Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

23 Ock 06:41Siyasət

Xalqa bağışlanmış ömürdən anlar: 1996-cı ilin avqustu

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.
XXX
1 avqust – Prezident Heydər Əliyev ABŞ-ın “Hay Beyker”, “Soxnut” Ümumdünya Yəhudi Agentliyinin və Yaponiya Beynəlxalq Ticarət və Sənaye Nazirliyinin nümayəndə heyətini ayrı-ayrılıqda qəbul etdi.
2 avqust - Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
3 avqust - Xalq rəssamı Maral Rəhmanzadənin yubiley sərgisinin açılışında çıxış etdi.
7-11 avqust – Rusiyada səfərdə oldu. Səfər çərçivəsində RF Prezidentinin andiçmə mərasimində iştirak etdi və bu ölkənin hökumət rəhbərləri ilə görüşdü.
13 avqust - Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankının rəhbərlərini qəbul etdi.
14 avqust – Atlanta Yay Olimpiya Oyunlarından qayıdan Azərbaycan idmançıları ilə görüşdü.
21 avqust - Əhalinin çörək və taxıl məhsulları ilə təminatına həsr olunmuş müşavirə keçirdi.
24 avqust - “Dədə Qorqud” qazma qurğusunun işə salınması mərasimində iştirak etdi.
27 avqust - BMT-nin narkotik vasitələrə nəzarət üzrə beynəlxalq proqramının icraçı direktoru ilə görüşdü.
30 avqust - Əliağa Vahidin anadan olmasının 100 illik yubiley tədbirində iştirak etdi.
X X X
Heydər Əliyev torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində öz yurd-yuvalarından didərgin salınmış insanlarla mütəmadi görüşür, problemlərinin həllini diqqətdə saxlayırdı. 1996-cı il avqustun 2-də Ağdam rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə torpaqlarımızın işğaldan azad olunmasının, məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasının bir nömrəli vəzifə olduğunu vurğuladı. Rayon sakinlərini dinləyərək bildirdi ki, Ağdam və digər rayonlar işğaldan mütləq azad ediləcək.
Ulu Öndər görüşdəki çıxışında Qarabağ müharibəsində itkilərimizin və məğlubiyyətimizin əsas səbəblərindən danışaraq dedi: “Xalqımız qəhrəman xalqdır, millətimiz də özünü müdafiə etməyə qadir millətdir. Təəssüflər olsun ki, xalqımızın birləşməsi və millətimizin bir olub düşmənə lazımi cavab verməsi əvəzinə, keçmiş zamanlarda səhvlər buraxılıb. Bunlar da sonralar bizi böyük faciələrə gətirib çıxarıb”. Azərbaycanın sülhsevər siyasətinin həm bu günə, həm də gələcəyə yönəldildiyini vurğulayan Heydər Əliyev qeyd etdi ki, bizə dəyən böyük zərbələrə, itkilərə baxmayaraq, müstəqil dövlət kimi qonşularımızın hamısı ilə sülh şəraitində yaşamalıyıq.
Sitat: “Bizim xalqımız aciz xalq deyil, ağdamlılar da, bütün Qarabağ bölgəsində yaşayanlar da – əgər belə bir söz işlətsək, – qarabağlılar da, Azərbaycanın bütün başqa bölgəsində olan azərbaycanlılar da aciz xalq deyil. Xalqımız əsrlər boyu böyük sınaqlardan çıxıb və öz torpağını, öz mənliyini qoruyub indiyə qədər saxlaya bilib...
Heç kəs düşünməsin ki, Ermənistanla Azərbaycan arasında daim düşmənçilik münasibətləri olmalıdır. Belə ola bilməz ki, qonşu ölkələr daim düşmən olsunlar. Avropada nə qədər ölkələr bir-biri ilə müharibə aparıblar. İkinci Dünya müharibəsi, Sovetlər İttifaqı ilə, Rusiya və Almaniya arasında müharibə, bir onlarda yox, başqa ölkələrdə də nə qədər böyük faciələrə gətirib çıxardı”.
Heydər Əliyev ölkəmizi beynəlxalq arenada tanıtmaq baxımından idmanın və idmançıların rolunu həmişə qeyd edirdi. O, Atlanta Olimpiya Oyunlarına yola düşən idmançılarla görüşündə onların üzərinə böyük məsuliyyət düşdüyünü bildirmişdi. 1996-cı il avqustun 14-də isə Atlantadan vətənə qayıdan idmançılarımızı qəbul edən Ulu Öndər Azərbaycanın 197 ölkə arasında 61-ci yer tutmasını əlamətdar hadisə kimi dəyərləndirdi, Olimpiya Oyunlarında gümüş medal qazanmış Namiq Abdullayevə xüsusi təşəkkürünü bildirdi.
Sitat: “Azərbaycan Respublikası komandasının əldə etdiyi nailiyyətlər, hesab edirəm ki, çox dəyərli nailiyyətlərdir, çox əhəmiyyətlidir və heç də narahat olmayın ki, siz az medal gətirmisiniz. Yəni təkcə bir gümüş medal gətirmisiniz. Bu gümüş medal Olimpiya oyunlarında Azərbaycan Respublikasının iştirakında ilk uğurlu addımdır. Bu medala Namiq Abdullayev öz iradəsi ilə nail olubdur. Amma bu medal eyni zamanda bütün komandanın, bütün Azərbaycan idmançılarının medalıdır”.
Heydər Əliyev Azərbaycan neftçilərinin əməyini hər zaman yüksək qiymətləndirir, neft sənayesinin inkişafına xüsusi diqqət yetirirdi. Ulu Öndərin 1996-cı il avqustun 24-də “Dədə Qorqud” qazma qurğusunun işə düşməsi ilə bağlı keçirilən tədbirdə söylədiyi fikirlər bu baxımdan səciyyəvidir. Çıxışında "Əsrin müqaviləsi”nin əhəmiyyətindən danışan Heydər Əliyev “Dədə Qorqud” qazma qurğusunun ölkənin neft sənayesinə töhfələr verəcəyinə əminliyini ifadə etdi. Azərbaycan neftçilərinin təcrübəsinin dünyanın bir çox ölkələrində öyrənildiyini diqqətə çatdıran Ümummilli Lider qazma qurğusuna “Dədə Qorqud” adı verilməsinin təsadüfi olmadığını bildirdi: “Hesab edirəm ki, hər bir azərbaycanlı üçün bu, müqəddəs və əziz ad, bu qurğu üçün ən dəyərli, görkəmli addır”.
X X X
Heydər Əliyevin Dədə Qorqud” qazma qurğusunun işə salınması münasibətilə keçirilən tədbirdəki çıxışından
*Azərbaycan neftçilərinin keçmiş illərdə əldə etdiyi nailiyyətlər, iş təcrübəsi, elmi ixtiraları dünyanın bir çox ölkələrində tətbiq edilib, onlardan istifadə olunub. Azərbaycan neftçiləri, alimləri dənizin dərinliyindən neft hasil etmək sahəsində dünya təcrübəsinə öz böyük töhfələrini veriblər.
*Məhz Azərbaycan neftçilərinin gərgin fəaliyyəti, elmi axtarışları nəticəsində Xəzər dənizində böyük neft yataqları kəşf edilib, onların neft potensialı ilbəil öyrənilib, dəqiqləşdirilib. İndi biz onlardan geniş miqyasda istifadə etmək imkanı əldə etmişik.
*Həm Xəzər dənizində olan böyük neft yataqları, həm burada yaranmış bu böyük sənaye kompleksi, həm də bu gün üzərində durduğumuz, ətrafına toplaşdığımız bu qazma qurğusu Azərbaycan xalqının sərvətidir.
*Neft sənayesi sahəsində görülən işlər, yaranan bu böyük iqtisadi, sənaye potensialı Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Əgər onlar olmasaydı, biz bu gün dövlət müstəqilliyini əlimizdə bu qədər möhkəm saxlaya bilməzdik. Əgər onlar olmasaydı, biz bu gün dövlət müstəqilliyimizə nail ola bilməzdik.