Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

01 Mrt 17:49Manşet / Gündəm / Siyasət

Azərbaycan sülh prosesinə sadiqdir

 

Azərbaycanın qazandığı uğurlar, bütün sahələrdə əldə edilən müsbət göstəricilər onun nəinki regionda, həmçinin dünya miqyasında aparıcı ölkələr sırasına çıxarıb. Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələrini verən Azərbaycan qitənin aparıcı dövlətlərinin diqqət mərkəzindədir. Ölkəmizə gələn, onunla əlaqələrin genişləndirilməsinə, işbirliyi qurmaq üçün təşəbbüs göstərən ölkələrin sayı artır. Növbəti səfər fevralın 28-də reallaşıb. Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyəti Bakıya gəlib.
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlətimizin başçısı iqtisadi sahənin ikitərəfli münasibətlərimizdə həmişə mühüm rol oynadığını qeyd edərək bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev keçən il Berlinə səfəri zamanı Almaniya Kansleri ilə görüşündə əlaqələrimizin geniş gündəliyinə daxil olan məsələlərin, o cümlədən iqtisadi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. Ölkə başçısı həmçinin Almaniyanın Kansleri Şoltsun təşəbbüsü ilə bu yaxınlarda Münxendə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşün sülh prosesinə dinamizm gətirilməsi baxımından önəmini vurğulayıb, bu zaman Fransadan fərqli olaraq Almaniyanın sülh prosesində neytrallıq nümayiş etdirdiyini qeyd edib.
“Beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”, – deyən Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Dövlətimizin başçısı təəssüf hissi ilə qeyd etdi ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Cənab Prezidentin vurğuladığı kimi: “Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir”. Bildirilib ki, Aİ-nın rəsmisi Borrel və Fransa prezidenti Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan sülh prosesinə sadiqdir. Ona görə də İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan sülh danışıqları təşəbbüsü ilə çıxış etdi. Ölkəmiz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırlayıb və sülh müqaviləsinin mətninin layihəsini təqdim edib.
Görüşdə dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında olub. Ermənilər torpaqlarımızın 20 faizini işğal edərək həmin əraziləri dağıdıblar, o vaxt 1 milyona yaxın soydaşımız məcburi köçkün vəziyyətinə düşüb. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara məhəl qoymayıb, Xocalı soyqırımını törədib. 2020-ci ildə Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdi və Qarabağda separatizm yuvasını dağıtdi. Məhz bundan sonra ölkəmiz müxtəlif istiqamətlərdə, Makron, Borrel və onlar kimi digər insanlar tərəfindən günahlandırılaraq hücumlara məruz qalıbdır. Öz çıxışında cənab Prezident Ukrayna hadisələrini misal göstərib. Bu gün Ukrayna öz ərazi bütövlüyünü bərpa etmək istəyir. Almaniya və digər ölkələr Ukraynaya silahlar göndərirlər. Bütün qərb ölkələri, ABŞ bəyan edirlər ki, Ukrayna öz ərazi bütövlüyünü təmin etməlidir. Bu zaman nədənsə Azərbaycanın ərazi bütövlüyü yaddan çıxır, ikili standartlara önəm verilir. Avropa institutları tərəfindən Cənubi Qafqazda Gürcüstan və Ermənistanı çox yaxın qəbul edilir, Azərbaycan isə uzaq tutulur. Səbəb? Çox güman ki, bu da ölkəmizin İslam dinidir.
Ölkəmiz öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdikdən sonra Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərar qəbul edib. Bu qərar da əfsuslar olsun ki, Kansler Şoltsun rəhbərlik etdiyi partiyanın üzvü olan Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub. Almaniya Kansleri qərəzsizlik nümayiş etdirir, onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir və bunu nümayişkaranə və məqsədyönlü şəkildə edir. Bu da yalnız Azərbaycana qarşı yürüdülən ikili standart kimi qəbul edilməlidir. Prezident İlham Əliyev bildirib ki, əgər bir il ərzində Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.
Azərbaycanın özünü təmin edən ölkə olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Kimsə bizim inkişafımıza töhfə vermək istəyirsə biz minnətdar olarıq.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi. Təcavüz nəticəsində 20 faiz ərazimiz işğal edidi, şəhər və kəndlərimiz dağıdıldı, bir milyondan artıq soydaşımız məcburu köçkün həyatı yaşadı. Təəssüflər olsun ki, otuzillik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Azərbaycan öz torpaqlarını azad etməyə başlayanda isə bu üç ölkə ölkəmizə müxtəlif təzyiqlər göstərməyə başladılar. Onlar Azərbaycan torpaqlarının azad edilməsini açıq-aydın istəmədiklərini öz fəaliyyətləri ilə göstərdilər. 2023-cü ilin sentyabrında ölkəmizdə separatizmə son qoyuldu, ərazilərimiz tam azad edildi və dövlət suverenliyimiz bərpa edildi. Bu zaman da bu ölkələr yenə öz iç üzlərini göstərdilər. Bu gün də bu davam edir, xüsusilə ABŞ və Fransa öz ikiüzlü siyasətlərini davam etdirirlər. Ölkə başçısının bildirdiyi kimi “Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər”.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Azərbaycan sülh prosesinə sadiqdir