm də mahnı müəllifliyi məsələsində bəstəkar və müğənni arasındakı ikitərəfliliyi gündəmə gətirir. Yəni bir mahnı bəstələndikdən sonra hər hansısa bir ifaçı tərəfindən oxunur. Bəs həmin mahnının müəllifliyi necə tənzimlənir? Məsələn, o qədər də uzaq keçmişdə olmayan hadisələrdən biridir ki, bəstəkar Aygün Səmədzadə çox məşhur “Məktəb illəri” mahnısını ifa etməyi elə mahnını öz ifasında sevdirən Lalə Məmmədovaya qadağan etmişdi.
Bu mənada, sualımıza cavabı bu dəfə hüquq müstəvisində axtarırıq.
Hüquqşünas Vüsalə Muradxanlının sözlərinə görə, bəstəkarın bir mahnının ifasını qadağan etməsi müxtəlif səbəblərə əsaslanır. Bu, əsasən, müəllif hüquqları, müqavilə şərtləri və icraçının əsərləri təqdim etmək üçün aldığı lisenziyalarla bağlıdır:
“Məsələyə müəllif hüquqları maddəsi kontekstindən yanaşsaq, o halda, bəstəkar, mahnının müəllifi kimi hüquqlara malikdir. Bu hüquqlar əsərin yayımlanması, ifası, çoxaldılması və tərcümə edilməsi kimi fəaliyyətləri əhatə edir. Bəstəkarla müğənni arasında xüsusi bir razılaşma varsa və bu razılaşma müəyyən şərtlərə tabe edilirsə, o, mahnının ifasına qadağa qoya bilər”.
Hüquqşünas bu kimi mübahisəli məqamlarda Müqavilə Şərtləri və İcra Hüquqları və Lisenziyalar maddələrini də əsas gətirib:
“Bəstəkarla müğənni arasında mahnının ifası ilə bağlı müqavilə olmuş ola bilər. Bu müqavilədə bəstəkarın mahnının bəlli bir dövrdə və ya bəlli şərtlər altında ifa edilməsini məhdudlaşdıran şərtlər müəyyən edilmiş ola bilər. Müqavilə şərtlərinin pozulması halında, bəstəkar ifanı qadağan etmə hüququna malikdir.
Digər tərəfdən, müğənni və ifaçılar əsərləri ifa etmək üçün müvafiq lisenziyalara malik olmalıdırlar. Bu lisenziyalar müəyyən müddətə və ya müəyyən şərtlərə tabe ola bilər”.
Yuxarıda qeyd edilən məqam hazırda həyatda olan bəstəkar və ifaçı arasında mümkün problemlərə və onların həlli istiqamətinə işıq tutur. Amma aydın məsələdir ki, bəstəkarın vəfat etməsindən sonra da onun mahnılarına müraciət edilməsi mümkündür. Belə olan halda icazə faktoru qüvvədən düşürmü?
Məsələn, mərhum bəstəkar Xalq artisti Elza İbrahimovanın qardaşı Çingiz İbrahimovun dəfələrlə televiziyada bu mövzu ilə bağlı çıxışlarını görmüşük. O, Elza İbrahimovanın bəstələrinin varisi olduğunu bildirib və bunu tamamilə qanuni formada reallaşdırdığını əlavə edib. Biz də araşdırmamızın bu yerində Çingiz İbrahimovun fikirlərini soruşduq:
“Bunun üçün mütləq şəkildə Əqli Mülkiyyət Agentliyindən sənəd olmalıdır. Heç kəs bu sənəd olmadan varis olduğunu iddia edə bilməz, çünki bu, hüquqi baxımdan yanlışdır”.
Çingiz İbrahimovun sözlərinə görə, Elza İbrahimovanın bəstələrinin varisi olması ilə bağlı bütün sənədləşmə işlərini həyata keçirib:
“Məsələn, siz məndən soruşsanız ki, Elza xanım “Ey vətən”in müəllifidir və siz hazırda bu bəstənin varisisinizmi? Mənim cavabım qəti şəkildə “bəli” olacaq. Çünki bu mahnı Əqli Mülkiyyət Agentliyində qeydiyyatdadır. Belə olan halda, həm bəstəkarın, həm də hətta şeir kimə həsr olunubsa, onun adı belə not üzərində qeyd olunur”.
Bəs, görəsən, prosesin bu hissəsi barədə qanunvericilik nə deyir? Vəfat etmiş şəxsin ifa etdiyi mahnının müəlliflik hüququ kimə məxsusdur? Ümumiyyətlə, ifaçının ailəsi özünü həmin mahnı və mahnıların varisi kimi təqdim edə bilərmi?
Yenə də suallarımıza cavabı hüquqşünas Vüsalə Muradxanlı verir.
Hüquqşünasın sözlərinə görə, Azərbaycanda müəlliflik hüququ mahnının yaradılması anından etibarən müəllifi müddətsiz müdafiə etməyə haqq verir: “Və bunun üçün heç bir qeydiyyat tələb olunmur. Yəni bu proses avtomatik olaraq formalaşır. Bu da onu deməyə əsas verir ki, mahnının müəllifi mahnını yaradan şəxs kimi tanınır. Müəlliflik hüququ, əsasən mahnının yayılması, “YouTube” kanallarına yerləşdirilməsi, yaxud hansısa klipinin televiziyada təqdimi formasında qələmə verilir və müəllif öz əsərinin istifadəsi üçün 3-cü şəxsdən icazə almaq və ya müəyyən hallarda onun mahnısını kimsə oxumaq istəyirsə, haqq da ala bilər”.
Bu fikirlərdən çıxan nəticə onu deməyə əsas verir ki, hansısa bir müəllif mahnını yaradırsa (onu bəstələyir, yaxud ifa edirsə), bundan sonra onun sırf bu əsər üzərində müəllifliyini təsdiq etdirmək üçün qeydiyyata ehtiyac olmur. Dolayısı ilə “Dəniz” mahnısını Yaqub Zurufçu ifa etdiyini andan etibarən avtomatik olaraq onun müəllifinə çevrilib və o mahnını başqa birinin ifa etməsi halında birinci şəxsdən icazə alması mütləqdir.
Amma bizim mövzu ətrafında araşdırma aparmağımıza yol açan məsələdə mahnının müəllifi həyatda yoxdur. Belə olan halda prosesin hansı formada cərəyan etdiyinə yenə də hüquqşünas cavab verir:
“Müəlliflik hüquqları bir şəxs vəfat etdikdə onun vərəsələrinə ötürülür. Bu, müəllifin ölümündən sonra Azərbaycan qanunlarına əsasən 70 il qüvvədə qalır. Əgər 70 il müddətində onun vərəsələri heç bir iddia qaldırmırlarsa, onun etibarı avtomatik olaraq bitmiş sayılır. Əgər Yaqub Zurufçunun həyat yoldaşı onun vərəsəsidirsə, ondan qalan mahnıları ifa etməklə bağlı bütün proseslər ona aiddir. Yəni müəllifin vərəsələri hüquqlarını müdafiə etmək üçün lazımi tədbirlər görə bilərlər. Belə ki həmin mahnını icazəsiz oxuyan şəxsləri şikayət edə, məhkəməyə verə və hətta maddi kompensasiya tələb edə bilərlər”.
Vüsalə Muradxanlı onu da əlavə edib ki, müəllifin vərəsələri ilə mahnını ifa etmək istəyən şəxs arasında yazılı razılaşma olur və bu razılaşmada ödənişli və ya təmənnasız razılıq verildiyi mütləq qeyd edilir: “Razılıq əldə olunduqdan sonra mahnını ifa etmək istəyən şəxsə səlahiyyət vermiş olur”.
Bütün bu sadalananların yekunu kimi prosesə, birmənalı şəkildə, cavabdehlik daşıyan qurumun da qapısını döydük. Əqli Mülkiyyət Agentliyindən sorğumuza verilən cavabda bildirilib ki, qeyd edilən mahnı (Yaqub Zurufçunun “Dəniz” mahnısı) açıqlanmış əsərdir və ifaçılar tərəfindən bu əsər müəllifinin hüququna riayət etmək şərti ilə ifa edilə bilər:
“Bu halda mahnının müəlliflərinin adları mütləq şəkildə qeyd edilməlidir. Onu da qeyd etmək lazımdır ki, mahnının müəllifləri və ifaçı arasında hər hansı mübahisə olduğu halda, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 45-ci maddəsinin 1-ci bəndinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər”.
Beləliklə, mövzu ətrafında fikirlərimizi yekunlaşdırası olsaq, birinci növbədə, qeyd edilməlidir ki, Azərbaycanda müəlliflik hüququ anlayışı ilə bağlı kifayət qədər bilgisizlik mövcuddur. Müəlliflik hüququ anlayışı təkcə mahnı bəstəsi və ifasını özündə ehtiva edən proses deyil. Əqli mülkiyyətlə bağlı bütün bu kimi məsələlər özlüyündə müəlliflik hüququ prinsipini saxlayır ki, bu da tez-tez yuxarıdakı formada mübahisəli məqamların, məhkəmə çəkişmələrinin ortaya çıxmasına səbəb olur.
Tamaşaçı sevgisini qazanmış bir mahnıya yeni nəfəs verməkdə, onu təzə aranjemanda təqdim etməkdə, əlbəttə ki, problem yoxdur. Biz bu kimi halları dünya praktikasında dəfələrlə görmüşük. Sadəcə, işin həssas tərəfi təkcə tamaşaçını razı salmaqla yekunlaşmamalıdır. Çünki sadalanan qanuni tərəfləri bir qırağa qoysaq, mahnı müəllifindən, yaxud ən pis halda, onun yaxınından (hüquqi dildə varisindən) icazə almaq, ən azından, etik prizmadan arzuolunandır.