“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Mingəçevirdə gəzinti qayığında partlayış - Xəsarət alanlar var
Dünən axşam saatlarında Mingəçevirdə gəzinti qayığında yanğınla müşayiət olunan partlayış baş verib.
“Qafqazinfo”nun məlumatına görə, qəza baş verən qayıqda 10 nəfər xəsarət alıb.
Goranboy rayon sakinləri 1982-ci il təvəllüdlü Şirinov Emil Arzu oğlu, 1987-ci il təvəllüdlü Əhmədova Kamilə Akif qızı, 2011-ci il təvəllüdlü Şirinov Həsən Emil oğlu, Ağdam rayon sakini Məhərrəmov Sahil Emin oğlu, 2018-ci il təvəllüdlü Xocalı rayon sakini Orucova Afət Seymur qızı, 1990-cı il təvəllüdlü Orucova Nəzakət Mərkəz qızı, 2014-cü il təvəllüdlü Orucov Əli Seymur oğlu və qayıqçı olmaqla 10 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Sakinlər bildiriblər ki, bu artıq Kür çayında 3-cü belə hadisədir.
***
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Mingəçevirdə baş verən hadisə ilə əlaqədar saat 20:20 radələrində 10 nəfər (3-ü qadın cinsli, 7-si kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 8 nəfər (3-ü qadın cinsli, 5-i kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin (kişi cinsli) müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Vəziyyətləri stabildir.
***
Baş Prokurorluğun Mətbuat xidməti hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Mingəçevir şəhərində gəzinti qayığının yanması nəticəsində 10 nəfərin xəsarət alması faktı üzrə Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.