“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
İTS bud-çanaq oynağının süni protezlə dəyişdirilməsi əməliyyatını qarşılayır
Bud-çanaq oynağı insan bədəninin ən böyük oynağıdır. Onsuz yerimək, oturub-durmaq, qaçmaq, bədəni vertikal vəziyyətdə saxlamaq kimi hamıya tanış olan hərəkətləri təsəvvür etmək mümkün deyil. Bu oynağın zədələnməsi, eləcə də, degenerativ və iltihabı xəstəliklər nəticəsində oynaqda baş verən dəyişikliklər ciddi ağrılara və hərəkət məhdudiyyətlərinə səbəb ola bilər. Konservativ müalicə metodları ilə aradan qaldırıla bilinməyən hallarda, pasiyentin əvvəlki aktivlik və həyat tərzini geri qaytara biləcək yeganə yol bud-çanaq oynağının tam və ya hissəvi olaraq süni protezlə dəyişdirilməsi əməliyyatıdır.
2024-cü ilin ilk 6 ayında icbari tibbi sığorta çərçivəsində ümumilikdə 1434 bud-çanaq oynağının dəyişdirilməsi əməliyyatı uğurla icra olunub. Bu əməliyyatların 1146-sı bud-çanaq oynağının total dəyişdirilməsi (həm bud sümüyü başının, həm də asetabulumun protezlə əvəz edilməsi), 288-i isə bud-çanaq oynağının hissəvi dəyişdirilməsi (bipolyar endoprotez) üzrə həyata keçirilib.
Bud-çanaq oynağının dəyişdirilməsi əməliyyatından əvvəl xəstənin sağlamlıq vəziyyətini düzgün qiymətləndirmək məqsədilə tibbi göstəriş əsasında ixtisaslı həkim tərəfindən təyin edilmiş bir sıra müayinələr - oynağın bir neçə proyeksiyada rentgenoqrafiyası, KT, MRT və s. həyata keçirilir. İcrası zəruri olan funksional diaqnostik və laborator müayinələr icbari tibbi sığorta təminatına daxildir.
Sözügedən əməliyyat zamanı icra edilən instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, bu zaman istifadə olunan dərman və tibbi sərf, xüsusi tibbi sərfiyyat (endoprotez), yatış müddətində həyata keçirilən manipulyasiyalar, qan və ya qan komponentləri, o cümlədən fizioterapiya xidmətləri icbari tibb sığorta tərəfindən qarşılanır.
İcbari tibbi sığorta ilə təmin edilən endoprotez yüksək keyfiyyəti ilə seçilən İsveçrənin “Medacta” şirkətinin istehsalıdır.
Qeyd edək ki, bud-çanaq oynağının dəyişdirilməsi əməliyyatı icbari tibbi sığorta ilə həkim göstərişi əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında, həmçinin göndəriş əsasında özəl tibb müəssisələrində həyata keçirilir.