“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Ankara ilə London arasında yeni SƏNƏD: Türkiyə və Böyük Britaniyanın hədəfləri - TƏHLİL
Böyük Britaniya və Türkiyə hərbi aerokosmik texnologiya və qırıcıların satışı sahəsində daha sıx əməkdaşlığı əhatə edəcək Niyyət Bəyannaməsi imzalayıblar.
Hər iki dövlət üçün daha böyük sabitlik, təhlükəsizlik və firavanlıq təmin etmək məqsədi daşıyan bu saziş noyabrın 23-də Ankarada milli müdafiə naziri Yaşar Gülər və onun britaniyalı həmkarı Qrant Şapps tərəfindən rəsmiləşdirilib.
Böyük Britaniyanın Müdafiə Nazirliyinin sənədlə bağlı yaydığı press-relizdə deyilir ki, bu, hər iki ölkənin müdafiə sənayesi arasında daha sıx əməkdaşlığa, Aralıq dənizində mümkün hərbi təlimlərin müəyyənləşməsinə, Yaxın Şərq və Afrika regionlarında təhlükəsizlik dəstəklərinin araşdırılmasına xidmət edəcək.
Qeyd edilməlidir ki, Böyük Britaniya kollektiv Qərbin Türkiyəyə qarşı kampaniyalarına qoşulmur, əksinə, Ankara ilə strateji müttəfiqlik əlaqələrinin yaradılmasına can atır.
Çünki:
- Türkiyə NATO-nun döyüş və müdafiə qabiliyyəti olan ən önəmli ölkələrindən biridir,
- Türkiyənin genişlənən siyasəti və özünü qlobal aktorlar arasında güclü manevrlərə malik olan oyunçu kimi yerləşdirməsi Londonun maraqları ilə uyğunlaşır.
Bu, olduqca əhəmiyyətli, lakin bir o qədər də çox gündəmə gətirilməyən ikitərəfli münasibətlərin tendensiyasıdır.
İkitərəfli əlaqələrin dinamikasının müdafiə sahəsindəki əməkdaşlıqla yüksələn şkalaya çatacağı istisna edilmir, ona görə ki, Türkiyənin “Eurofighter Typhoon” qırıcı təyyarələrini alacağı gözlənilir.
Məlumat üçün deyək ki, ümumilikdə “Eurofighter Typhoon” proqramı dünyasəviyyəli silah sistemini təmin etmək və Avropanın təhlükəsizliyini, suverenliyini qorumaq üçün Böyük Britaniya, İtaliya, Almaniya və İspaniyadan aerokosmik sahədə ən parlaq ağılları bir araya gətirir.
Bu ölkələrin içərisində Almaniya sözügedən qırıcıların Türkiyəyə verilməsinə qarşıdır.
Bundan sonra isə Böyük Britaniya Almaniyanın bu fikrindən geri çəkilməsi məsələsini təmin etməyə çalışıb Türkiyəyə dəstəyini nümayiş etdirəcək.
Mövzu üzrə başqa bir səhifəni də vərəqləmək zəruridir. Belə ki, “Eurofighter Typhoon” ABŞ-nin Türkiyəyə satmaqdan imtina etdiyi “F-16” qırıcı təyyarələrinin alternativi ola bilər. Buna görə də ABŞ öz müttəfiqi Britaniyadan fərqli olaraq Türkiyəyə yeni qırıcıların ixrac edilməsində o qədər də həvəsli görünmür.
Ancaq Britaniya üçün məsələ fərqlidir, o, Türkiyəni Qərbin müdafiə sənayesində saxlamaq üçün şanslarını sınaqdan keçirir.
Prioritetin təsvirini verməkdən ötrü Türkiyənin Yaxın Şərq, Afrika, Cənubi Qafqaz, Mərkəzi Asiyadakı siyasətini izləməkdə fayda var.
Britaniya ilə Türkiyənin bir-birinə olan xoşməramlı rəftarı onların bir neçə regionda müştərək gizli və açıq maraqlarının təminində böyük rol oynaması ilə nəticələnə bilər.
NƏTİCƏ
Çünki Niyyət Bəyannaməsi hər iki ölkənin təhlükəsizliyinə və rifahına fayda verməyi nəzərdə tutan fəaliyyətlərə diqqət yetirərək əməkdaşlığın genişləndirilməsi üçün çərçivə müəyyən edir.
Bu saziş milli, regional və beynəlxalq təhlükəsizliyin yaxşılaşdırılması istiqamətində atılan addım kimi qiymətləndirilməlidir.
Britaniyadan Türkiyəyə verilən dəstək Ankaraya rəqiblərinə qarşı fəaliyyətində uğurlar qazandıra bilər.
Aqşin Kərimov