“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
DYP həmin valideynlərə çağırış etdi
Baş Dövlət Yol Polisi İdarəsi avtomobilini azyaşlı övladlarına həvalə edən valideynlərə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, idarə, xəbərdarlıq edilməsinə baxmayaraq, yetkinlik yaşına çatmayan şəxslərin gizlin, bir sıra hallarda isə məhz valideynlərinin iştirakı ilə avtomobil idarə etməsi hallarının olmasını bildirib:
“Bu kimi hallar ciddi narahatlıq doğurur. Təəssüf ki, bəzən valideynlər avtomobilin sükanını bir müddət azyaşlı övladlarına həvalə etməklə artıq onların bu məsuliyyətli işin öhdəsindən gəldiklərini zənn edir, lakin yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən azyaşlıların ekstremal vəziyyətlərdə aciz qalacaqlarını, özlərinin və doğmalarının arzularını yarıda qoya biləcəklərini unudurlar.
Baş Dövlət Yol Polisi İdarəsi avtomobili azyaşlı övladlarına etibar edən valideynlərə müraciət edərək onlara bu əməlin kobud qayda pozuntusu olduğunu bildirir, eyni zamanda bu yanlış addımın ağır faciələrə səbəb ola biləcəyini bir daha xatırladır”.
Qeyd edək ki, dünən Şamaxıda 16 yaşlı yeniyetmənin atasına məxsus avtomobili idarə edərkən törətdiyi qəza onun ölümünə səbəb olmuşdu.