Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

26 Ekm 09:57Manşet / Gündəm

Vətən müharibəsinin 30-cu günü - Üçüncü atəşkəs elan olunur

2020-ci il oktyabrın 26-sı, bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin otuzuncu günü.

Oxu.Az xatırladır ki, müharibə başlayandan bəri üçüncü atəşkəs elan olunur. 26 oktyabr yerli vaxtla səhər 8:00-dan etibarən Azərbaycanla Ermənistan arasında humanitar atəşkəs qüvvəyə minir. Ordumuz humanitar atəşkəs rejiminə bütün cəbhə boyu tam riayət edir. Ermənistan silahlı qüvvələri isə əzəli və əbədi xislətlərinə sadiq qalaraq, gün ərzində müxtəlif aralıqla Laçının Səfiyan kəndində, həmçinin Gədəbəy, Tovuz və Daşkəsəndə yerləşən bölmələrimizi, Tərtər şəhərini və kəndlərini, Füzuli, Ağdam və Ağcabədidə yaşayış məntəqələrimizi artilleriya atəşinə tutur. Daşkəsənə hücum nəticəsində meşə yanğını başlayır. Axşam saatlarında isə Tərtər "Smerç" reaktiv yaylım atəşli sistemindən atəşə tutulur. Gün ərzində yaşayış məntəqələrimizə iki yüzdən çox mərmi atılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində müharibədə hərbi və siyasi vəziyyəti şərh edir:




"Bir daha deyirəm, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycan xalqı da tolerant xalqdır. O insanların günahı yoxdur. Kimin günahı var, o cavab verir və mən demişəm ki, Azərbaycan xalqının qanı yerdə qalmayacaq və qalmır. Xocalı soyqırımını törədən cinayətkarlar son bir ay ərzindəki bu döyüşlərdə artıq məhv edildilər. Ədalət zəfər çaldı. Ona görə bir daha mövqeyimi bildirmək istəyirəm, biz mütləq bu torpaqlara hərbi-siyasi yollarla qayıdacağıq. Hərbi mərhələ bu gün başa çata bilər. Biz məsələni siyasi yollarla həll edəcəyik. Azərbaycanlılar qayıdırlar Şuşaya, azərbaycanlılar qayıdırlar Xankəndiyə. Əvvəllər yaşadığımız bütün başqa yerlərə qayıdırlar. Erməni əhali üçün şərait yaradılır, yavaş-yavaş bir yerdə yaşamağı öyrənməliyik, həm onlar, həm də biz. Mən məsələni belə görürəm və mənim bu yanaşmam həm əxlaqa, həm beynəlxalq hüququn normalarına əsaslanır. Ermənistan isə istəyir ki, bizi oradan qovsun, ondan sonra etnik təmizləmə aparsın, bizim abidələrimizi erməniləşdirsin, xaricdən erməniləri gətirsin oraya. Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan? Nə oldu? Hanı bu yol? Bəs Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi".

Prezident İlham Əliyev İtaliyanın "Rai-1" televiziya kanalına müsahibəsində Ermənistanla barışığın mümkün olub-olmaması ilə bağlı suala da aydınlıq gətirir:

"İşğal aradan qaldırılmalıdır, azərbaycanlılar əsrlər boyu yaşadıqları torpaqlara qayıtmalı və erməni əhali ilə qonşuluqda, razılıq şəraitində yaşamalıdırlar. Bu, asan olmayacaq, buna vaxt lazım gələcək. Lakin Avropa ölkələrinin vuruşduğu İkinci Dünya müharibəsindən sonra ölkələrin necə barışdığını bilirik - bugünkü qonşular o vaxt çox insanı qətlə yetiriblər. Lakin bu, daim yaddaşda yer tutmamalı, nifrət doğurmamalıdır. Erməni ideoloqları bu gün bununla məşğuldurlar. Xoş məram göstərilməlidir. Əgər belə olsa, mənim dediyim olacaq. Əgər olmasa, biz hər bir halda bu torpaqları qaytaracağıq. Döyüş meydanında bugünkü vəziyyət də bunu göstərdi. Biz onları nəyin bahasına olsa, qaytaracağıq. Ya dinc yolla, ya da müharibə yolu ilə, lakin qaytaracağıq. Buna görə düşünürəm ki, Ermənistan rəhbərliyi bu barədə ciddi düşünməli və düzgün addım atmalıdır".

Dövlət başçısının da qeyd etdiyi kimi, Ermənistan rəhbərliyi işğalçı siyasətdən imtina etsəydi, regionumuz dünyanın ən firavan bölgələrindən birinə çevrilə bilərdi. Təəssüf ki, bu dəfə də əksi oldu.

Bütün bunların fonunda Prezident xalqı sevindirən növbəti müjdəni verir. Ölkə başçısı Azərbaycan Ordusu tərəfindən bir gün əvvəl Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd; Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər, Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhərinin azad olunduğunu bəyan edir.

Beləliklə, müharibənin 30-cu günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir.

Mərahim Nəsib