Menu
Xəbər Lenti
Anar Rzayevə ağır itki
5-11-2026, 07:54

Anar Rzayevə ağır itki

08 Kas 11:00Manşet / Gündəm / Sosial

Bakı şəhəri Sabunçu RPİ-nin rəisi polis polkovniki Cavid Vidadi oğlu Muradov: ZƏFƏR – AZƏRBAYCANIN TARİXƏ HƏKK ETDİYİ ƏBƏDİ QƏHRƏMANLIQ DASTANI!

 

Azərbaycan xalqının tarixində 8 Noyabr – Zəfər Günü belə hadisələrin ən möhtəşəmidir. Bu gün xalqımızın qürur mənbəyi, dövlətimizin qüdrətinin təcəssümü, milli birliyimizin və sarsılmaz iradəmizin təntənəsidir. Zəfər Günü yalnız bir tarixi hadisənin ildönümü deyil, həm də Azərbaycan xalqının öz torpağına, dövlətinə və milli dəyərlərinə bağlılığının əbədi ifadəsidir.


Uzun illər ərzində Qarabağın işğal altında qalması hər bir azərbaycanlının ürəyində sağalmaz yara, dərin nisgil yaratmışdı. Doğma yurdlarından didərgin düşən insanların qayıdış arzusu, şəhid ailələrinin ədalət gözləntisi, xalqımızın torpaq həsrəti heç vaxt unudulmadı. Azərbaycan xalqı inanırdı ki, haqq-ədalət gec-tez öz yerini tapacaq, üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalanacaq.


Bu inamın arxasında güclü dövlətçilik siyasəti, möhkəm iqtisadiyyat, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi dayanırdı. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun uğurla davam etdirilməsi Azərbaycanın qüdrətlənməsində mühüm rol oynadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün istiqamətlərdə inkişaf etdi, beynəlxalq mövqelərini möhkəmləndirdi, ordumuzun döyüş qabiliyyəti yüksəldi.


2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin sınağa çəkildiyi tarixi mərhələ oldu. Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarına başladı. Bu müharibə xalqımızın yalnız hərbi gücünü deyil, həm də mənəvi bütövlüyünü, milli həmrəyliyini və Vətən sevgisini nümayiş etdirdi.


44 gün davam edən müharibə ərzində Azərbaycan əsgəri öz qəhrəmanlığı ilə dünya hərb tarixinə yeni səhifələr yazdı. Düşmənin illərlə qurduğu istehkamlar, müdafiə xətləri, hərbi mövqelər ordumuzun qarşısında davam gətirə bilmədi. Azərbaycan hərbçiləri mürəkkəb relyef şəraitində, ağır döyüşlərdə, böyük çətinliklər qarşısında belə geri çəkilmədilər. Onların hər addımında Vətən sevgisi, hər hücumunda qələbə əzmi, hər qələbəsində xalqımızın iradəsi görünürdü.


Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müharibə dövründə nümayiş etdirdiyi siyasi qətiyyət və liderlik keyfiyyətləri Zəfərimizin mühüm amillərindən biri oldu. Dövlət başçısı həm döyüş meydanında ordumuzun uğurlarına rəhbərlik edir, həm də beynəlxalq informasiya məkanında Azərbaycanın haqq mövqeyini müdafiə edirdi. Onun xarici media nümayəndələrinə verdiyi müsahibələr, beynəlxalq auditoriyaya ünvanladığı mesajlar ölkəmizin haqlı mövqeyinin dünyaya çatdırılmasında mühüm əhəmiyyət daşıdı.


Azərbaycan Ordusunun ardıcıl uğurları xalqımızın qələbəyə olan inamını daha da artırdı. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və digər yaşayış məntəqələrinin azad olunması tarixi ədalətin bərpasına doğru atılan mühüm addımlar idi. Hər bir azad edilmiş yaşayış məntəqəsi bir ailənin ümidini, bir şəhidin arzusunu, bütöv xalqın illərlə gözlədiyi sevinci özündə birləşdirirdi.


Və nəhayət, 8 noyabr 2020-ci il... Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan gün! Şuşanın işğaldan azad edilməsi xəbəri bütün ölkədə misilsiz sevinc və qürur hissi yaratdı. Azərbaycan Ordusunun qəhrəman hərbçiləri sıldırım qayaları, çətin dağ yollarını aşaraq Şuşanı azad etdilər. Bu əməliyyat hərb tarixində xüsusi yer tutan qəhrəmanlıq nümunəsi kimi yadda qaldı.


Şuşanın azad edilməsi Azərbaycan xalqının mənəvi qələbəsi idi. Çünki Şuşa Azərbaycanın mədəniyyət beşiyi, musiqi məbədi, milli ruhunun sarsılmaz qalasıdır. Bu şəhərdən yüksələn qələbə xəbəri bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan öz tarixi torpaqlarına sahib çıxmaq əzmində olan güclü dövlətdir.


Zəfərimizin ən böyük dəyəri isə onu bizə bəxş edən qəhrəmanlarımızdır. Şəhidlərimiz Vətən uğrunda canlarından keçərək əbədiyyətə qovuşdular. Onların qanı ilə yazılan bu tarix heç zaman unudulmayacaq. Hər bir şəhidin həyat yolu, döyüş meydanında göstərdiyi igidlik, ailəsinin Vətənə bəxş etdiyi qəhrəman övlad xalqımız üçün müqəddəs mənəvi sərvətdir.


Vətən müharibəsində şəhid olanlar sırasında polis əməkdaşlarımızın da olması xüsusi ehtiramla xatırlanmalıdır. Azərbaycan polisi yalnız asayişin qorunması ilə deyil, Vətən qarşısında üzərinə düşən digər məsuliyyətli vəzifələrin icrası ilə də yadda qaldı. Döyüş bölgələrində xidmət aparan, təhlükəli şəraitdə tapşırıqları yerinə yetirən, xalqımızın təhlükəsizliyi naminə fədakarlıq göstərən polis əməkdaşlarımızdan bəziləri şəhidlik zirvəsinə ucaldı. Onların qəhrəmanlığı Azərbaycan tarixinin şərəfli səhifələrində öz layiqli yerini tutub. Şəhid polis əməkdaşlarımızın xatirəsi qarşısında baş əyir, onların ailələrinə dərin ehtiramımızı bildiririk.


Qazilərimiz də Zəfər tariximizin unudulmaz qəhrəmanlarıdır. Onlar bədənlərində müharibənin izlərini daşısalar da, qəlblərində Vətən sevgisini və qələbə qürurunu yaşadırlar. Hər bir qazinin fədakarlığına hörmətlə yanaşmaq, onların problemlərinə həssaslıq göstərmək, sosial rifahlarının yaxşılaşdırılmasına dəstək olmaq cəmiyyətimizin mənəvi məsuliyyətidir.


Bu gün Zəfərin nəticələri azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində aydın görünür. Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, müasir yaşayış məntəqələri salınır, yollar çəkilir, hava limanları, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edilir. Uzun illər doğma yurdlarından ayrı düşmüş ailələr öz ata-baba torpaqlarına qayıdırlar. Bu qayıdış xalqımızın tarixi yaddaşının, milli ruhunun və dövlətimizin gücünün təntənəsidir.


Zəfərdən sonra Azərbaycanın qarşısında yeni hədəflər və vəzifələr dayanır. Dövlətimizin iqtisadi qüdrətinin artırılması, milli təhlükəsizliyimizin möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, şəhid ailələrinə və qazilərə diqqət göstərilməsi hər birimizin üzərinə düşən mühüm vəzifələrdir.


8 Noyabr bizə bir həqiqəti öyrətdi: Vətən sevgisi sözdə deyil, əməldə sübut olunur. Azərbaycan əsgəri bu həqiqəti öz qanı və canı ilə təsdiqlədi. Xalqımız bir daha nümayiş etdirdi ki, milli birlik və dövlətçilik iradəsi qarşısında heç bir qüvvə dayana bilməz.


Bu gün Azərbaycan qalib dövlətdir, Azərbaycan xalqı qalib xalqdır. Üçrəngli bayrağımızın azad torpaqlarımızda dalğalanması şəhidlərimizin müqəddəs arzularının gerçəkləşməsi, xalqımızın uzun illər davam edən mübarizəsinin bəhrəsidir.


Zəfər tariximizi gələcək nəsillərə çatdırmaq, qəhrəmanlarımızın adlarını yaşatmaq, onların göstərdiyi fədakarlığı təbliğ etmək hər bir azərbaycanlının borcudur. Çünki tarixini unutmayan xalq gələcəyini daha inamla qurur.


Əziz həmvətənlər!


Sizi 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər bir Azərbaycan ailəsinə xoşbəxtlik, sağlamlıq, firavanlıq və əmin-amanlıq arzulayıram. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyir, rəşadətli Azərbaycan Ordusuna daim uğurlar arzulayıram.


Qoy dövlətimizin müstəqilliyi əbədi, xalqımızın birliyi sarsılmaz, Azərbaycanımızın qüdrəti daim artan olsun! Üçrəngli bayrağımız həmişə zirvələrdə dalğalansın!


Zəfərimiz mübarək, Azərbaycanımız var olsun!


8 Noyabr – Zəfər Günümüz mübarək olsun!


Qarabağ Azərbaycandır!


 

Xəzər Səfərli

Xüsusi müxbir