Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
Əsrə bərabər 2023 - Tarixi nailiyyət, suverenlik və müstəqilliyin bərpası - ŞƏRH
Başa çatmaqda olan 2023-cü il hər bir azərbaycanlının yaddaşında əlamətdar, silinməz iz buraxdığı bir il kimi qalacaq. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə düşəcək bu ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə ərazi bütövlüyümüz bərpa olundu. Bununla da postsovet məkanında separatizmə son qoyan ilk ölkə kimi tarixə düşdük. 200 ildir torpaqlarımızda süni şəkildə yaradılan separatizmə son qoyulmaqla yanaşı, müstəqilliyimiz bərpa edildi. Müzəffər Ali Baş Komandanın Xankəndidə noyabrın 8-də bütöv Azərbaycanın hərbi paradını keçirməsi, dekabrın 21-də isə futbol klublarımız arasında oyunun məhz burada keçirilməsi ən əlamətdar hadisələrdən oldu.
Prezident İlham Əliyev Xankəndi stadionunda keçirilən oyundan əvvəl etdiyi tarixi çıxışında Azərbaycanın ərazi bütövlüyünün bərpasından danışdı: “Dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.
2023-cü il ölkəmizin və xalqımızın həyatında mühüm hadisələrlə də zəngin olub. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edildi, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, onun özü qədər inandığı və gələcəyinə böyük inam bəslədiyi İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümünün qeyd edilməsi də xalqımız üçün olduqca qürurvericidir.
Beləliklə, 2023-cü il Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlarla yadda qalacaq. Bu reallıqlar erməni yalanlarını, mifini dağıtdı və dünyaya göstərdi ki, yenilməz ordu Azərbaycan Ordusu, məğlubedilməz xalq Azərbaycan xalqıdır.
İl ərzində Azərbaycanda yaşanan hadisələrə, beynəlxalq tədbirlərə qısa da olsa nəzər salaq;
Suveren ərazi bütövlüyümüz bərpa olundu
İlin ən ciddi uğurlası sırasında sözsüz ki, 23 apreldə Laçında sərhəd-buraxılış məntəqəsinin qurulması oldu. Bu, Azərbaycanın ən böyük qələbəsi, ciddi uğuru idi. Bununla da ermənilərin Qarabağa giriş-çıxışına nəzarət tamamilə Azərbaycana keçdi. Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən qüvvələr ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirsələr də, səyləri nəticəsiz qaldı.
Rəsmi İrəvan bu cür cəhdlərlə Azərbaycanın daxili işlərinə müdaxilə etməklə yanaşı, uzun illərdən bəri ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətinə fərqli don geyindirməyə çalışırdı. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addım idi. Şübhəsiz ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərk-silah olunması baxımından böyük önəm daşıyırdı.
Prezident İlham Əliyev 1 may 2023-cü il tarixində ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı da bunu qeyd etmişdi: “Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib. Məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqlarının Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaqdır”.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanır. “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılışı bilavasitə İkinci Qarabağ müharibəsində əldə olunmuş böyük Qələbənin təcəssümü kimi dəyərləndirilir.
Tarixi sərhədimizdə Azərbaycan bayrağının ucaldılması və həmin ərazidə rəsmi dövlət qurumlarımızın nümayəndəliklərinin mövcudluğu hər bir azərbaycanlının qürur mənbəyidir. Baş verən hadisələrin fonunda artıq həqiqi üzlərinin ortaya çıxdığını görən Ermənistan və onun Fransa kimi qərbli havadarları dünya miqyasında Azərbaycan əleyhinə geniş qarayaxma kampaniyalarına start verdilər. Avqustun 16-da Nyu-York şəhərində BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsi ilə bağlı təcili iclası Ermənistanın və erməni lobbisinin bütün səylərinə, dəstəkçilərinin canfəşanlıqlarına baxmayaraq, istədikləri nəticəni vermədi: nə çox gözlədikləri anti-Azərbaycan qətnaməsi, nə də hər hansı birgə bəyanat qəbul olundu.
Sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatlarına başlayan Azərbaycan Ordusu cəmi 23 saat ərzində düşməni darmadağın etdi və sentyabrın 20-də Qarabağda qalmaqda olan separatçı rejim özünü buraxdığını elan etdi, onun silahlı dəstələri tərk-silah olundu, qısa müddət sonra isə dırnaqarası rəhbərlər Azərbaycan təhlükəsizlik orqanları tərəfindən saxlanıldı. Yeri gəlmişkən, bu dəfə də fəaliyyətdə olan erməni diplomatiyası dünyanı ayağa qaldırsa da, BMT-nin Təhlükəsizlik Şurasının iclasının keçirildiyi 21 sentyabr tarixində zərgər dəqiqliyi ilə hərəkət edən rəsmi Bakının nümayəndələri artıq Yevlaxda Qarabağın yerli erməni sakinləri ilə reinteqrasiya məsələlərini müzakirə etmək üçün görüş keçirirdi. Bununla da hər şey bitmiş oldu. Azərbaycan dünyaya bir daha özünün yüksək humanizmini, eyni zamanda gücünü və iradəsini nümayiş etdirdi.
Beləcə, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini, eləcə də beynəlxalq hüququ məhz öz gücü hesabına, mülki əhaliyə ziyan vermədən, yüksək dəqiqlik və peşəkarlıqla bərpa etdi. Prezident İlham Əliyev oktyabrın 15-də - ilk dəfə Prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə öz xalqı qarşısında verdiyi bütün vədləri yüksək səviyyədə yerinə yetirmiş qətiyyətli lider kimi Xankəndi şəhərinin mərkəzində üçrəngli Azərbaycan bayrağını qaldırdı və xalqa müraciət edərək dedi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.
İlin ən əhəmiyyətli hadisələrindən biri də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatının dekabrın 7-də birgə açıqlama yaymaqları oldu. “Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir”.
Açıqlamada Azərbaycan və Ermənistan qarşılıqlı olaraq ərazisində saxladığı hərbçilərin azad edilməsi vurğulanıb. Rəsmi İrəvan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini, rəsmi Bakı isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəklədiyini bildirib.
Xüsusi qeyd edilməlidir ki, rəsmi Bakı ilə İrəvan arasında indiyə qədər bu səviyyədə ikitərəfli sənəd qəbul edilməyib. Bu sənəd həm də real addımların atılması ilə də özünəməxsusdur. Azərbaycan və Ermənistanın konkret fəaliyyətlə bağlı birgə açıqlama yayması həm də milli dövlətçilik tarixində ilk hadisə sayılır. Konkret addımların atılmasına dair ilk sənəd 2020-ci il noyabrın 10-da Rusiyanın iştirakı ilə qəbul edilib. O sənədin real nəticələri artıq var.
Bunun davamı olaraq dekabrın 13-də iki ölkə arasında vasitəçilərsiz vacib humanitar addım atıldı. Azərbaycanın iki əsirinin Ermənistanın 32 hərbçisi ilə mübadiləsi prosesi baş tutdu.
Rəsmi Bakının bu addımı Ermənistan üçün sülhə çağırışı idi. Azərbaycan mübadilə ilə iki ölkə arasında sülhün yaranmasında maraqlı olduğunu, bu istiqamətdə addımlar atmağa hazırlılığını bəyan edib. Bu addım sübut etdi ki, tərəflər arasında birbaşa, ikitərəfli dialoq normallaşma prosesi üçün mühüm amildir. Hadisə tərəflərin bir çox məsələlərdə razılığa gələ bilmələrinin imkanlarını da aşkarladı. Hərbçilərin dəyişdirilməsi tərəfləri sülh sazişinə inamını artırır, perspektivdə yeni təkliflərin müzakirəsini aktuallaşdırır.
Qlobal Bakı Forumu - Azərbaycanın güc və inkişaf rəmzi
Bu il martın 9-da Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu ilin ən mühüm tədbirlərindən biri oldu. Mühüm əhəmiyyətli beynəlxalq tədbir kimi Azərbaycanın tək regionda deyil, dünyada sülhün davamlılığında maraqlı olduğunu göstərdi. Prezident İlham Əliyev məqsədli olaraq beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltməyə müvəffəq olub.
X Qlobal Bakı Forumu müxtəlif məsələlərin müzakirə olunduğu mühüm bir platformadır və keçirildiyi dövrün reallıqlarına uyğun olaraq, müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb. Bu forumun digər bir əhəmiyyəti isə bu və ya digər məsələlərin həlli ilə bağlı fikirlər irəli sürülməsidir. Bu baxımdan, Qlobal Bakı Forumu olduqca böyük əhəmiyyət kəsb edir. Bu forum öz əhəmiyyətinə və miqyasına görə bu gün Davos Dünya İqtisadi Forumu kimi toplantılarla da müqayisə oluna bilər. Hətta deyərdik ki, ondan da əhəmiyyətlidir. Qlobal Bakı Forumunda sözün əsl mənasında dünyanı narahat edən məsələlər ətrafında müzakirələr aparılır. Forumu əhəmiyyətli edən məsələlərdən biri də tam müstəqil bir forum olmasıdır. Bu da Azərbaycan dövlətinin tam müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir. Qlobal Bakı Forumu heç bir halda konkret bir istiqamət məqsədli, hansısa dairələrin maraqlarına uyğun missiyanı yerinə yetirmək məqsədi güdməyib. Forumu dünyanın bu günü və gələcəyi üçün çox mühüm əhəmiyyət kəsb edən toplantıdır.
2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq Davos Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü gələcəyə nəzər salmağa imkan verən beynəlxalq diskussiya platforması statusunu alıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxışında qlobal gündəliyin aktual məsələləri ilə bağlı Azərbaycanın mövqeyini və sülh quruculuğu ilə əlaqədar təcrübəsini diqqətə çatdırdı. Həmçinin, Azərbaycanın sülh quruculuğu ilə bağlı səylərini və Qoşulmama Hərəkatı müstəvisində yeni uğurlu əməkdaşlıq təcrübəsini təqdim etdi. Prezident İlham Əliyevin tövsiyələri və Azərbaycanın münaqişələrin həlli, sülh quruculuğu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində təcrübəsi X Qlobal Bakı Forumunda yeni ideyaların, yanaşmaların meydana çıxmasına və təşəbbüslərin yaranmasına əhəmiyyətli töhfə verməkdədir.
Türk dövlətləri ilə əməkdaşlıq daha da güclənib
2023-cü il, xüsusən, türk dövlətlərinin, həmçinin Mərkəzi Asiya ölkələrinin birlik və bərabərliyi, əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi və vahid coğrafi-iqtisadi-mədəni məkan üzərində birgə inkişaf meyillərinin çiçəkləndiyi il kimi də yadda qalacaq. İlin əvvəllərində qardaş Türkiyə Respublikasında baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan dövləti və xalqımız səfərbər olaraq öz qardaşlıq missiyasını ən yüksək səviyyədə icra elədi. 2023-cü ilin 16 martında Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü, noyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü, eləcə də sentyabrın 14-də Tacikistanın paytaxtı Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü, oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası, noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı və nəhayət, noyabrın 24-də Azərbaycanın təşəbbüsü ilə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü, eləcə də digər qlobal forumlar, qarşılıqlı xarici səfərlər və imzalanan sənədlər Azərbaycanın artan rolu və möhkəmlənən mövqeyinin göstəricisidir.
Xüsusən də, Azərbaycan liderinin türkdilli dövlətlər arasında təmasların inkişafında göstərdiyi səylər hər zaman təqdir edilməlidir. Prezident İlham Əliyev tərəfindən irəli sürülən təklif və təşəbbüslərin həyata keçirilməsi türkdilli ölkələr arasındakı əlaqələrin inkişafına əsaslı töhfə verib. Azərbaycan-Türkiyə əlaqələri tarixində ikitərəfli münasibətlərin ən yüksək zirvəyə ucalması, Qazaxstan, Özbəkistan, Qırızıstan və Türkmənistanla qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, türkdilli ölkələr arasında inteqrasya prosesinin geniş vüsət almasında Azərbaycanın körpü rolunu oynaması, habelə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilərək yeni statusda fəaliyyət göstərməsində Prezident İlham Əliyevin xidmətləri böyükdür.
Başa çatmaqda olan 2023-cü ildə xoş və tarixi hadisələrlə yanaşı, qanqaraldıcı olaylar da yaşandı. Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində səfirliyin bir əməkdaşı həlak oldu, ikisi isə yaralandı. Hadisə bütün göstəriciləri ilə terror, Azərbaycanın ərazisinə təcavüz kimi qiymətləndirildi. Xain hücumun arxasında İran xüsusi xidmət orqanlarının durduğu barədə xəbərlər yayıldı. Sözsüz ki, İranın müəyyən dairələri bununla Azərbaycana hədə-qorxu gəlməyə çalışırdılar. Terror hadisəsindən sonra rəsmi Tehranın hərəkətləri də bunu deməyə əsas verirdi. Nəticədə Azərbaycan Tehrandakı səfirini geri çağırdı və səfirliyin fəaliyyətini müvəqqəti dayandırdı. İkitərəfli gərginlik uzun müddət davam etdi və nəhayət, İran hökuməti ikitərəfli gərginliyə səbəb olan hallara yol verməklə özü üçün problem yaratdığını anlamağa başladı. Artıq son aylarda Azərbaycan-İran münasibətlərində müəyyən mülayimləşmə hiss olunur. Sentyabr ayında Bakıda İran- Azərbaycan birgə komissiyasının iclası keçirilib, hərbi rəsmilərin, həmçinin İranın baş prokurorunun səfəri baş tutub, Tehrandan Azərbaycanın ərazi bütövlüyünə dəstək mesajları gəlib. Bütövlükdə, İranla bağlı məsələlər müsbət müstəvidə gedir. Amma təhlükəsizlik məsələləri ilə bağlı problemlər hələ öz həllini tapmayıb. Necə deyərlər, top İran tərəfdədir. Hər şey Tehranın 2024-cü ildə hansı addımları atacağından asılı olacaq.
Beləliklə, yuxarıda qeyd etdiyimiz kimi, 2023-cü il Azərbaycanın 200 illik tarixinə qızıl hərflərlə yazılacaq. Əmin ola bilərik ki, 2024-cü il də Azərbaycan xalqı və dövləti üçün uğurlu olacaq. Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində isə xalqımız layiq bildiyi namizədə, Azərbaycanın sülh və tərəqqiyə hədəflənən gələcəyinə səs verəcək.
"Report" İnformasiya Agentliyi