Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanına qeydiyyat başlayıb
Dövlət İmtahan Mərkəzi 2022-2023-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat elan edib.
DİM-dən verilən xəbərə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına uyğun olaraq, Dövlət İmtahan Mərkəzi 2022-ci il mayın 18-dən 29-dək 2022-2023-ci tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında iştirak etmək üçün namizədlərin qeydiyyatını elan edir. Bu müddət ərzində doktorantura və dissertanturaya qəbul olunmaq üçün sənədlərini Azərbaycan Respublikasının doktoranturalar yaradılan ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlarına təqdim etməyə hazırlaşan namizədlər DİM-in internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet"in yaradılması və istifadə qaydası”na müvafiq olaraq “Şəxsi kabinet” yaratmalı və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişlidir. Namizədlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 110 (yüz on) manat məbləğində pul vəsaitini (xarici dil imtahanından azad olunanlar istisna olmaqla) əlavə etməlidirlər. Qüvvədə olan müvafiq xarici dil sertifikatına malik namizədlər xarici dil imtahanından azad olunur və ərizənin təsdiqi zamanı heç bir ödəniş etmirlər. Digər namizədlər ərizələrini təsdiq edərkən onların şəxsi kabinetinin pul hesabından tələb olunan məbləğ (110 manat) çıxılır.
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.10-cu bəndini nəzərə alaraq yuxarıda qeyd olunan müvafiq magistratura ixtisaslaşmasını bitirən namizədlər də xarici dil üzrə qəbul imtahanı zamanı ixtisaslaşma dilini (ingilis, alman və fransız) xarici dil kimi seçə və ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə bilərlər.
Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar DİM-in internet saytında şəxsi kabinet yaratdıqdan sonra şəxsiyyət vəsiqələrinin, sertifikatlarının və magistr təhsili haqqında diplomlarının əslini və surətini 2022-ci il 23-24 may tarixlərində saat 10-dan 17‑dək (saat 13-dən 14-dək nahar fasiləsidir) DİM-in Bakı şəhəri, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında yaradılan Sənəd qəbulu komissiyasına təqdim etməlidirlər. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Təqdim edilmiş sertifikatların həqiqiliyi və qüvvədə olması yoxlanıldıqdan sonra onların sahibləri xarici dil üzrə qəbul imtahanından azad olunurlar.
Xarici dil üzrə imtahanda keçid balını (minimal 25 bal) toplayan və ya DİM-ə qüvvədə olan sertifikat təqdim edən şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dildən imtahanda iştirak etməyənlər və ya keçid balını toplamayanlar fəlsəfə üzrə imtahana buraxılmırlar.
Xarici dildən doktoranturaya qəbul imtahanı dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarından ibarət olmaqla keçirilir. Qəbul proqramı ilə buradan (Azərbaycan dilində, rus dilində) tanış ola bilərsiniz. Proqram üzrə yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan dil və nitq bacarıqları və imtahanın strukturu haqqında aşağıdakı linkə keçid alaraq https://dim.gov.az/upload/iblock/0b9/0b91adc57997386b70babf3b4e04177f məlumat ala bilərsiniz.
Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-dan etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.