Menu
Xəbər Lenti
“Atasının oğlu”
24-12-2024, 11:12

“Atasının oğlu”

Naxçıvanda 7° şaxta var
23-12-2024, 06:41

Naxçıvanda 7° şaxta var

Bayramov Serbiyaya getdi
23-12-2024, 06:29

Bayramov Serbiyaya getdi

Direktor işdən çıxarıldı
22-12-2024, 09:25

Direktor işdən çıxarıldı

11 Ara 18:08Siyasət

HEYDƏR ƏLİYEV və CƏNUBİ AZƏRBAYCAN

İlk növbədə SSRİ Dövlət Televiziya və Radio Verilişləri Komitəsi və SSRİ Rabitə Nazirliyi Azərbaycan KP MK ilə birlikdə Bakıdan fars dilində verilişlərin artırılması, İran ərazisində televiziya yayımlarının qəbulunun gücləndirilməsi imkanları barədə məsələyə baxmalı idi. İki ölkənin televiziya və radio qurumları müştərək proqramlar hazırlamalı, SSRİ Dövlət Nəşriyyat Komitəsi fars və Azərbaycan dillərində ərəb və kiril qrafikaları ilə lüğətlər və dərs vəsaitləri nəşr etməli idi. İrana fars dilində tarixi və inqilabi ruhlu kinolar göndərilməsi nəzərdə tutulurdu. Azərbaycan SSR Nazirlər Sovetinin sifarişi ilə SSRİ Mədəniyyət Nazirliyi İranda yayılmaq üçün Azərbaycan milli musiqisi yazılmış 1000 nüsxə qramplastinka və maqnitofon kaseti hazırlamalı idi. "Müsəlmanlar SSRİ-də" adlı jurnalın fars dilinə tərcümə edilib 3 min nüsxədə İranda yayılması nəzərdə tutulurdu. SSRİ Dövlət Plan Komitəsi, SSRİ Rabitə Nazirliyi və başqa strukturlar Azərbaycan radiosu və televiziyasının İran Azərbaycanı ərazisində yayılması üçün tədbirlər işləyib hazırlamalı və bu məqsədlə nəzərdə tutulan xərclərin artırılmasına baxmalı idilər. Qərar vacib olan bir sıra başqa tədbirlərin həyata keçirilməsini də nəzərdə tuturdu.
Heydər Əliyev həmin qərara uyğun olaraq, Azərbaycan KP MK bürosunda məsələnin müzakirəsini keçirdi. 1980-ci il iyul ayının 15-də MK bürosunun iclasında (pr. №146, par. 4) "İrana informasiya-təbliğat işinin gücləndirilməsi haqqında" adlı qərar qəbul edildi. Qərarda yazılırdı ki, Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsi və Rabitə Nazirliyi bir ay müddətində Bakıdan Azərbaycan və fars dillərində televiziya verilişləri radiusunun genişləndirilməsi imkanlarını öyrənməli, Cənubi Azərbaycan ərazisində televiziya və radio verilişlərinin gücünün artırılmasına dair konkret təkliflər irəli sürməli, verilişlərin keyfiyyəti yaxşılaşdırılmalı idi. İrandan gələn məktubların təhlili üçün alim və mütəxəssislər cəlb edilməli, SSRİ-də islamın və müsəlmanların vəziyyətinə dair televiziya və radio verilişləri, Azərbaycan EA və Ali və Orta İxtisas Təhsili Nazirliyi İranda yayılmaqdan ötrü Azərbaycan və fars dillərində ictimai-siyasi ədəbiyyat, Azərbaycan-fars, fars-Azərbaycan lüğətləri, xarici ölkələrdə yayılmaq üçün hər il avqust ayının 1-i üçün "SSRİ-də Azərbaycan dilində kitablar" adlı kataloq hazırlanmalı idi. Bu məqsədlə poliqrafiya bazası genişləndirilməli, Azərbaycan Dövlət Kinematoqrafiya Komitəsi "Azərbaycanfilm"in istehsalı olan ən yaxşı filmləri seçib kadr arxasında fars dilində oxunmaq üçün göndərməli, İranda və Cənubi Azərbaycanda Azərbaycan filmləri festivalı, Azərbaycan SSR-də isə İran filmləri festivalı keçirilməli idi. İranla sərhəddə yerləşən Cəbrayıl, İmişli, Lerik və Ordubad rayonlarında ötürücü stansiyaların tikilməsi nəzərdə tutulurdu.
Qərarda "İranda və Cənubi Azərbaycanda Azərbaycan filmləri festivalı" ifadələrinin yazılması onu göstərirdi ki, Azərbaycan rəhbəri Cənubi Azərbaycana əlahiddə, İrandan ayrı baxırdı.
Heydər Əliyev qərarda nəzərdə tutulan məsələlərin icrasına qətiyyətlə başladı. Cənubi Azərbaycana və İrana dair tədqiqat işləri genişləndirildi. EA Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan şöbəsi yaradıldı. İrana ictimai-siyasi məlumat və bədii ədəbiyyatın göndərilməsi artırıldı. Gömrük məntəqələrinə, Cənubi Azərbaycan limanlarına üzən gəmilərə Azərbaycan milli musiqisi yazılmış kasetlər verildi. Bu məqsədlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitləri artırıldı.
Azərbaycan radiosunun İran redaksiyasının bazasında 1980-ci ildə müstəqil Cənubi Azərbaycan redaksiyası yaradıldı. Cənubi Azərbaycana yayımlanan radio verilişlərinin həcmi artırıldı, cənubdakı sərhədboyu məntəqələrdə yaşayan əhalinin Azərbaycan televiziyasını seyr etmək imkanı genişləndi. Bu isə cənubluların ana dilini, milli-mənəvi dəyərləri unutmamalarında, Şimali Azərbaycanla əlaqələrin güclənməsində təsirli rol oynayırdı. Bundan sonra Avropa ölkələrində və ABŞ-də yaşayan cənubluların Azərbaycan SSR-dəki qohumları ilə məktublaşmaları çoxaldı. Belə bir fakt müqayisə üçün diqqəti cəlb edir ki, əgər 1979-cu ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ünvanına xarici ölkələrdən gələn 1008 məktubdan 213-ü Cənubi Azərbaycandan, Avropa və ABŞ-də yaşayan cənublulardan alınmışdısa, 1980-ci ildə xaricdən gələn 1019 məktubun 461-i cənubi azərbaycanlılardan alınmışdı. Həmin məktub müəlliflərinə Azərbaycandan ana dilində kitab, dərslik, qramplastinka və bukletlər göndərilmişdi. Yazışmalar və göndərişlər milli ruhun yüksəlməsinə, cənubluların özlərinə inam hissinin artmasına kömək edirdi.
Bütün bu tədbirlər nəticəsində Azərbaycan televiziyasına cənubda maraq getdikcə artırdı. Azərbaycan xüsusi xidmət orqanının 1982-ci il 25 yanvar tarixli 10/092 №-li məxfi məlumatında yazılırdı ki, Azərbaycan televiziyasına baxmaq üçün Təbrizdə evlərə son vaxtlar 700-ə yaxın əlavə antennalar qoyulub, bu da televiziyanın məşhurluğunu və ona olan marağın artdığını göstərir. Azərbaycan radio və televiziya verilişlərini dinlədikləri üçün adamlar hətta 50 min riyal cərimə də olunmuşdular. Kəşfiyyat məlumatından aydın olurdu ki, 1982-ci il yanvar ayının 1-də Cənubi Azərbaycanın sərhəd rayonlarının əhalisi Bakıdan Yeni il televiziya proqramına baxdıqları üçün hətta cümə namazına çıxmamışdılar.
Sonrakı illərdə də bu istiqamətdə iş davam etdirildi. Sov. İKP MK katibliyinin 1986-cı il 4 iyul tarixli st 14/52 qs №-li "İrana xüsusi radioverilişləri haqqında tam məxfi, xüsusi qovluq" qrifi ilə qərarına əsasən "Sülh və tərəqqi" radiostansiyası çərçivəsində İrana fars və Azərbaycan dillərində ümumi həcmi gündə 1 saat olan verilişlər açıldı, bu vaxtadək fəaliyyət göstərən "Sedai mellie İran" radiostansiyası ləğv edildi. Qeyd etmək lazımdır ki, "Sedai mellie İran" radiostansiyası SSRİ ərazisindən İran milli-vətənpərvər qüvvələri adından elan olunmamış proqramlar yayımlayırdı. Bu radiostansiya hələ 1959-cu il mart ayının 3-də Sov. İKP MK-nın qərarına əsasən, İran xalqını ölkədə dəyişikliyə səfərbər etmək məqsədilə yaradılmışdı. Şah rejimi devrildikdən sonra isə radiostansiya İranın mürtəce dairələrinə qarşı çıxış edirdi. Proqramları Moskvada SSRİ Dövlət Televiziya və Radioverilişləri Komitəsinin xüsusi qrupu hazırlayırdı. Onun tərkibinə iranlı mühacirlər də daxil idi. Verilişlərin həcmi hər gün 45 dəqiqə farsca, 30 dəqiqə Azərbaycan dilində təşkil edilirdi. O dövrdə SSRİ ərazisindən İrana radioverilişləri Moskva, Bakı, Düşənbə və Daşkənddən gündə 8,5 saat yayımlanırdı. "Sülh və tərəqqi" radiostansiyası ictimaiyyətin hesab olunduğu üçün verilişlər hazırlaması məqsədəuyğun sayılırdı.
Heydər Əliyev Cənubi Azərbaycanda yaşayan gənclərin Azərbaycan SSR-in ali və orta ixtisas məktəblərində təhsil almalarına çalışır, böyük iradə və inadla bu məsələni gündəliyə gətirir və onun müzakirəsini keçirirdi. Azərbaycan KP MK bürosunun 1981-ci il 2 iyun tarixli iclasında "Azərbaycan millətindən olan iranlıların Bakı şəhərində ali məktəblərə təhsil almaq üçün qəbul edilmələri barədə" məsələ müzakirə olundu. Müzakirə zamanı çıxış edən Heydər Əliyev məsələnin çox ciddi əhəmiyyət daşıdığını bildirdi. Bu məsələ ilə bağlı qəbul edilən üç maddədən ibarət qərarda yazılırdı: "1. ... 1981/1982-ci tədris ilindən başlayaraq Bakı şəhərinin ali təhsil müəssisələrinə Azərbaycan millətindən olan iranlılardan 10 nəfər qəbul edilsin. 2. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə yuxarıda göstərilən tələbələri təqaüdlə təmin etmək üçün vəsaiti və müvafiq yardımları təhsil müddətində ayırsın. 3. Respublikanın Ali və Orta İxtisas Təhsil Nazirliyi Azərbaycan millətindən olan iranlıların uğurlu təhsil almaları üçün qəbul edilməsini, yerləşdirilməsini və müvafiq şəraitlə təmin edilməsini həyata keçirsin".
Sovet sistemi şəraitində yaranmış imkandan istifadə edərək qəbul olunmuş qərar cənubi azərbaycanlıların maraqlarına tamamilə uyğun idi. Bundan sonra onların nümayəndələri tədricən Azərbaycana təhsil almağa gəlməyə başladılar. Lazımi şərait yaradıldı, yataqxana və təqaüdlə təmin edildilər. Həmin gənclərin Azərbaycanda təhsil almaları, xalqın sosial-iqtisadi və mədəni sahədə qazandıqları uğurları əyani görmələri milli şüurun, müstəqillik, Vahid Azərbaycan ideyalarının güclənməsinə kömək edirdi.
Heydər Əliyev İranda Azərbaycan dilində nəşr olunan qəzet və jurnallarla əlaqələrin yaradılmasına xüsusi diqqət verirdi. Qeyd edildiyi kimi, inqilabdan sonra İranın müxtəlif şəhərlərində Azərbaycan dilində bəzi qəzet və jurnallar nəşr olunmağa başlamışdı. Bunlardan biri 1979-cu ilin iyun ayından etibarən Tehranda nəşr edilən Azərbaycan dilində "Varlıq" jurnalı idi. Materialların bir qismi fars dilində dərc olunurdu. Jurnalda Azərbaycan dili və ədəbiyyatı, tarixi, incəsənəti və mədəniyyəti məsələləri işıqlandırılır, şair və yazıçıların əsərləri ixtisarla çap olunurdu. Nəşrin doqquzuncu nömrəsində şah rejimi zamanında Azərbaycan dilinin sıxışdırılması ittiham edilmişdi. Müəllif azərbaycanlıları ana dilində təhsil almağa, dil və ədəbiyyat tarixi ilə yaxından tanış olmağa çağırırdı. İdeoloji baxımdan İslam dini mövqeyində dayanan jurnal Azərbaycan islam ədəbiyyatını da çap edirdi. Jurnalın sahibi olan Cavad Heyət 1946-cı ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirmişdi, ürək cərrahiyyəsi üzrə məşhur mütəxəssis idi. O, 20-dən çox beynəlxalq konqresdə iştirak etmişdi. Fransa və İngiltərədə nüfuzlu jurnallarda 20-dən çox məqaləsi çap olunmuşdu. Fransa Elmlər Akademiyasının müxbir üzvü idi. Tehrandakı "Tibb jurnalı"nın 13 il baş redaktoru işləmişdi. "Cərrahiyyə dərsləri" elmi əsərinin müəllifi idi. Şah zamanında xüsusi xidmət müəssisəsi olmuş "Savak" xəstəxanasının rəhbəri işləmişdi.
Cavad Heyət Azərbaycan SSR-ə səfər etmək istəyirdi. Bu barədə məlumat alan Heydər Əliyev onu Bakıya dəvət etdi. Cavad Heyətin Şimali Azərbaycanla əlaqələrinin genişlənməsi cənubluları öz hüquqları uğrunda daha ardıcıl mübarizə aparmağa ruhlandırırdı. 1979-cu ildən Təbrizdə Azərbaycan dilində nəşr olunan "Odlar yurdu" və Urmiyada çap edilən "Tarla" jurnallarında, Təbrizdə nəşr edilən həftəlik "Araz" qəzetində Azərbaycan xalqının adət-ənənələri, mədəniyyəti, dili ilə bağlı məqalələr verilirdi. 1980-ci ilin avqust ayından etibarən Azərbaycan dilində nəşr olunan "Koroğlu" və "Dədə Qorqud" jurnallarında Şimali Azərbaycana dair məqalələr dərc edilirdi. Materialların bir qismi Bakıdan göndərilirdi. Bütün bunlar cənubda milli ruhu gücləndirir, Şimali Azərbaycana olan rəğbəti artırır, Bütöv Azərbaycan düşüncələrini genişləndirirdi.
Heydər Əliyev cənubdakı azərbaycanlıların hüquqlarının qorunması və onlara mənəvi dəstək verilməsi məsələsini sovet rəhbərliyi qarşısında qətiyyətlə qaldırdı. Bu xidmətlər cənublular tərəfindən yüksək qiymətləndirilirdi. Məsələn, 1982-ci ilin sovet agentura məlumatında yazılırdı ki, Cənubi Azərbaycanın mütərəqqi ziyalıları Heydər Əlirza oğlu Əliyevlə fəxr edir, onun respublika əhalisinin həyat səviyyəsini yaxşılaşdırması, tərəqqiyə aparması ilə öyünürlər. Heydər Əliyev cənublular tərəfindən Vahid Lider, Böyük Dövlət Adamı kimi qəbul edilirdi.
Heydər Əliyevin Bütöv Azərbaycan naminə çalışmaları xarici ölkələrin tədqiqatçılarının da diqqətindən yayınmırdı. ABŞ tarixçiləri T.Svyatoxovski və B.K.Kollinz yazırdılar ki, İran inqilabından sonra aktual olan Vahid Azərbaycan şüarı artıq siyasi məna kəsb etməyə başladı. Başqa bir ABŞ tarixçisi A.D.Agostino Heydər Əliyevin bu sahədəki fəaliyyətini təhlil edərək yazırdı ki, Azərbaycan rəhbəri İrandakı azərbaycanlılara qayğı göstərir, Birləşmiş Azərbaycanda millətin azadlığına qəti şəkildə tərəfdar çıxırdı. Bu məqsədlə İranda azərbaycanlılar yaşayan ərazilərdə geniş təbliğat işi aparılırdı. Yenə həmin tarixçi yazırdı ki, Mazandaranda və Xəzər dənizi sahillərindəki İran məntəqələrində daha fəal təbliğat aparılırdı. İran inqilabından sonra Tudə Partiyasına xüsusi diqqət yetirilməsi də bununla bağlı idi.
Qeyd edildiyi kimi, Heydər Əliyev Şimali və Cənubi Azərbaycanın gələcəkdə birləşəcəyinə ümid edirdi. T.Svyatoxovski Cənubi Azərbaycan məsələsində Heydər Əliyevin roluna qiymət verərək belə yazırdı: "Əgər Təbriz islamın qalibiyyət rəmzi hesab edilirdisə, Bakı milli dərketmənin rəmzi olaraq qalmaq istəyirdi. Ümumittifaq siyasətin üfüqlərində parlaq bir ulduz olan Əliyev indi öz nitqlərində sovet rejiminin özünün ilk günlərindən müsəlman xalqlarının milli məsələ ilə bağlı istək və arzularını dəstəklədiyini vurğulamağa başladı...
Digər hallarda Əliyev şimal ilə cənub arasındakı dostluq əlaqələrinin bərpası çağırışını təkrar edirdi və London "Tayms"ın verdiyi xəbərə görə, Əliyev xarici diplomatlara söyləmişdi ki, o, gələcəkdə hər iki Azərbaycanın birləşməsinə ümid bəsləyir. Çox keçməmiş, 1982-ci ilin payızında Siyasi Büronun ən nüfuzlu adamlarından biri kimi yüksək vəzifə tutmaq üçün Əliyev Bakını tərk edərək, Moskvaya yola düşdü. SSRİ-də heç bir azərbaycanlı belə yüksək mövqe tutmamışdı. Həmin vaxt Bakıda hər iki Azərbaycana bölünməz vətən kimi baxılırdı. Vəziyyət elə gətirdi ki, bir xalqı ikiyə bölən sərhəd yarası - qaysaq bağlamamış yara aradan qalxdı (buna hansı yollarla nail olunduğu heç vaxt açıqlanmadığına baxmayaraq). Türkmənçay sazişi tarixi ədalətsizliyin eybəcər yadigarı mahiyyəti kəsb etdi.
Bu bəyanatlar tamamilə yeni olmasa da, onlara bəslənilən inam və geniş əhatə dairəsi yeni xarakter daşıyırdı. Əhəmiyyətli cəhət ondan ibarət idi ki, bu bəyanatların ancaq elmi əsərlərdə və jurnallarda işlənməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması ilə kifayət etmədi. Üstəlik, bədii-kütləvi və həftəlik jurnallarda, teatr tamaşalarında işlənməsinə yol açıldı. Dirçəlmiş sovet Panazərbaycan təbliğatı öz işində bir pillə yuxarı qalxsa da, hələ də gündəlik qəzetlərə, xüsusilə rus dilində çıxan qəzetlərə yol tapmamışdı. Bu isə yüksək dairələrin rəsmi razılığı olmadığına bir işarə idi...
Bakıda sanki idarə edənlərlə idarə olunanlar arasında sakitcə razılaşma yolu ilə gedən "Vahid Azərbaycan" kampaniyası Ermənistan və Gürcüstanda artmağa başlayan dissident hərəkatlarının Azərbaycan bənzəri rolunu oynadı. Meydana gələn müstəqil ictimai fikri cilalayanlar öz növbəsində sərhədin o tayı ilə birləşmək arzusunun tam olmasa da, qismən dəstəklənməsini rəğbətlə qarşıladılar. Bu arzunu təşviq etmək üçün həyata keçirilən tədbir hansı xarakterdə olursa-olsun, Azərbaycan milli dərketmə şüuruna fayda verəcək və ikiyə parçalanmış bu torpağın hər iki hissəsi arasındakı dostluq əlaqələrinin hər hansı şəkildə bərpası istər farslaşdırma, istərsə də ruslaşdırma fonunda azərbaycançılıq mövqeyini gücləndirəcəkdi".
Görkəmli tarixçi alim T.Svyataxovskinin verdiyi bu qiymət Heydər Əliyevin Bütöv Azərbaycan naminə çalışmalarının mahiyyətini açır, bu fikrin məhz onun tərəfindən ictimai şüura yeridildiyini, xalqın içində yayıldığını göstərir. Doğrudan da, hansı sistemin mövcud olmasına, necə xarakter daşımasına baxmayaraq, Vahid Azərbaycan, Azərbaycan birliyi şüarı azərbaycanlıların milli şüurunu, azərbaycançılığı gücləndirirdi.
Göründüyü kimi, Heydər Əliyev Bakıya cənuba təsir edən milli mərkəz kimi baxması, Vahid Azərbaycan, Bütöv Azərbaycan şüarını təşviq etməsi, cənubla bağlı ziyalıları düşündürən problemləri özü qaldıraraq dissidentlərin yaranmasına yol verməməsi və şəxsi fəaliyyəti ilə Bütöv Azərbaycan xalqının liderinə çevrildi. T.Svyataxovskinin qeyd etdiyi kimi, rus dilli mətbuata çıxmadığından Moskvanın razılığı olmadığı anlamına gəldiyinə baxmayaraq, Heydər Əliyev iki Azərbaycanın gələcəkdə birləşəcəyinə inanır və bu məqsədlə əzmlə çalışırdı. Eyni zamanda hansı yollarla edildiyi açıqlanmasa da, o, sərhəd yarasını aradan qaldırmışdı. Cənub məsələsində xalqın və hakimiyyətin mövqeyində, idarə edənlərlə idarə olunanlar arasında heç bir fərq mövcud deyildi. Bütöv Azərbaycan fikri yuxarıdan gələrək cəmiyyətə yayılırdı. Bu istiqamətdəki bütün fəaliyyətlərinə görə Heydər Əliyev Bütöv Azərbaycanda böyük nüfuz və sevgi qazanmışdı.
1993-cü ildə hakimiyyətə gəldikdən sonra Heydər Əliyevin dünya azərbaycanlılarına münasibətdə baxışları dövlət siyasətinə çevrildi. Xarici ölkələrə səfərlərində Azərbaycan rəhbəri soydaşlarımızla, o cümlədən Cənubi Azərbaycandan olanlarla da görüşürdü. Dünya azərbaycanlılarının Bakıda keçirilən I Qurultayında nitq söyləyən Heydər Əliyev ümumi strateji xətti müəyyənləşdirdi.
***
Son zamanlar İran İslam Respublikasında baş verən hadisələrin fonunda vətənimizin cənubunda soydaşlarımıza qarşı törədilənlər, onların hüquqlarının tanınmaması yenidən Cənubi Azərbaycan məsələsini gündəmə gətirib. Uzun illərin tarixi təcrübəsi göstərir ki, İran adlanan qurama dövlətdə rejimlər dəyişsə də, azərbaycanlıların ana dilində təhsil almaq hüququ və digər haqları tanınmır. Bu isə təkcə cənublu azərbaycanlıların, Azərbaycan Respublikasının deyil, bütün sivil dünyanın başlıca problemi olmalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq toplantılarda cənubda yaşayan azərbaycanlıların hüquqlarının və təhlükəsizliyinin qorunacağını bildirməsi Vahid Vətən, Bütöv Azərbaycan arzusunun reallaşacağını göstərir. Cənubi Azərbaycan məsələsi dünya siyasətində həllini gözləyən, açıq qalan məsələdir. Onun yolu cənubdakı torpaqlarımızda müstəqil dövlətin qurulmasından keçir.