Menu
Xəbər Lenti
24 Şub 06:59Mədəniyyət

Vyanada Xocalı qətliamının qurbanlarının xatirəsinə konsert-rekviyem keçirilib

Fevralın 24-də Vyanada Xocalı qətliamının 31-ci ildönümü ilə əlaqədar silahlı münaqişələrin mülki qurbanlarının xatirəsinə orqan əsərlərindən ibarət konsert-rekviyem keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Mərkəzi və Vyanada fəaliyyət göstərən “Culture Meeting Point” təşkilatının dəstəyi ilə tədbir şəhərin mərkəzində yerləşən Müqəddəs Peter kilsəsində baş tutub. Tədbirdə Milli Məclisin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Vyanada akkreditasiya olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Rekviyemdən öncə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli çıxış edib, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Qarabağ bölgəsindəki dinc əhaliyə qarşı amansızlıqla törədilmiş Xocalı soyqırımı barədə məlumat verib. Qeyd edilib ki, Xocalı faciəsi Ermənistanın Azərbaycana hərbi təcavüzü dövründə mülki əhaliyə qarşı törətdiyi ən böyük qətliam idi və həmin vaxt 613 insan vəhşicəsinə qətlə yetirildi.

Diqqətə çatdırılıb ki, bu faciənin 31-ci ildönümünü qeyd edərkən, münaqişələr, müharibələr və böhranlar zamanı törədilmiş bu və digər cinayətlərin qurbanlarının xatirəsi ehtiramla yad olunmalı, dinc əhalinin müdafiəsini gücləndirməyə çağırış edilməlidir. Çünki bir sıra silahlı münaqişələrə, o cümlədən Xocalıda törədilmiş ən ağır beynəlxalq cinayətlərə hələ də lazımi diqqət yetirilməyib. Nəticə etibarilə günahkarların məsuliyyətə cəlb edilməməsi və cəzasızlıq təkcə beynəlxalq hüquqa və insan hüquqlarına zidd deyil, həm də davamlı sülh və həqiqi barışıq üçün birbaşa maneədir. Gələcəkdə belə pozuntuların baş verməməsi üçün hərbi cinayətlərə görə məsuliyyətin təmin edilməsi vacibdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından bəhs edib və bildirib ki, Xatın, Holokost, Srebrenitsa, Ruanda soyqırımları ilə üst-üstə düşən və mahiyyətcə oxşarlıq təşkil edən Xocalı soyqırımına beynəlxalq ictimaiyyət indiyədək lazımi diqqət və hüquqi qiyməti verməyib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində Xocalı faciəsi və Qarabağ haqqında həqiqətlər dünyada tanıdılır, artıq bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyıb. Yaxın günlərdə Vyanada keçiriləcək Xocalı mitinqi də ədalətin bərpa olunması üçün növbəti ictimai çağırış olacaq.

Sonra avstriyalı pianoçu və orqan ifaçısı İnes Şüttenqruber orqan konserti ilə çıxış edib. Konsert-rekviyemdə Yohann Sebastian Bax, Feliks Mendelson, Yohann Brams, Leon Boellmann ilə yanaşı, Almaniyada yaşayan azərbaycanlı bəstəkar Xədicə Zeynalovanın “Baxın muğamla görüşü” adlı solo orqan əsəri də yer alıb.