Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir"
Ölkə başçısının qızları şəhid evinə belə getmişdilər, Mingəçevirin icra başçısı isə….-Fotolar
"The Telegraph" Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: "Putin taxtdan salınacaq"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Pərvanə İmamquliyevanın Konstitusiya və Suverenlik ili ilə səsləşən tədqiqat əsərindən bir hissə
Elmi işlərin yerinə yetirilməsi metodikası
Elmi layihələrin, diplom və dissertasiya işlərinin uğurlu
hazırlanmasına dair vəsait
Rəyçilər: Akademik, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov
Prof. Həbibulla Rzayev
Elmi redaktor: Dos. t.ü.f.d. Ərəstun Məmmədov.
Pərvanə İmamquliyeva. Elmi işlərin yerinə yetirilməsi metodikası. Elmi layihələrin, diplom və dissertasiya işlərinin uğurlu hazırlanmasına dair vəsait.
Bakı: “Təhsil” Nəşriyyatı, 2026.
Kitabda Rus imperiyasının müstəmləkə əlavəsinə çevrilmiş Azərbaycanda hüquq sisteminin xüsusiyyətləri fəlsəfi quruluşuna diqqət yetirilərək elmi işlərin planlanması və yerinə yetirilməsinin praktiki yolları göstərilmişdir. Burada elmi tədqiqatın əsasını, strukturunu, səviyyələrini və uyğun metodlarını əhatə edən suallar dərindən araşdırılır, elmi işin tərtibi üçün tövsiyyələr verilir.
Kitab tələbə, doktorant və elmi işlə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
ISBN: 978-9953-8066-3-8
İxtisarla
Giriş
Cəmiyyət həyatının müxtəlif sahələrini tənzimləyən qaydalar sistemi hələ e.ə. VI-IV minilliklərdə, yəni enolit dövründə təşəkkül tapmağa başlayıb. Bu qaydalar bəşəriyyətin dövlətçilik tarixinin bütün mərhələlərində, min illər ərzində yalnız hakim zümrələrin maraqlarınıüstün tutması ilə fərqlənib. İlk dövlətlərin meydana gəldiyi Qədim Şərqə məxsus bütün cəmiyyətlərin xarakterik xüsusiyyətlərini özündə ehtiva edən Hammurapi qanunlarını bu fikrin gerçəkliklə uzlaşdığını təsdiq edən bariz örnək kimi göstərmək olar. Qədim Babilistan dövlətinin ən görkəmli hökmdarı Hammurapinin (e.ə. 1792-1750) tərtib etdirdiyi qanunlar toplusu müstəbid hökmdar hakimiyyətini və hakim zümrənin mövqeyini möhkəmlətməyə xidmət edirdi. Əsrlər, ictimai-iqtisadi formasiyalar biri digərini əvəz etsə də, keçmiş dönəmlərə dair hüquqi sistemlərə xas olan bu özəllik mahiyyət baxımından dəyişməyib.
Bütün zamanların ən böyük filosofu hesab edilən Aristotelə (e.ə. 384-322) görə yalnlz hakimiyyətdə olanların rifahına xidmət edən dövlət quruluşu deyil, ümumi faydanı nəzərə alan dövlət idarəetmə sistemi ədalət baxımından doğru hesab edilə bilər. Hakimiyyətdə olanların rifahına xidmət edən quruluşlar isə hökmranlığa əsaslandığından ədalətli dövlət quruluşu kimi təqdim edilə bilməz. Ədalət bərabərlikdir. Ancaq hamı üçün deyil, bərabərlər üçün bərabərlikdir, azad olmayan insanlar üçün bərabərsizlik də ədalətdir.
Aristotel insanlara münasibətdə ayrıseçkiliyə yol verən dövlət idarə üsuluna bəraət qazandırsa da, qədim dönəmlərə xas olan hüquqi sistemlərin xüsusiyyətlərini və bu sistemlər üzərində qərar tutan dövlət idarə üsulunun səciyyəvi cəhətlərini fəlsəfi tərzdə dürüst əks etdirib.
Uzun müddət yalnız “bərabərlər üçün bərabərlik” prinsipinə əsaslanan hüquqi sistemlər bəşəriyyətin cığır daşı olub. Sonralar qərb aləmi Tomas Hobbs (1588-1679), Con Lokk (1632-1704), Şarl de Monteskyu (1689-1755), Jon Jak Russo (1712-1778), Con Stüart Mill (1806-1873) və başqa qüdrətli zəka sahiblərinin ideyalarını mənimsəyərək insanların qanun qarşısında bərabərliyini, hüquq və azadlıqlarını, can və mülkiyyət təhlükəsizliyini təmin edən dövlət quruculuğu sahəsində böyük nailiyyətlər əldə etdi. Qərb ölkələrindəki cəmiyyətlərdə hüquq sisteminə münasibətdə fərdi şüurun ictimai şüurdan geri qalmasına son qoyuldu, ictimai və milli maraqlara alturist münasibət formalaşdı. Başqa cür ifadə etsək, cəmiyyətin milli, ictimai problemlərə yanaşması valideynin öz övladının qayğılarına olan münasibətinə bənzəməyə başladı.
“Hüquq” sözü “Haqq” kəlməsinin cəm formasıdır. Bu sözlər ərəb dilindən doğma dilimizə keçərək xalqımızın düşüncə tərzilə uzlaşıb. “Hüquq” termini “doğru” sözünün məna çalarlarını özündə ehtiva edir. Geniş anlamda doğru davranmaq, qanuna uyğun davranmaq, konkret situasiyada qanunu doğrultmaq, təsdiq etmək və doğruya tuş gəlmək kimi çoxşaxəli məzmun yükü daşıyır. Qanuna uyğun şəkildə davranmaq insanın qanunun təyin etdiyi həddi aşmaması, qanunun cızdığı xəttə tuş olması anlayışını ifadə edir.
Ərəblərdə hüququn “Haqq” (“doğru”) kəlməsindən yaranması, ingilislərdə isə hüququn “düz”, “doğru” mənasını verən “right” sözündən doğulması bununla bağlıdır.
İslam aləminin tərkib hissəsi olduğundan Azərbaycanda şəriət uzun müddət hüquq sisteminin təməlində qərar tutub. Ərəb sözü olan şəriət təlimat, qanun mənasını əks etdirir. XI-XII əsrlərdə mükəmməl surətdə işlənmiş, inkişaf etmiş feodalizm dövründə tamamlanmış bu qanun külliyatının əsasında Quran və sünnə durur. Şəriət dövlət hüquq normalarını, iltizam, irsi, cinayət və ailə-nikah məsələlərini, mühakimə üsulunu və qəyyumluq haqqında təlimatları ehtiva edir. Şəriətin təlqin etdiyi fikirlərdən biri də budur ki, haqlar insana Allah-təala tərəfindən verilib. Elə bu amil Allah-təalanın adlarından birinin Haqq olmasını şərtləndirib.
Azərbaycanda şəhər və kənd yerli özünüidarə ənənələri olub. Yerli özünüidarənin bir forması olan kənd yığıncaqları kənd icmalarının həyatında çox mühüm rol oynayırdı. Bu yığıncaqlarda kəndxuda, onun köməkçiləri, xüsusi vəkilləri, mirablar, cuvarlar və digər kənd funksionerləri seçilirdi. Seçilən şəxslər həm kəndin özündə, həm də kəndin yerləşdiyi bölgədə ictimai asayişin qorunmasına da cavabdeh idilər.
Rusiya imperiyası hələ Şimali Azərbaycanı tam işğal etməmiş tutduğu ərazilərdə yerli idarəçilik üsullarını ləğv edib hərbi komendant rejimi yaratdı.
Rusiya imperiyasının Azərbaycanda qurduğu müstəmləkə rejimi çarın xüsusi fərmanı ilə 1836-cı ildə alban kilsəsini ləğv edib erməni kilsəsinin bir qoluna çevirdi.
1865-1870-ci illərdə qəbul edilən əsasnamələrə görə kənd yığıncaqları tərəfindən seçilmiş kəndxudaların bu vəzifələrə təyinatı və təsdiq olunması səlahiyyəti bilavasitə qubernatorun ixtiyarına verilirdi. Çarizmin Azərbaycanda tətbiq etdiyi hüquqi diskrinimasiya siyasətinə dair bu qəbildən olan faktları istənilən qədər artırmaq olar. Bu durum Azərbaycan xalqı istiqlaliyyətə qovuşanadək davam etdi. Azərbaycan Xalq Cümhuriyyətinin hüquq sistemində parlament olduqca mühüm rol oynadı. 1919-cu ilin yanvar ayının 16-da qəbul edilən “Məbusluq və məmurluq” qanununa görə idarəedici hakimiyyət qanunverici hakimiyyətdən dəqiq surətdə ayrıldı.
1919-cu ilin avqust ayının 26-da qəbul edilmiş vətəndaşlıq haqqında qanuna əsasən Azərbaycanda doğulan bütün insanlar milliyyətindən, dinindən, dilindən, cinsindən asılı olmayaraq bu ölkənin tam hüquqlu vətəndaşı hesab olunurdu.
1919-cu ilin oktyabr ayının 30-da Azərbaycan parlamentinin qəbul etdiyi “Mətbuat haqqında qanun” xüsusi həmiyyət daşıyırdı. Bu qanuna görə istənilən adam çox sadə şəkildə mətbuat orqanı açmaq hüququ əldə etmiş olurdu. İqtisadi xarakterli məsələlər istisna olmaqla həmin mətbuat orqanının fəaliyyətinə müdaxilə etmək hakimiyyət strukturlarına qadağan edilmişdi.
Azərbaycan parlamentinin qəbul etdiyi çoxsaylı qanun və qərarların cüzi bir hissəsini təşkil edən bu örnəklər dövlətçilik baxımından xalqımızın inkişaf səviyyəsini göstərməklə yanaşı, dövlətçilik tariximizin dünya dövlətçilik tarixində xüsusi yeri olduğunu deməyə əsas verir.
1920-ci ildə Azərbaycan Rusiyada hakimiyyətə yiyələnmiş kommunist-bolşevik rejimi tərəfindən yenidən işğal edildi. Azərbaycan Xalq Cümhuriyyətinin fəlsəfi və hüquqi dövlətçilik konsepsiyası “türkləşmək, müasirləşmək və islamlaşmaq” düsturu üzərində qurulmuşdu. Sovet dövrü dövlətçiliyimizin bu üç təməl prinsipinin məhv edilməsilə xarakterizə olunur. “Türkləşmək” pantürkizm, panturanizm, “islamlaşmaq” panislamizm kimi yozuldu və sonralar bu ifadələr ittiham şəklində kütləvi repressiyanın generatoruna çevrildi. Müasirləşmək isə spvetləşmək məzmunundan ibarət oldu.
Cümhuriyyətimizə qarşı yönələn repressiya 1936-cı il konstitusiyası vasitəsilə hüquqi baxımından təsbit olundu. Ümumiyyətlə, sovet dönəmində qəbul edilən bütün hüquqi sənədlər hər şeydən öncə Moskvanın imperiya maraqlarına xidmət etməsilə fərqlənib.
Azərbaycan 1991-ci ildə yenidən müstəqilliyinə qovuşdu. Dünyanın siyasi xəritəsində yer alan Azərbaycan Respublikası özünü 1919-1920-ci illərdə mövcud olmuş cümhuriyyətinin varisi elan etdi. Ötən zaman ərzində qəbul edilən hüquqi sənədlər külliyatı, o sıradan 1995-ci ildə referendum vasitəsilə qəbul edilən konstitusiyanın başlıca funksiyası dövlətçiliyi möhkəmləndirməkdən ibarətdir. Vətən müharibəsində qazanılan möhtəşəm qələbə bu konstitusiyada əksini tapan ilkin niyyətin gerçəkləşməsini, yəni Azərbaycanın ərazi bütövlüyü və dövlətin suverenliyi ilə bağlı problemin çözülməsini təmin etdi.
1995-ci il konstitusiyasında təsbit olunan digər təməl prinsiplərin kağız üzərində qalmayacağına, tətbiq ediləcəyinə ümid edir və inanırıq.
Çar Rusiyası işğalın ilk günlərindən başlayaraq Azərbaycan xalqının həyatının bütün sahələrinə - siyasi, iqtisadi, sosial sahələrə müdaxilə etməyə başladı. Çarizmin məqsədləri sırasında Rusiyanın Avropa hissəsində mövcud olan hüquq sistemini Azərbaycanda tətbiq etmək niyyəti də var idi. Amma bütün cəhdlərə baxmayaraq buradakı 100 ildən artıq ağalığı dövründə buna sonadək nail ola bilmədi. Bunun başlıca səbəbi Azərbaycanda şifahi şəkildə mövcud olan hüquq-məhkəmə sistemi idi. Bu sistemin kökləri tarixin dərin qatlarına işlədiyindən cəmiyyətlə güclü şəkildə qol-boyun olmuşdu. Odur ki, işğalçılar bu sistemi müsəlman cəmiyyətinin hüquqi məhkəmə həyatından silib ata bilmədilər.
Bu araşdırma tarixi yaddaşa növbəti müraciətdir. Amma ədaət prinsipi üzərində qərar tutan, kökləri uzaq keçmişə uzanıb gedən Azərbaycan məhkəmə-hüquq sisteminin tarixi konstekstindən edilən müraciətdir. Xalqımızın milli mənliyinin qorunub saxlanılmasında bu məhkəmə hüquqi sistemin əhəmiyyətli dərəcədə rolu artıb.
Bu yerdə repressiya dönəmində kommunsit-bolşevik rejimi tərəfindən güllələnən Səməd Mənsurun misralarını xatırlamaq yerinə düşür:
Hüquq, hüquq, nə gözəl şey, yetişməz isə əlim
Mən ölmüş olsam unutma hüquqa həsrətimi
Bu poetik etüd şairin timsalında xalqımızın hüquq, haqq-ədalət, azadlıq təşnəsi olduğunu bir daha təsdiq edir.
Araşdırmanın digər məqsədi Azərbaycan hüquq sisteminin tarixi fonunda oxucunu dünyanın qanunvericilik, qanunyaradıcılıq tarixinin ibrətamiz örnəkləri ilə tanış etməkdir.
Davamı var.





















































