Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Azərbaycan İlahiyyat İnstitutu Lənkəranda “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda qış məktəbi təşkil edib
Azərbaycan İlahiyyat İnstitutu Lənkəran rayonunda “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda qış məktəbi təşkil edib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid oğullarımızın məzarlarını ziyarət ediblər.
Qış məktəbinin açılış mərasimində çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov təşkil olunan proqramın tələbələr üçün böyük imkanlar yaradacağını bildirib. O, tələbələrə bu fürsətdən maksimum yararlanmağı tövsiyə edib.
A.Şirinov qış məktəbinin əhəmiyyətindən danışaraq, ölkəmizin cənub bölgəsində mövcud olan tarixi və dini abidələrlə tanışlığın, eyni zamanda, tələbələr üçün təşkil edilən seminarların xüsusi səciyyə daşıdığını vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında ölkəmizdə mövcud multikultural mühit barədə söhbət açıb.
Qış məktəbi çərçivəsində təşkil ediləcək ekskursiya və seminarların tələbələrin biliklərinin artırılmasında, dünyagörüşlərinin zənginləşdirilməsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan G.İsmayılov gənclərə bu imkanlardan maksimum yararlanmağı tövsiyə edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov çıxışında ölkəmizin cənub bölgəsində, o cümlədən Lənkəran rayonunda mövcud dini durum, burada olan dini abidələr, məscid və ziyarətgahlar haqqında məlumat verərək, bölgədə əsrlər boyu davam edən dini tolerantlığın əhəmiyyətini yüksək dəyərləndirib.
Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “Azərbaycanda dövlət-din münasibətləri mövzusunda” məruzə ilə çıxış edib.
Günün ikinci yarısında qış məktəbinin iştirakçıları Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Qeyd edək ki, fevralın 11-dək davam edəcək qış məktəbinin təşkilində məqsəd Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinin dünyagörüşlərini zənginləşdirmək, onları ölkəmizdə mövcud multikultural durum, tolerant mühit, etnik-dini müxtəliflik, müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc-yanaşı yaşaması ilə yaxından tanış etməkdir.