Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

06 Şub 16:07Siyasət

Xalqa bağışlanmış ömürdən anlar: 1997-ci ilin fevralı

müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

x x x

1 fevral – Prezident Heydər Əliyev Azərbaycan gənclərinin 1-ci forumunun ildönümü münasibətilə forum nümayəndələrinin bir qrupu ilə görüşdü.

2 fevral - SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Leyla Vəkilovanın 70 illiyinə həsr olunmuş tədbirdə çıxış etdi.

4 fevral - Beynəlxalq Valyuta Fondunun II Avropa Departamentinin aparıcı eksperti və fondun Azərbaycandakı nümayəndəsi ilə görüşdü.

Türkiyə XİN-in Orta Asiya, Qafqaz və Balkan ölkələri üzrə baş idarəsinin rəhbəri Aydın Şahinbaşı qəbul etdi.

7 fevral - Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi.

10 fevral - Fransa Respublikasının Prezidenti Jak Şirakla telefonla danışdı.

13 fevral – Ölkəmizə səfər edən NATO-nun Baş katibi Xavyer Solana ilə görüşdü.

14 fevral - Xalq artisti Qədir Rüstəmovla görüşdü.

Türkiyə nümayəndə heyətini qəbul etdi.

16 fevral - İnterpolun Baş katibi Reymond Edvard Kendalı qəbul etdi.

17 fevral - BMT-nin Yaxın və Orta Şərqdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarət və bununla bağlı problemlər üzrə yardımçı komissiyanın 32-ci sessiyasında nitq söylədi.

18 fevral - Bakıya səfərə gələn Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşdü. Azərbaycan və Gürcüstan arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında bəyannamə və neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında müqavilə imzalandı.

Gürcüstan Prezidentinin şərəfinə verilmiş rəsmi ziyafətdə nitq söylədi.

19 fevral - Gürcüstan səfirliyinin binasının açılışında iştirak etdi. Eduard Şevardnadze ilə birgə Milli Məclisdə oldu.

23 fevral - Akademik Ziya Bünyadovla vida mərasimində nitq söylədi.

25 fevral - Xocalı soyqırımının beşinci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciət etdi.

Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyində oldu, Çinin görkəmli dövlət xadimi Den Syaopinin vəfatı ilə əlaqədar başsağlığı verdi.

27 fevral - AŞPA-nın nümayəndə heyətini qəbul etdi.

28 fevral - “Əsrin müqaviləsi” üzrə layihənin rəhbər komitəsinin üzvləri və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin rəhbərləri ilə görüşdə çıxış etdi.

x x x

Müstəqillik illərində ölkəmizdə vətənpərvər və müasir düşüncəli gənc nəsil yetişib. Məhz bu nəsil 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək parlaq Qələbəyə imza atdı.

Azərbaycanda məqsədyönlü gənclər siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin hakimiyyətə qayıdışının ilk illərindən başlayaraq gənc nəslin müasir, inkişaf etmiş, yüksək intellektli, mütəşəkkil qüvvə kimi formalaşması məqsədilə davamlı addımlar atılır, təsirli tədbirlər görüldü. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə yönələn qanunlar qəbul olundu, fərman və sərəncamlar imzalandı, müvafiq dövlət proqramları həyata keçirildi.

1997-ci il fevralın 1-də Azərbaycan gənclərinin 1-ci Forumunun ildönümü münasibətilə forum nümayəndələrinin bir qrupu ilə keçirilən görüşdə çıxış edən Heydər Əliyev görülən işləri müsbət qiymətləndirdi, gənclər təşkilatlarının işinin əlaqələndirilməsi və onların hamısının bir istiqamətdə fəaliyyət göstərməsi üçün müəyyən nailiyyətlərin qazanıldığını qeyd etdi.

Sitat: Respublikamızda bugünkü ictimai-siyasi, mənəvi mühit, sabitlik, eyni zamanda, gənclərimizin arasında olan əhval-ruhiyyəni əks etdirir. Müstəqil Azərbaycan Respublikası gənclərinin bir il bundan əvvəl keçirilmiş ilk Forumu bu baxımdan öz müsbət nəticələrini verir. Sizin bir il müddətində gördüyünüz işlər, əldə etdiyiniz nailiyyətlər müsbət qiymətə layiqdir. Mən bu baxımdan bütün təşkilatların işlərini müsbət qiymətləndirirəm, Azərbaycanın Gənclər və İdman Nazirliyinin fəaliyyətinə müsbət qiymət verirəm. Sizin bu gün verdiyiniz məlumatlar məni sevindirir, eyni zamanda, böyük ümidlər yaradır. Ümidlər yaradır ki, biz gənclərimizi həyata, gələcəyə günü-gündən daha da yaxşı hazırlaya bilərik, gələcəyimiz olan gənclər müstəqil Azərbaycanda öz yerini tutaraq ölkəmizə, millətimizə, dövlətimizə sədaqətlə xidmət edəcəklər.

Ulu Öndər çıxışında gənclərin qarşısında duran vəzifələrə də toxundu. Dedi ki, həyatımızın çətinliklərinə baxmayaraq gənclər gərək yaxşı təhsil alsınlar. Buna görə də məktəblərin, təhsil müəssisələrinin işinə daha da çox qayğı, diqqət göstərməliyik. Biz təhsili hər vəchlə yaşatmalıyıq, gənclər mütləq təhsil, bilik almalıdırlar.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin qarşısında duran mühüm vəzifələrdən biri elmi əsaslara söykənən xarici siyasət xəttinin müəyyənləşdirilməsi və həyata keçirilməsi idi. Müstəqilliyin ilk illərində respublikamızda hakimiyyətdə olanlar bu istiqamətdə heç bir iş görə bilməmişdilər, Azərbaycan xarici aləmdən demək olar, təcrid olunmuşdu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə xarici siyasətdə də əsaslı dönüş yarandı.

Ümummilli Lider xarici ölkələrə çoxsaylı səfərlər edir, dövlət və hökumət başçıları, aparıcı şirkətlərin rəhbərləri ilə görüşlər keçirirdi. Bundan əsas məqsəd Azərbaycanı dünyada tanıtmaq, beynəlxalq arenaya çıxarmaq, dostlar qazanmaq idi. Heydər Əliyev hər bir səfərində, keçirdiyi hər bir görüşdə və bütün çıxışlarında Qarabağ həqiqətlərindən danışır, təcavüzkar Ermənistana qarşı təsirli tədbirlər görülməsinin vacibliyini vurğulayırdı.

Ulu Öndər 1997-ci il fevralın 13-də Bakıya rəsmi səfərə gəlmiş NATO-nun Baş katibi Xavyer Solana ilə görüşdü. Onunla Qarabağ ətrafında yaranmış vəziyyəti, münaqişənin sülh yolu ilə həlli yollarını müzakirə etdi. Görüşdən sonra NATO-nun Baş katibi ilə birgə mətbuata verdiyi bəyanatda Ermənistan Azərbaycan münaqişəsinin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupundan fəal iş gözlədiyini bildirdi.

Qonşu ölkələrlə münasibətlərə xüsusi önəm verən Heydər Əliyev Gürcüstanla əməkdaşlığın dərinləşdirilməsini vacib hesab edirdi. Çünki Gürcüstan bizim üçün Avropaya çıxış qapısıdır, üstəlik orada yarım milyona yaxın soydaşlarımız yaşayır. Ulu Öndərin Qafqazda sülh və əməkdaşlıq məsələlərinə dair irəli sürdüyü kompleks təkliflər proqramı, Ermənistan istisna olmaqla bütün region dövlətləri, eləcə də Gürcüstan tərəfindən rəğbətlə qarşılanmışdı. Odur ki, Gürcüstan Prezidenti Eduard Şevardnadzenin 1997-ci ilin fevralında Azərbaycana üçgünlük səfəri əlaqələrin genişləndirilməsi və inkişafı baxımından əlamətdar oldu.

Səfər çox əhatəli və məhsuldar oldu. Azərbaycan Prezidenti gürcüstanlı həmkarı ilə təkbətək görüşdü, onunla birlikdə iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında bəyannaməni, neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında müqaviləni imzaladı. Eduard Şevardnadzenin şərəfinə verilmiş rəsmi ziyafətdə, Gürcüstan Prezidentinin Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə görüşündə nitq söylədi. Onunla birgə Gürcüstan səfirliyinin binasının açılışında iştirak etdi, Milli Məclisdə oldu. Aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycan-Gürcüstan münasibətlərində yeni səhifənin başlanğıcını qoydu. Heydər Əliyev Gürcüstan Prezidentinin şərəfinə verilən rəsmi ziyafətdə Azərbaycan və gürcü xalqlarının tarixi dostluğundan, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətindən, əməkdaşlıq sahəsindəki mövcud imkanlardan istifadə edilməsinə dair əldə olunan razılaşmalardan bəhs etdi.

X X X

Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadzenin
şərəfinə verilmiş rəsmi ziyafətdəki nitqindən
 Bu gün Gürcüstan ilə Azərbaycan arasında 22 sənəd imzalandı və onların arasında çox mühüm, tarixi əhəmiyyəti olan sənəd var. Bu, Gürcüstan ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında bəyannamədir. Bu gün imzalanmış sənədlər və indiyədək imzalanmış sənədlər, – bunların sayı isə 32-yə çatır, dövlətlərimiz və ölkələrimiz arasında əməkdaşlığı və qarşılıqlı münasibətləri daha da inkişaf etdirmək üçün kifayət qədər hüquqi əsas yaradır.

 Dostluq və əməkdaşlıq gürcü və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərdə çoxəsrlik və canlı tarixə malikdir. Ona görə də bu gün biz keçilmiş yola nəzər salaraq iftixarla deyə bilərik ki, xalqlarımız çiyin-çiyinə, birlikdə yaşayaraq, bir-biri ilə həmişə səmimi dostluq münasibətləri saxlamış, bir-birinə kömək etmiş, bir-birini təcrübə ilə, biliklərlə, malik olduqları hər şeylə zənginləşdirmişlər.

 Gürcüstan ilə Azərbaycan arasında əməkdaşlıq fəallaşdırılmışdır və belə bir şəraitdə bir il bundan əvvəl mən Eduard Şevardnadzenin dəvəti ilə Gürcüstana rəsmi səfərə getdim. Zənnimcə, biz orada səmərəli işləyə bildik və belə bir şəraitdə bir ildən sonra Gürcüstan Prezidentini, onu müşayiət edən şəxsləri qəbul edirik və artıq indi biz əməkdaşlıqda atılmış iri addımlardan və qarşımızda açılan böyük perspektivlərdən danışırıq.

 Gürcüstan və Azərbaycan əməkdaşlıq üçün böyük imkanlara malikdirlər. Buna görə də məqsədimiz, vəzifəmiz bu imkanlardan maksimum səmərə ilə istifadə etməkdir. Biz Gürcüstanla xoş dostluq münasibətlərini əsas tutaraq, öz daxili çətinliklərimizə baxmayaraq, Gürcüstana kömək göstərmək və əməkdaşlığımızı genişləndirmək üçün imkanımız daxilində hər şey etmişik və edəcəyik.

 Biz Xəzər hövzəsindən, Azərbaycandan neftin Gürcüstan ərazisi ilə dünya bazarına ixracı üçün boru kəməri çəkilməsi haqqında qərar qəbul etmişik. Bu neft kəməri nəinki iqtisadi məqsədlərə xidmət edəcək, həm də iqtisadi fayda gətirəcəkdir, keçmişdə Azərbaycan ilə Gürcüstan arasında çəkilmiş bir çox digər xətlər kimi, o da gürcü və Azərbaycan xalqları arasında əməkdaşlığın, dostluğun və qardaşlığın möhkəmlənməsi məqsədlərinə xidmət edəcəkdir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır