Xəbər Lenti
8-11-2025, 11:33
Şuşa Zəfəri dövlətin qətiyyətini və milli birliyin sarsılmaz gücünü nümayiş etdirir
8-11-2025, 11:29
Masallı Meşə idarəsinin əməkdaşı Kəram Ağayev Qanunları saya salmır: ŞİKAYƏT/VİDEO-FOTOLAR
8-11-2025, 08:16
Birinci vitse-prezident Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım edib
Dünyanın sonunu Günəş gətirəcək - Bəs nə vaxt?

Astronomlar Yer planetini gözləyən qaçılmaz və qaranlıq gələcəyi xəbərdar edirlər: təxminən beş milyard il sonra Günəş ömrünün son mərhələsinə çataraq nəhəng "qırmızı nəhəng”ə çevriləcək və Yer ya bu ulduz tərəfindən udulacaq, ya da parçalara ayrılacaq.
Qaynarinfo-nun məlumatına görə, yeni tədqiqat göstərir ki, bu kosmik fəlakətin səbəbi təkcə Günəşin genişlənməsi deyil, həm də "gelgit qüvvələri” adlanan cazibə qarşılıqlı təsirləridir. Bu fenomen Ayın okean sularını çəkməsinə bənzəyir.
University College London və Uorvik Universitetindən alimlərin araşdırmasına görə, Yer öz ulduzuna az da olsa cazibə qüvvəsi tətbiq edir. Günəş böyüdükcə bu qarşılıqlı təsir daha da güclənəcək, Yerin fırlanma sürətini azaldacaq və orbitini daraldacaq. Nəticədə planet içə doğru spiralvari hərəkət edərək ya parçalana, ya da Günəşin daxilinə düşə bilər.
Tədqiqatın əsas müəllifi Dr. Edvard Brayant bu prosesi belə izah edir: "Ayın okeanlarda gelgitlər yaratması kimi, Yer də Günəşi ‘çəkməyə’ başlayır. Ulduz böyüdükcə bu cazibə əlaqəsi güclənir və planetin orbitinə təsir göstərir".
Alimlər bu nəticəyə yarım milyon ulduzun müşahidəsi nəticəsində gəliblər. Günəş kimi ulduzlar öz nüvələrindəki hidrogen yanacağını tükəndirdikdə daxilə doğru çökür və helyumun karbon və oksigenə çevrildiyi yeni mərhələyə – "qırmızı nəhəng” dövrünə keçirlər.
Bu proses zamanı ulduzun xarici təbəqələri genişlənir və soyuya-soyuya orijinal ölçüsünün 100–1000 qatına qədər böyüyə bilir. Bu qədər böyük bir ulduzun cazibə qüvvəsi yaxın planetləri cəzb edərək ya orbitlərini pozur, ya da onları udur.
Komanda, bu mərhələdəki ulduzların parlaqlığındakı kiçik dəyişiklikləri izləmək üçün kompüter proqramı istifadə edib. Təxminən 15 min siqnal arasında 130 nəhəng planetin artıq ulduzlarına çox yaxın orbitlərdə döndüyü müəyyənləşdirilib.
Araşdırma göstərib ki, adi ulduzların təxminən 0,28 faizində böyük planetlər mövcuddur, lakin artıq "qırmızı nəhəng” mərhələsinə keçmiş ulduzlarda bu göstərici cəmi 0,11 faizdir. Bu da o deməkdir ki, ulduz genişləndikcə yaxınındakı planetlər çox vaxt məhv olur.
Dr. Brayant bildirir: "Bu, ulduzların təkamül etdikcə planetləri özlərinə doğru çəkərək udduqlarına dair güclü sübutdur. Gözlədiyimizdən də daha təsirli bir proseslə üz-üzəyik".
Günəşin təxminən beş milyard il ərzində "qırmızı nəhəng” mərhələsinə keçəcəyi proqnozlaşdırılır. Əvvəlki modellər Günəşin bu zaman Merkuri və Veneranı udacağını, lakin Yerə çatmaya biləcəyini göstəririb.
Lakin tədqiqatın digər müəllifi Dr. Vinsent Van Eilen bu fikrə ehtiyatla yanaşır: "Bəzi hallarda planetlərin sağ qala bilmədiyini görürük. Bu, Yerin də təhlükədə olduğunu göstərir".
Alimlər həmçinin bildirirlər ki, Yer Günəşin cazibəsinə düşməsə belə, onun səthində həyat qalmaq ehtimalı yoxdur. Günəşin genişlənməsi nəticəsində səthə düşən radiasiya kəskin artacaq, istilik atmosferi dağıdacaq və okeanlar tamamilə buxarlanacaq.
Dr. Brayantın sözləri ilə desək: "Yer parçalanmasa belə, bu prosesi izləyəcək bir insan artıq qalmayacaq".
Aydın





















































