Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

14 Nis 17:53Manşet / Gündəm

Şəhidlik zirvəsinə ucalan igid - Elməddin Ələddin oğlu Məmmədl

Lənkəran rayonunun Göyşaban kəndində dünyaya göz açan Elməddin Ələddin oğlu Məmmədlinin ömür yolu cəmi 25 il oldu. Qaldı ki, o, əbədi yaddaşlara yazıldı. Elməddin İkinci Qarabağ müharibəsində Vətənin azadlığı, xalqının xoş gələcəyi naminə gözünü qırpmadan canını fəda etdi.

Lap uşaq yaşlarında daşına, torpağına bağlandığı doğma Azərbaycanın müqəddəsliyinə tapınan və ona ləyaqətli övlad olmaq arzusu ilə Elməddin Məmmədli 2012-ci ildə doğma kənd məktəbini yaxşı qiymətlərlə başa vurur. Həm də idmanın ağır atletikada qazandığı uğurlar ona hörmət gətirir. Məşq etdiyi “Zirvə” idman klubun ən tanınmış idmançısı sayılır. Beləcə, özündən çox Vətənini düşünən Elməddin həqiqi hərbi xidmətə yola düşəndə isə qohum-qonşuya dediyi belə olur: “Vətənimizin müqəddəs parçası olan Qarabağda erməni dığalar at oynadır. Bu, bizə heç cür yaraşmır. Yağı düşməndən qisasımı almağa gedirəm.”

Elməddin cəbhə bölgəsində Vətəninin keşiyində durur. Onu canından əziz tutmaqla göz bəbəyi kimi qoruyur, ən əsası məqamında uğrunda qan tökməyə həmişə hazır durur. Həm də təlimlərdə uğur qazanır, mərdliyi, igidliyi onu komandirlərin, əsgərlərin sevimlisinə çevirir. Bir sözlə, əsgəri borcu şərəflə verib evə dönsə də, düşməndən alacağı öcü gözləyir..

Vətənini, xalqını ürəkdən sevən Elməddin bir müddət el-obası üçün çalışır. Gördüyü işə görə təmənna ummur. Xeyirxah əməlləri, ülvi, humanist keyfiyyətləri cəmiyyətdə onu yalnız başıuca edir. Vətən torpaqlarını azad görmək istəyi, yağıya nifrət hissi bir qayda olaraq Elməddini mübarizə meydanına səsləyir. Odur ki, 2020-ci il sentyabr ayın 27-də İkinci Qarabağ müharibəsi başlayanda ürəyi Vətənə sevdalanan gənc tərəddüd etmədən cəbhəyə yollanır.

Lənkəranın qartal balası Elməddin silaha sarılan andan müharibə meydanında düşmənə qan uddurur. Neçə-neçə ağır döyüşlərdən keçir. Hər dəfə də yağının çoxsaylı canlı qüvvəsini, texnikasını məhv edir. Qubadlıda, Zəngilanda göstərdiyi şücaət döyüşçü yoldaşlarında şanlı qələbəmizə böyük inam yaradır. 24 oktyabrda Qubadlıda gedən ağır müharibədə ölümcül yaralansa da, dığalara təslim olmur, döyüşə-döyüşə şəhidlik zirvəsinə ucalmaqla əbədiyyət adlı dünyasına qovuşur.

Şəhidliyi Vətən sevgisindən başlanan Elməddin Məmmədli böyük bir xalqın qəhrəmanlıq simvoluna dönür. Dövlətdə öz növbəsində tarix yazan oğlunu “Vətən uğrunda”, “Cəsur döyüşçü”,” Vətən müharibəsinin iştirakçısı” və digər medallara layiq görür...

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

"İki sahil"