Xəbər Lenti
20-06-2025, 11:15
Sədr müavini: "Məhsul festivallarında qiymətləri dövlət tərəfindən tənzimləmək çətindir"
20-06-2025, 08:59
İsrail Tehran və İsfahandakı raket sistemlərinə və radar qurğularına zərbələr endirib
19-06-2025, 17:59
Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimi keçirilib
19-06-2025, 17:28
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatının Qurultayı keçirilib.
19-06-2025, 13:27
“Neylərəm sənsiz” – Nənə nəvənin qəlbində yaşayan əbədi sevgi. Nuray Kərimli nənəsi Məlahət xanıma ithaf edir.
19-06-2025, 12:12
70 yaşlı sahibkara qarşı hədə-qorxu: Bakının mərkəzində “Kurtlar Vadisi” ssenarisi - MÜRACİƏT VİDEO
Prezident Yevlax və Goranboy rayonlarına səfər edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 23-də Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax Olimpiya İdman Kompleksində görülmüş işlərlə tanış olub.
Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına kompleksdə həyata keçirilmiş işlər barədə məlumat verdi.
Bildirildi ki, bu kompleks Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqram”ı çərçivəsində inşa olunur. Tikintisinə 2024-cü ilin yanvarında başlanılan kompleksin əsas binasında yerləşən universal idman zalı 1100 tamaşaçı tutumuna malikdir. Burada basketbol, voleybol, həndbol, minifutbol, badminton, gimnastika, cüdo, güləş, taekvondo, boks, karate və idmanın digər növləri üzrə məşqlərin və yarışların keçirilməsi nəzərdə tutulur. Binada, eyni zamanda, 80 nəfərlik iclas zalı, hakim, həkim, məşqçilər, şərhçilər üçün otaqlar, kafe olacaq. Kompleksdə 21 otaqdan ibarət 42 yerlik dördmərtəbəli mehmanxana və restoran da fəaliyyət göstərəcək. Burada 1300 tamaşaçı tutumuna malik tribunası olan, standartlara cavab verən futbol meydançası, həmçinin iki minifutbol meydançası yaradılacaq.
Qeyd edək ki, bu il sentyabr ayının sonunda Azərbaycanda keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin III Oyunları zamanı boks idman növü üzrə yarışlar Yevlax Olimpiya İdman Kompleksində təşkil ediləcək.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolunun Yevlax şəhərindən keçən hissəsində görülən işlərlə tanış olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, magistral yolun Yevlax şəhərindən keçən hissəsində yeraltı piyada keçidinin, səkilərinin, həmçinin magistral yola avtomobillərin iki istiqamətli giriş-çıxışını təmin edən yanaşma yollarının tikinti işləri başa çatmaq üzrədir. Piyada keçidinin ümumi uzunluğu 48 metr olacaq ki, onun da 37 metri qapalı hissədir. Eni 7 metr olan yanaşma yollarının ümumi uzunluğu isə 3,2 kilometrdir.
Qeyd edək ki, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsidir. Bu yolun müasir səviyyədə qurulması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın beynəlxalq nəqliyyat daşımalarında rolunu daha da gücləndirir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax şəhəri qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışında iştirak edib.
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi barədə məlumat verdi.
Bildirildi ki, bu layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 70 min sakinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən Yevlax şəhərində məhsuldarlığı 20 min kubmetr olan içməli sutəmizləyici qurğu, 139 kilometr içməli su şəbəkəsi, 13 minə yaxın abonent birləşməsi, 115 kilometr tullantı su şəbəkəsi və 5 nasos stansiyasının tikintisi planlaşdırılır. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12 min 500 kubmetr olan təmizləyici qurğunun tikintisi də nəzərdə tutulub.
Layihəyə uyğun olaraq ötən dövr ərzində şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan sürətli qumsüzgəc texnologiyalı təmizləyici qurğunun tikintisi işləri həyata keçirilib. Qurğuda 16 ədəd süzgəc quraşdırılıb, emal prosesindən sonra təmiz suyun toplanması məqsədilə ümumi həcmi 2 min 500 kubmetr olan 2 su anbarı tikilib. Təmizləyici qurğuda zərərsizləşdirmə, əks-yuma prosesinin aparılması üçün xüsusi nasoslar, kompleksin enerji təchizatı məqsədilə transformator və generator quraşdırılıb. Həmçinin uzunluğu 86 kilometr paylayıcı su təchizatı şəbəkəsi inşa olunub, 4 min 230 ədəd ev birləşməsi verilərək sayğac quraşdırılıb.
Qeyd edək ki, Yevlax şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri 1950-1960-cı illərdə yaradılıb. Şəhərin ilkin su mənbələri subartezian quyuları və Kür çayı olmuşdur. Hazırda istismarda olan 15 subartezian quyusunun imkanları tələbatı ödəmirdi. Quyu zonasından şəhərə çəkilmiş ümumi uzunluğu 27 kilometr olan 2 magistral kəmər dəfələrlə cari və əsaslı təmir edilsə də, dayanıqlı su təchizatına imkan vermirdi. Kür çayından nasoslar vasitəsilə götürülən su ilkin təmizlənərək abonentlərə verilirdi. Şəhərin 191 kilometr uzunluğunda mövcud paylayıcı su şəbəkəsi uzun illər istismar olunaraq yararsız vəziyyətə düşdüyündən tələbatı ödəmirdi.
Son illərdə ölkə üzrə əhalinin təmiz içməli suya təlabatının təmin olunması istiqamətində mühüm layihələr icra edilib. Bu müddət ərzində Bakıda Mərkəzi Laboratoriya və 9 regional laboratoriya yaradılıb. Görülmüş işlər nəticəsində ölkədə içməli su təchizatı üzrə itkilər son 20 ildə 62 faizdən 40 faizə qədər azaldılıb. 8,1 min kilometr tullantı və yağış su xətləri inşa edilib. Şəhər, rayon və qəsəbələr üzrə ümumi məhsuldarlığı sutkada 250 min kubmetr olan 28 ədəd tullantı sutəmizləyici qurğu quraşdırılıb. Bakı və Abşeron yarımadası üzrə isə 5 ədəd bu cür qurğu istismara verilib. Bundan başqa, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi də tikilib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də "AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Yevlax” qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin açılışında iştirak edib.
"AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, "Yevlax” qovşaq yarımstansiyası 60 il əvvəl tikildiyindən tələbatı ödəmirdi. Respublikanın Mərkəzi Aran regionunun enerji təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, enerjisistemin dayanıqlılığının və etibarlılığının artırılması məqsədilə bu yarımstansiya tamamilə yenidən qurulub. Yevlaxın tam, Bərdə və Ucar rayonlarının isə müəyyən hissəsi daxil olmaqla 180 mindən artıq əhalinin elektrik təchizatında, o cümlədən "Varvara” Su Elektrik Stansiyasında istehsal edilən yaşıl enerjinin enerjisistemə ötürülməsində xüsusi əhəmiyyətə malik bu yarımstansiyada 110 kilovoltluq yeni açıq paylayıcı qurğu quraşdırılıb, ərazidə yeni Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.
Yarımstansiyanın iş rejiminə real zaman çərçivəsində nəzarət edilir. Enerji obyekti ən son rəqəmsal texnologiyalara əsaslanan kommutasiya avadanlıqları ilə təchiz edilməklə, elektron resursların kibertəhlükəsizliyi tam təmin olunub. Enerjisistem üzrə bu tip innovativ texnologiyaların tətbiqi planlı və qəza təmiri xərclərini 35 faiz, ehtiyat hissələrə tələbatı 29 faiz, təmir işləri üzrə materialların gözlənilmə vaxtını və ehtiyatların normadan artıq olmasını 30 faiz, normativdən artıq iş saatlarını isə 25 faiz azaltmaqla səmərəliliyi yüksəldir. Burada müasir sayğac-uçot sistemi də quraşdırılıb.
Yarımstansiyanın ərazisində bütün zəruri avadanlıq, qurğu və simulyatorlarla təmin edilən üçmərtəbəli Regional Təlim-Tədris və Laboratoriya Mərkəzi yaradılıb. Mərkəzdə 12 fərqli istiqamət üzrə mühəndis hazırlığı və ixtisasartırma kursları təşkil olunacaq. Bu da bölgədə ixtisaslı kadr hazırlığını təmin etməklə məşğulluğun artırılmasına töhfə verəcək.
Tədris prosesinin əyani keçirilməsi, bilik və bacarıqların daha yaxşı mənimsənilməsi üçün yarımstansiyanın həyətyanı sahəsində transformatorlar, müasir kommutasiya qurğuları, hava və kabel xətlərinin komponentləri ilə tam təchiz edilmiş tədris simulyatoru yaradılıb. Müasir innovasiyalara əsaslanan test-diaqnostika avadanlıqları ilə təchiz olunan Laboratoriya Mərkəzində isə kimya və ekologiya, elektrik avadanlıqlarının sınağı və nəzarət-ölçü cihazlarının kalibrlənməsi laboratoriyaları da fəaliyyət göstərəcək. Laboratoriya Mərkəzi həm də paylayıcı şəbəkə, dəmir yolu infrastrukturu və sahibkarlıq subyektlərinin elektroenergetika avadanlıqlarının test-diaqnostika işlərinin həyata keçirilməsinə dəstək olacaq.
Qeyd edək ki, son beş ildə "AzərEnerji" ASC tərəfindən ümumilikdə 47 yerdə sistem əhəmiyyətli ötürücü yarımstansiya tikilib və ya tam yenidən qurulub, 2.500 kilometr uzunluğunda yüksək gərginlikli elektrik verilişi xətti çəkilib.
Ölkədə ümumi gücü 3000 meqavatdan artıq elektrik enerjisi istehsal edən 45 stansiya tikilib. Təkcə işğaldan azad edilən ərazilərdə tikilən Su Elektrik stansiyalarının sayı 38, gücü isə 307 meqavatdır. Ümumilikdə son illərdə görülən işlər nəticəsində hər kilovat-saata görə sərf edilən şərti yanacaq 284 qramdan 252 qrama düşüb, 2,8 milyard kubmetr təbii qaza qənaət edilib, 1 milyon ton karbon qazı emissiyasının atmosferə atılmasının qarşısı alınıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlaxda "Azərişıq” ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına Mərkəz barədə məlumat verib.
Bildirildi ki, İdarəetmə Mərkəzi vasitəsilə kənd təsərrüfatı sahələrinin, dövlət əhəmiyyətli strateji obyektlərin, iaşə və xidmət obyektlərinin, xüsusən də əhalinin elektrik enerjisi təchizatında fasiləsizliyin, dayanaqlılığın və səmərəli idarəetmənin təmin olunması həyata keçiriləcək. Burada 35/10 kV-luq hər birinin gücü 6,3 MVA olan iki güc transformatoru, müasir avadanlıqlarla təchiz olunmuş 35 və 10 kV-luq qapalı paylayıcı qurğular quraşdırılıb.
Mərkəzin elektrik təchizatı üçün "Yevlax” yarımstansiyasından 14 kilometr uzunluğunda elektrik veriliş xətti çəkilib. "Dəliməmmədli”, "Kürəkçay”, "Ağdaş”, "Ağsu”, "Tərtər” və "Dəmir Beton Məmulatları” yarımstansiyaları Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinə inteqrasiya olunub. Bununla da vahid mərkəzdən operativ dispetçer xidməti tərəfindən texniki parametrlərin daimi izlənməsi və idarə olunması təmin edilib. Mərkəz elektrik şəbəkələrinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həlli üçün layihələndirilib. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Bütün texnoloji ölçmələrin yüksək dəqiqliyini və vahidliyini təmin edən Mərkəzdə şəbəkənin etibarlı istismarı dəstəklənməklə yanaşı, elektrik enerjisinin paylanması zamanı itkilərin və ümumi istismar xərclərinin azaldılmasına da şərait yaranır.
Mərkəzdən qidalanan istehlakçıların enerji təchizatında yaranacaq planlı fasilələr barədə onlayn qaydada əvvəlcədən məlumatlandırılması imkanı yaradılıb. Alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulması cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir. Burada əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılması, habelə informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyəti, yaşıl enerji mənbələrinin şəbəkəyə inteqrasiyası həyata keçirilir.
Mərkəzdə yerləşən yarımstansiya qapalı tiplidir. Buna görə də istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirildiyindən daimi işçi heyətə ehtiyac olmur. Mərkəzin ərazisində əhaliyə xidmət göstərmək məqsədilə elektromobillər üçün sürətli enerjidoldurma cihazları quraşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Yevlax pilot aqroparkının açılışında iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov aqropark barədə dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, ümumi sahəsi 2.807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan bu aqropark ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır.
Aqropark İqtisadiyyat Nazirliyinin "Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” layihəsi çərçivəsində yaradılıb. Rezidentlər aqroparkda dövlət vəsaiti hesabına zəruri infrastrukturla - su, enerji, qaz və yolla təmin ediliblər. Rezidentlər, həmçinin Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditindən faydalanıblar.
Səmərəliliyin artırılması üçün aqroparkda ağıllı idarəetmə sistemi tətbiq olunur. Bu məqsədlə əkin aparılan bağlarda iqlim stansiyaları, xüsusi kameralar və torpaq nəmlik sensorları qurulub. Aqroparkda 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda 21 rezident tərəfindən həyata keçirilən layihələr çərçivəsində burada meyvə, meyvə tingi, damazlıq yumurta, taxıl məhsulları istehsal olunur. Məhsulların daxili bazarla yanaşı, ixracı da nəzərdə tutulur. Rezidentlər tərəfindən bu günədək aqroparka 57 milyon manatadək investisiya yatırılıb, 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradılıb. Aqroparkın konsepsiyasına uyğun olaraq, intensiv meyvə bağlarının salınması, heyvandarlıq, quşçuluq və əkinçilik təsərrüfatlarının, həmçinin sənaye zonasında emal sahələrinin və logistik mərkəzin yaradılması ilə özəl investisiyaların 100 milyon manata çatdırılması, 500 daimi və 1000-dən çox mövsümi iş yerinin yaradılması nəzərdə tutulur. Görülən işlərin davamı olaraq sənaye zonasında logistik mərkəz, emal müəssisələri, eləcə də heyvandarlıq kompleksi və məhsulların topdansatış bazarı da yaradılacaq. Diqqətə çatdırıldı ki, aqroparkın ərazisinin 1.185 hektarını çoxillik əkin, 1.298 hektarını birillik əkin, 141 hektarını sənaye zonası, 183 hektarını isə kommunikasiya xətləri və mühafizə zolaqları təşkil edir.
Qeyd edək ki, regionların tarazlı inkişafı, istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının önəmli istiqamətlərindəndir. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli işgüzar mühit, güzəşt, imtiyaz və stimullar regionlarda müsbət iqtisadi dəyişiklikləri və nailiyyətləri təmin edir. Elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan bu cür müasir infrastruktur aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsul istehsalında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır.
Xatırladaq ki, hazırda ölkədə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Sənaye zonaları üzrə ümumi investisiya həcmi 8 milyard manatdan çox olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 7 milyard manata yaxın investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb. 2015-ci ildən 2025-ci ilin I rübü də daxil olmaqla sənaye zonalarında ümumilikdə 16 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun 5 milyard manatdan çox hissəsi ixrac edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 23-də Goranboy rayonunda "Konstralab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsinin açılışında iştirak edib.
Goranboy rayonunun Qazanbulaq kəndində yaradılan müəssisə gips-karton, astar və üzlük gips məhsulları istehsal edəcək. Müəssisədə il ərzində 10 milyon kvadratmetr gips-karton lövhə, 150 min ton gipsəsaslı quru qarışıqlar istehsal olunacaq. Müasir avadanlıqla təchiz olunan müəssisədə istehsal edilən məhsulların yerli bazarda satışı ilə yanaşı, bir neçə ölkəyə ixracı da nəzərdə tutulur. Burada 200 nəfər daimi işlə təmin ediləcək. İstehsal zamanı istifadə edilən əsas xammal - yerli gips daşı Azərbaycanın müxtəlif regionlarındakı yataqlardan tədarük olunacaq. Növbəti mərhələdə kalsit və perlit istehsalı xətlərinin qurulması planlaşdırılır ki, bu da məhsulların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq.
Bununla yanaşı, gələcək inkişaf strategiyası çərçivəsində müəssisə fəaliyyətini genişləndirərək metal profil istehsalının təşkilini hədəfləyir. İnvestisiya dəyəri 33 milyon manat olan müəssisənin ümumi sahəsi 5 hektardır. Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən müəssisəyə 3,9 milyon manat güzəştli kredit ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına müəssisə idxal etdiyi avadanlıqlara görə 900 min manat güzəşt əldə edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm layihələrin icrası ölkə iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin açılmasına, xüsusilə sənayenin müxtəlif sahələrinin davamlı inkişafına böyük təkan verib. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı artır, ixrac imkanları genişlənir. Belə müəssisələrin bölgələrdə yaradılması isə ümumilikdə regionların sosial-iqtisadi inkişafını təmin etməklə, onların iqtisadi potensialının möhkəmləndirilməsində, məşğulluğun artırılmasında da mühüm rol oynayır.