Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
8-10-2026, 08:30

Neftimiz bahalaşdı

11 Ekm 10:30Manşet / Gündəm

Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model

 

"Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin sürətli inkişafı son illərin mühüm regional proseslərindən biridir. Lakin bu prosesin diqqətəlayiq cəhəti yalnız siyasi dialoqun intensivləşməsi və ya qarşılıqlı ticarətin artması deyil. Daha dərin dəyişiklik iqtisadi münasibətlərin öz mahiyyətində baş verir. Azərbaycan və Mərkəzi Asiya ölkələri tədricən klassik “alıcı-satıcı” münasibətlərindən uzaqlaşaraq birgə investisiya qoyan, istehsal edən və üçüncü bazarlara birlikdə çıxmağa çalışan yeni iqtisadi tərəfdaşlıq modelinə keçirlər". 

Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının VIII Məşvərət görüşündə səsləndirdiyi rəqəmlər bu transformasiyanın miqyasını aydın göstərir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Hazırda ölkəmizdə Mərkəzi Asiya kapitalı ilə 400-dən artıq şirkət fəaliyyət göstərir. Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yüz milyonlarla dollar kapitala malik birgə investisiya mexanizmləri yaradıb.

Lakin burada əsas məsələ rəqəmlərin özündən daha çox onların arxasında dayanan iqtisadi fəlsəfədir. Uzun illər postsovet məkanında ölkələrarası iqtisadi əlaqələrin əsas göstəricisi ticarət dövriyyəsinin həcmi hesab edilirdi. İxrac və idxal artırdısa, münasibətlərin uğurla inkişaf etdiyi qənaətinə gəlinirdi. Müasir iqtisadi reallıq isə daha mürəkkəb model tələb edir. Davamlı iqtisadi tərəfdaşlıq yalnız hazır məhsulların qarşılıqlı satışına deyil, kapitalın, texnologiyanın, istehsal imkanlarının və bazarların birləşdirilməsinə əsaslanmalıdır.

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında indi belə bir mərhələyə keçid müşahidə olunur.
Deputat bildirib ki, birgə investisiya fondlarının yaradılması bu mənada strateji əhəmiyyət daşıyır. Onların funksiyası yalnız ayrı-ayrı layihələrin maliyyələşdirilməsi ilə məhdudlaşmır. Bu mexanizmlər müxtəlif ölkələrin dövlət və özəl kapitalını vahid layihələr ətrafında birləşdirərək iqtisadi maraqların uzunmüddətli şəkildə uzlaşmasına imkan yaradır.

Başqa sözlə, bir ölkənin digərinə investisiya qoyduğu ənənəvi modeldən fərqli olaraq, burada söhbət ortaqlı kapital əsasında ortaq iqtisadi marağın yaradılmasından gedir. Azərbaycan-Özbəkistan əməkdaşlığı bunun bariz nümunəsidir. 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti artıq müxtəlif layihələrin həyata keçirilməsi üçün real platformaya çevrilib.

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun kapitalının 200 milyon dollara qədər artırılması barədə qərar isə göstərir ki, bu mexanizmlər simvolik xarakter daşımır, onların real iqtisadi çəkisi davamlı şəkildə artır. Qazaxıstanla isə Astana Beynəlxalq Maliyyə Mərkəzində 300 milyon dollar ilkin kapitalla birgə investisiya fondunun yaradılması razılaşdırılıb və bu fondun layihələri yalnız iki ölkəni deyil, üçüncü ölkələri də əhatə etməlidir.

"Prezident İlham Əliyev Məşvərət görüşündə xüsusi vurğuladı ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün bu fondların potensialından daha fəal istifadə olunmalıdır. Bu yanaşmanın əsas nəticəsi isə istehsal kooperasiyasının genişlənməsi ola bilər.

Azərbaycan və Mərkəzi Asiya ölkələrinin iqtisadi strukturları bir çox istiqamətlərdə bir-birini tamamlayır. Region zəngin təbii ehtiyatlara, kənd təsərrüfatı imkanlarına, sənaye potensialına və geniş istehlak bazarına malikdir. Azərbaycan isə inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu, enerji sistemi, əlverişli investisiya mühiti və Türkiyə ilə Avropa bazarlarına çıxış imkanları təqdim edir. 

Bu potensialların birləşdirilməsi tamamilə yeni iqtisadi effekt yarada bilər" – deyən millət vəkili əlavə edib ki, məqsəd artıq Mərkəzi Asiyada istehsal olunan məhsulun Azərbaycana, Azərbaycanda istehsal olunan məhsulun isə Mərkəzi Asiyaya satılması ilə məhdudlaşmamalıdır. Daha perspektivli model məhsulun birlikdə istehsalı, əlavə dəyərin region daxilində yaradılması və hazır məhsulun üçüncü ölkələrin bazarlarına birgə çıxarılmasıdır.

Prezident İlham Əliyevin “Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq” fikri də bu yeni mərhələnin strateji istiqamətini müəyyənləşdirir.

Əslində, belə bir yanaşma Mərkəzi Asiya və Azərbaycanın qlobal iqtisadi sistemdə mövqeyini də dəyişə bilər. Ayrı-ayrılıqda bu ölkələrin hər biri orta ölçülü bazara malikdir. Lakin istehsal, investisiya, logistika və kapital baxımından əlaqələndirilmiş iqtisadi məkan daha böyük miqyas və daha yüksək rəqabət qabiliyyəti yaradır.

Bu, xüsusilə bugünkü qlobal iqtisadi şəraitdə aktualdır. Dünya iqtisadiyyatında təchizat zəncirlərinin yenidən qurulduğu, şirkətlərin alternativ istehsal və logistika məkanları axtardığı bir vaxtda Azərbaycan-Mərkəzi Asiya coğrafiyası yeni investisiya platformasına çevrilmək imkanına malikdir. Burada söhbət yalnız xarici kapital cəlb etməkdən getmir. Region ölkələrinin öz kapitalını birləşdirərək iri layihələr formalaşdırması onların iqtisadi müstəqilliyini və danışıqlar imkanlarını da gücləndirir.

Bu kontekstdə Azərbaycanın rolu xüsusi əhəmiyyət kəsb edir: "Ölkəmiz həm kapital ixrac edən, həm investisiya qəbul edən, həm istehsal imkanlarına malik olan, həm də Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə əlaqələndirən iqtisadi mərkəz funksiyasını yerinə yetirə bilir.
Beləliklə, yeni iqtisadi modelin əsas formulu ticarət deyil, birgə dəyər yaratmaqdır. Ticarət dövriyyəsinin artması bu prosesin başlanğıcıdır, son məqsədi deyil.

Strateji nəticə o zaman əldə olunacaq ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında kapital, istehsal, sənaye kooperasiyası, logistika və satış bazarları vahid iqtisadi zəncirin elementlərinə çevrilsin". "Formalaşmaqda olan model Azərbaycanla Mərkəzi Asiya arasında münasibətlərin strukturunu dəyişir: Ölkələr bir-biri üçün yalnız ticarət tərəfdaşı değil, getdikcə daha çox ortaq investor, ortaq istehsalçı və qlobal bazarlarda ortaq iqtisadi aktora çevrilirlər. Bu isə region daxilində yeni iqtisadi qarşılıqlı asılılığın və uzunmüddətli strateji tərəfdaşlığın formalaşması deməkdir" – deyə millət vəkili vurğulayıb.

Pərvin Şakirqızı 
Moderator.az/ Redaktor