Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi

ABŞ-də tanınmış aktyor Ceyms Hendi Los-Ancelesin Tarzana bölgəsində baş verən bıçaqlanma hadisəsi nəticəsində həyatını itirib. Hadisə ilə bağlı aktyorun sevgilisinin oğlu saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, Los-Anceles Polis Departamentinin məlumatına görə, hadisə səhər saatlarında qeydə alınıb. Polis Tarzanadakı yaşayış məhəlləsində yerləşən evdən daxil olan zəngdən sonra hadisə yerinə yollanıb. Zəng edən şəxs “Mən günah adamını öldürdüm” ifadəsini işlədib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə çatdıqda 81 yaşlı Hendini evin həyətində huşsuz vəziyyətdə, sinəsindən bıçaq xəsarəti almış halda aşkar ediblər. Aktyor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis bıçaqlanma hadisəsində şübhəli bilinən 44 yaşlı Maykl Qledhili saxlayıb. Məlumata görə, o, anası ilə birlikdə həmin evdə yaşayıb və anası Ceyms Hendi ilə münasibətdə olub. Şübhəli hadisə yerinə gələn polis əməkdaşlarına axtardıqları şəxsin özü olduğunu bildirib.
Qledhil qətldə şübhəli bilinərək həbs olunub və Van Nuys həbsxanasına aparılıb. Məhkəmə onun üçün 2 milyon dollar məbləğində girov təyin edib.
İstintaq orqanları hadisənin ictimaiyyət üçün əlavə təhlükə yaratmadığını açıqlayıb.
Qeyd edək ki, Ceyms Hendi Hollivudun tanınmış xarakter aktyorlarından biri hesab olunurdu. O, yarım əsrdən artıq davam edən karyerası ərzində 150-dən çox film və serialda rol alıb. Aktyor xüsusilə “Top Gun: Maverick”, “Logan”, “Jumanji” və “Arachnophobia” filmlərindəki obrazları ilə yadda qalıb.
Hendi həmçinin “Alias”, “Criminal Minds”, “NCIS: Los Angeles”, “CSI: NY”, “Cold Case” və digər məşhur televiziya layihələrində çəkilib.






















































