“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Ailəsinin beş üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxsi hansı cəza gözləyir? - AÇIQLAMA
Fevral ayının 13-də Xətai rayonunda dəhşətli qətl törədilib. 1999-cu il təvəllüdlü Əhməd Əhmədov atası, anası, qardaşı, bacısı və onun azyaşlı övladına balta ilə xəsarətlər yetirərək amansızlıqla öldürməkdə şübhəli bilinir.
Cinayət hadisəsi ilə bağlı araşdırma davam edir.
Şəxsin psixoloji problemlərinin olması ilə bağlı məlumatlar var. Buna baxmayaraq, Əhməd Əhmədovun vaxtı ilə taksi fəaliyyəti ilə məşğul olduğu da iddia edilir.
Bəs görəsən, psixoloji probleminin olduğu iddia edilən şəxs necə taksi sürücüsü işləyib? Törətdiyi cinayətə görə Əhməd Əhmədovu hansı cəza gözləyir?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev taksi sürücülərinin hazırda tibbi müayinədən keçdiklərini qeyd edib:
“Bu məsələ araşdırılmalıdır. Onun sürücülük vəsiqəsinin olub-olmadığı bilinmir. Hazırda taksi fəaliyyəti ilə bağlı islahatlar həyata keçirilir. Hər bir taksi fəaliyyəti ilə məşğul olan şirkətin və ya şəxsin qarşısına müəyyən tələblər qoyulub. O tələblərdən biri də taksi sürücüsünün tibbi müayinələrdən keçirilməsidir.
Yəqin ki, fəaliyyət göstəribsə, bu daha əvvəl ola bilər. O dövrdə də belə tələb yox idi. Kimin avtomobili var idisə, üzərinə “şahmat” qoyub, taksi kimi işlədirdi. Və ya fərqlənmə nişanı ya alırdı, ya almırdı. İndi isə fərqlidir. Sürücünün tibbi müayinəsi tələb olunur. Adam barədə məlumatımız yox idi. Ümumi deyə bilərəm ki, əvvəllər müayinə tələb edilmirdi, fərdi şəkildə idi, çərçivə yox idi. İndi tənzimlənir”.
Vəkil Turan Abdullazadə isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, Əhməd Əhmədovun anlaqsız vəziyyətdə cinayət törətməsi qəti sübutlarla müəyyən olunarsa, o, cinayət məsuliyyətindən azad edilə bilər:
“Hər bir halda, anlaqsızlığın müəyyən olunması üçün məhkəmə-psixiatrik ekspertiza ya istintaq, ya da məhkəmə mərhələsində aparıla bilər. Psixiatrik ekspertiza rəy əsasında müəyyən olunacaq. Anlaqsızlığını yalnız məhkəmə-tibbi ekspertizası müəyyən edə bilər.
Onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə istinadən, şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olubsa, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyibsə və ya onu idarə edə bilməyibsə, cinayət məsuliyyətinə cəlb edilmir.
Anlaqsızlıq iki meyarla xarakterizə olunur - tibbi və hüquqi. Tibbi meyar psixi xəstəliyin olması deməkdir. Müalicəsi olmayan və ya çətin müalicə olunan xəstəliklər müəyyən olunduğu zaman şəxsin anlaqsız vəziyyətdə cinayət törətməsi güman edilir. Hüquqi meyar isə cinayət törədən şəxsin əməlin kriminal xarakterini dərk etməməsi və öz hərəkətlərini idarə etmək iqtidarında olmamasıdır. Məhz hüquqi meyarın müəyyən edilməsindən sonra şəxsin anlaqsızlığı barədə qəti rəyə varmaq olar”.
T.Abdullazadə qeyd edib ki, Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən, şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır:
“Həmin şəxs əvvəllər də cinayət törətməsinə baxmayaraq, məsuliyyətdən azad edilib. Belə olan halda onun anlaqsız vəziyyətdə olması yenidən öz təsdiqini tapa bilər. Təsdiqini tapmadığı halda Cinayət Məcəlləsinin 120-ci maddəsi tətbiq oluna bilər. Belə ki, həmin maddəyə əsasən, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə, iki və ya daha çox şəxsi öldürməyə görə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Bu məcəllənin maddələri ilə qəsdən adamöldürməyə görə məsuliyyət müəyyən olunmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 120-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi onun təkrar törədilməsi hesab olunur”.
Hüquqşünas Əliməmməd Nuriyev isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, Əhməd Əhmədov 14-20 il müddətinə və ya ömürlük həbs edilə bilər:
“Ötən gün baş verən hadisə faciədir. Amansızlıqla törədilib. Cinayət Məcəlləsinin 122.2.4 maddəsinə görə, xüsusi amansızlıqla qəsdən adamöldürmədir. CM-in 122.2.7 maddəsi də nəzərə alınacaq. İki və daha çox şəxsi öldürüb. Yaxınlarının gözünün qarşısında işgəncə ilə öldürmək qəsdən adamöldürmənin əlamətidir.
Ə.Əhmədov törətdiyi hadisəni başa düşüb. Çünki fərqli vaxtlarda olub. Məqsədlərindən biri də elə amansızlıq olub. Vahid qəsddir. Bütün ailə üzvlərini qətlə yetirib. Xüsusi amansızlıqla adamöldürməyə görə qanunvericiliklə 14-20 il və ömürlük həbs edilə bilər. Hadisə ilə bağlı istintaq tədbirləri davam edir. Son qərar məhkəmə tərəfindən müəyyən ediləcək. Bu qədər şəxsin qətlə yetirilməsi dəhşətdir.
Psixoloji durumu, şəxslər ilə əvvəlki münasibətləri də nəzərə alınacaq. Bütün dəlillər toplanacaq”.
Nəzrin Vahid