Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Prezident İSESKO-nun baş direktorunu qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 20-də İSESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.
Dövlət başçısı İSESKO-nun Baş direktorunun keçən il Ağdam və Füzuliyə, bu il isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfərindən məmnunluğunu bildirib, Salim bin Məhəmməd əl-Malikin Şuşada təşkil edilən beynəlxalq konfransda iştirakını yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycanın uzun illər İSESKO ilə səmərəli və uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq torpaqlarımızın ermənilər tərəfindən işğal olunduğu, eləcə də 44 günlük müharibə dövründə İSESKO-nun ölkəmizin ədalətli mövqeyini davamlı dəstəklədiyinə görə minnətdarlığını bildirib. Dövlət başçısı qeyd edib ki, biz istərdik, UNESKO-nun nümayəndələri də işğaldan azad olunmuş ərazilərə səfər edərək ermənilərin törətdikləri dağıntıları öz gözləri ilə görsünlər. Lakin əfsuslar olsun ki, müharibənin bitməsindən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu təşkilatın nümayəndələri həmin ərazilərə səfər etməyiblər. Prezident İlham Əliyev qeyd edib ki, ermənilər tərəfindən ölkəmizə vurulan maddi ziyanın qiymətləndirilməsində və bunun beynəlxalq ictimaiyyətə çatdırılmasında İSESKO-nun fəaliyyəti və onun ekspertlərinin iştirakı önəmli rol oynaya bilər.
Dövlət başçısı Bakıda İSESKO-nun Regional Ofisinin yaradılmasının əməkdaşlığımızın genişləndirilməsi işində əhəmiyyətini qeyd edib, bu təşkilatın Azərbaycanın haqq işinə göstərdiyi dostluq və tərəfdaşlıq dəstəyinə görə bir daha təşəkkürünü bildirib.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən İSESKO-nun Baş direktoru işğaldan azad edilmiş ərazilərə bundan əvvəlki səfərini xatırladaraq həmin səfər zamanı orada gördükləri mənzərənin onları çox məyus etdiyini bildirdi, həmin ərazilərdə kütləvi dağıntıları, hər şeyin yerlə-yeksan olunduğunu gördüklərini deyib. Eyni zamanda Salim bin Məhəmməd əl-Malik budəfəki səfəri zamanı işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük quruculuq işlərinin şahidi olduqlarını məmnunluqla qeyd edib. Bu yerlərin çox gözəl olduğunu vurğulayan İSESKO-nun Baş direktoru artıq xarici ölkələrdən də çox sayda insanın buraya gəlmək istədiklərini bildirib. Bu baxımdan, Salim bin Məhəmməd əl-Malik dövlət başçısının işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərlərini və bu səfərlər zamanı məscidləri ziyarətini, insanlarla görüşlərini, orada çalışanlara verdiyi mənəvi dəstəyi yüksək qiymətləndirib. İSESKO-nun Baş direktoru Şuşaya səfəri zamanı kilsəyə də baş çəkdiklərini və orada bərpa işlərinin yekunlaşmaq üzrə olduğunu qeyd edib.