Menu
Xəbər Lenti
Laçına qar yağır
Bugün, 08:54

Laçına qar yağır

Füzuli Şəhəri Günüdür
17-10-2025, 05:51

Füzuli Şəhəri Günüdür

Zelenski ABŞ-yə getdi
17-10-2025, 05:49

Zelenski ABŞ-yə getdi

21 Ekm 14:41Manşet / Gündəm / Sosial

Cəbhədən doğma Xankəndiyə– Şamxal Adıgözəlovla müsahibə

 

O, illərlə səngərlərin səsini, torpağın qoxusunu, Vətənin nəfəsini lentə alan, müharibənin alovunda reportajları ilə yadda qalan, indi isə  doğma Xankəndidə yenidən həyat quran bir jurnalist – Şamxal Adıgözəlovdur … İndi onun hər günü qələbənin, qayıdışın və Vətən sevgisinin səssiz şeiridir.

“Doğma Xankəndidə yaşayıb işləmək mənim üçün ən böyük xoşbəxtlikdir” – deyən  jurnalist Şamxal Adıgözəlovla müsahibəni siz Gundelik.az oxucularına təqdim edirik: 

 Mənim jurnalistikaya gəlişim təsadüfi olmadı. Uşaqlıqdan sözün, informasiyanın gücünə inanırdım. 2006-ci ildən müxtəlif media orqanlarında çalışmağa başladım. İlk iş yerim Trend informasiya agentliyinin Qarabağ bölgə müxbiri oldu. Əsas fəaliyyətim Qarabağla bağlı olub. Uzun illər, 2007- ci ildən etibarən Xəzər Televiziyasının Qarabağ üzrə bölgə müxbiri kimi çalışdım, sonralar eyni zamanda, Report İnformasiya agentliyində, Baku TV-nin Qarabağ bürosunda fəaliyyət göstərdim. Mənim üçün bu sahə sadəcə peşə deyil, bir missiya idi. Qarabağın həqiqətlərini dünyaya çatdırmaq.
Cəbhə müxbiri olmaq çox çətin və məsuliyyətli işdir. O illər sizdə hansı təəssüratları buraxdı?
– Biz cəbhə xəttində olanda təkcə hadisəni deyil, insan talelərini görürdük. Səngərlərdə, atəş altında çəkiliş aparmaq, əsgərlərimizin ruhunu, döyüş əzmini göstərmək həm çətin, həm də qürurverici idi. Ermənilərin cəbhə kəndlərimizi tez-tez atəşə tutduğu vaxtlarda mən tez-tez təmas xəttindən reportajlar hazırlayırdım. O zaman hər xəbər həm təhlükə, həm də vətən sevgisi demək idi.
Şamxal müəllim, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Vətən müharibəsində də fəaliyyət göstərmisiniz. Bu dövrlər sizin üçün necə yadda qaldı?
– Aprel döyüşləri mənim jurnalist həyatımda dönüş nöqtəsi idi. Biz orduya çox yaxın idik, əsgərlərin iradəsini, xalqın birliyini öz gözlərimizlə gördük. 44 günlük Vətən müharibəsində isə həm Xəzər TV, həm də Baku TV-nin müxbiri kimi ön xəttdən reportajlar verdim. Hər gün atəş səsləri altında, bəzən bir kənd azad olunarkən o sevincin şahidi olmaq insanın ömrü boyu unutmayacağı hissdir. Qələbə xəbərlərini xalqa çatdırmaq mənim üçün ən böyük fəxr idi.
Müharibədən sonra Qarabağda bərpa və yenidənqurma işlərini də yaxından izləyirsiniz. Bu barədə fikirləriniz önəmlidir.
– Bəli, bu gün Qarabağ dirçəlir. Azad edilmiş torpaqlarda “Böyük Qayıdış” prosesi sürətlə davam edir. Mən də həmin prosesin içindəyəm həm peşəkar, həm də mənəvi baxımdan. Hazırda Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıram. Bu iş mənim üçün sadəcə peşə deyil, bir missiyadır. Biz bu torpaqlarda həm yenidənqurmanı, həm də həyatın geri dönüşünü görürük.
Deyə bilərsinizmi, doğma Xankəndidə yaşayıb işləmək necə bir hissdir?
-Mən əslən Xankəndindənəm. Uşaqlığımın, xatirələrimin, ata-baba yurdumun torpağı buradır. İllər sonra doğma şəhərimə qayıtmaq, burada yaşayıb işləmək mənim üçün sözlə ifadə olunmaz hissdir. Hər səhər Xankəndidə oyanmaq, bu küçələrdə addımlamaq mənim üçün həyatın mənasıdır. Doğma yurda qayıtmaq, azad torpaqlarda işləmək bundan böyük xoşbəxtlik ola bilməz.
Bu illərin sizə qazandırdığı ən böyük dərs nə oldu?
– Mən öyrəndim ki, insan vətənini təkcə sevməklə deyil, onun uğrunda işləməklə, təbliğ etməklə yaşadır. Kamera mənim üçün təkcə çəkiliş vasitəsi deyil, həqiqətin silahıdır. İndi isə o həqiqəti artıq azad Xankəndidən, doğma yurdumdan paylaşmaq mənim üçün həyatın ən böyük mükafatıdır.
Biz də Gundelik.az xəbər portalı olaraq Şamxal Adıgözəlova uğurlar arzu edirik! 
Gundelik.az