“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Dubayda afrikalı uşaqla şəkil çəkdirdiyi üçün saxlanılan azərbaycanlı: “Biz qeyri-etik heç nə etməmişik”
“Dekabrın 11-də biz Əbu-Dabi hava limanına, oradan da şəxsi nəqliyyat vasitəsi ilə “Dubay Mall”a gəlmişik. Dörd nəfər istirahət məqsədilə gəldiyimiz səfərdə anlaşılmazlıq səbəbindən saxlanılmışıq, ölkəni tərk etməyimizə icazə verilmir”.
Bunu Oxu.Az-a saxlanılan Emin Bəhman oğlu Cəlilov deyib. O bildirib ki, dörd azərbaycanlı yoldaşdan ikisi ölkəyə geri qayıdıb, iki nəfər isə “Dubay Mall”da afrikalı uşaqla icazəsiz şəkil çəkdirdiyi üçün saxlanılıb:
“Ticarət mərkəzində bir-birimizdən 10-15 metr aralı gəzirdik. Birdən orada afrikalı bir uşaq gördüm. Əlimi uşağın çiyninə qoyub şəkil çəkdirdim. Xatirə üçün dörd-beş saniyəlik bir video da çəkdim. Daha sonra təşəkkür məqsədilə uşağın başından öpdüm. İngilis dilində “çox sağ ol, təşəkkür edirəm” dedim.
Bizdən aralıda gəzən digər yoldaşımızı səslədik. O gəldi, altı-yeddi metr məsafədən mənim, uşağın və o biri yoldaşın şəklini çəkdi. Orada başqa heç nə olmayıb. Nə uşağa lağ etmişik, nə qeyri-etik davranışımız olub. Sadəcə, yanlış anlaşılma olduğundan anasının şikayətçi olduğunu deyərək bizi burada saxlayıblar. O uşaqla anası da turist idilər, Afrikadandırlar. Üç gün bizi nəzarətdə saxladılar. Daha sonra izahat alıb, telefonları alıb, buraxdılar. Dedilər ki, ölkədən çıxışınıza qadağa qoyulub, işiniz məhkəməyə göndəriləcək. 20-25 gün bizim işimizi yubatdılar.
Diasporla İş üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinə, Azərbaycan Xarici İşlər Nazirliyinə məlumat vermişik. Artıq 50 gündür, biz burada çıxılmaz vəziyyətdə qalmışıq. Bilmirik, vəziyyət hansı yerdədir, amma biz heç bir qeyri-etik hərəkət etməmişik. Gah deyirlər, iki ildən on ilə qədər cinayət işi açıla bilər, gah deyirlər, şikayət geri götürülüb. Aidiyyəti qurumlardan xahiş edirik ki, bizim məsələni ciddi nəzarətə götürsünlər. Ailələrimiz bizdən narahatdırlar, iş yerlərimizdə problem yaranır. Rica edirik ki, bu məsələnin aydınlaşdırılması və bizim Azərbaycana qayıtmağımız üçün zəruri addımlar atılsın”.
Xarici İşlər Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ ilə bağlı Azərbaycanın Dubaydakı baş konsulluğu tərəfindən müvafiq addımlar atılıb:
“Zəruri araşdırma aparılır, hələlik yekunlaşmayıb”.