Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Qarabağda 197 yeni təhsil müəssisəsi açılacaq - "Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın şərhi
Prezident İlham Əliyevin 16 noyabrda imzaladığı sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqləndi.
Dövlət Proqramı çərçivəsində, işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin (səhiyyə, sosial müdafiə, mədəniyyət və idman, məktəblər və məktəbəqədər uşaq-tərbiyə müəssisələrinin qurulması və digər ictimai xidmətlərin təşkili) yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşacaq əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, mədəniyyət və idman obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması planlaşdırılır.
Tədbirlər planına əsasən Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.
Sənəddə qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.
Elm və təhsil naziri Emin Əmrullayev ötən gün Qarabağda məktəblərin tikinti işlərindən bəhs edərkən Şuşa və Füzulidə məktəb tikintisi növbəti tədris ilinin əvvəlinə kimi bitəcəyini qeyd edib.
“Zəngilan, Kəlbəcər və Cəbrayılda məktəb tikintisinin ilkin işlərinə başlanılıb. Digər məktəblərin də layihələndirmə işlərinə başlanılacaq. Ən müasir və ən yaxşı təchiz olunmuş infrastruktur qurulacaq”, – deyə nazir əlavə edib.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Trend-ə açıqlamasında bildirib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” həmin ərazilərə qayıdacaq vətəndaşlarımızın keyfiyyətli və müasir tələblər çərçivəsində təhsil almalarını şərtləndirəcək.
“ Azərbaycadan son illərdə məktəb tikitnisinə böyük önəm verilir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən bu proqramla Azərbaycanda təhsil islahatlarına verilən dəyərin mahiyyətini görürük. Azad edilən torpaqlarımızda müasir təhsil ocaqlarının tikintisi övladlarımızın keyfiyyətli təhsil almalarını təmin edilməsi üçün çox mühim hadisədir”, - deyə İ.Orucov qeyd edib.
Qeyd edək ki, 2022‒2026-ci illərdə ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınmaqla, peşə və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin təmin edilməsi məqsədilə 9 təhsil müəssisəsinin, o cümlədən 8 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisinin və bərpasının layihələndirilməsi; 4 təhsil müəssisəsinin, o cümlədən 3 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsinin tikintisinə və bərpasına başlanılması nəzərdə tutulub.
Dövlət Proqramında ərazilərdə ölkənin müvafiq ali təhsil müəssisəsinin filiallarının yaradılması ilə bağlı tədbirlər görülməsi və 1 filialın fəaliyyətə başlaması həmçinin nüfuzlu xarici təhsil müəssisəsinin filialının yaradılması istiqamətində təşviqedici tədbirlər görülməsi və fəaliyyətinin təmin edilməsi qeyd edilib.