Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
“Əbədiyyət yolu” kitabının təqdimat mərasimi keçirilib
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) birgə təşkilatçılığı ilə millət vəkili Məlahət İbrahimqızının “Əbədiyyət yolu” kitabının təqdimat mərasimi keçirilib.
Aİİ-dən bildirilib ki, öncə dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Aİİ-nin IV kurs tələbəsi Murad Kərəmov tərəfindən şəhidlərimizin ruhuna Quran tilavəti təqdim edilib.
Aİİ rektoru Aqil Şirinov çıxış edərək mərasim iştirakçılarını salamlayıb. Ali təhsil müəssisəsinin rəhbəri Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edib. O qeyd edib ki, vətənimizin azadlığı uğrunda canından keçmiş hər bir şəhid valideyininin təskinliyi torpaqlarımızın işğaldan azad olunmasıdır.
A.Şirinov millət vəkili Məlahət İbrahimqızının müəllifi olduğu “Əbədiyyət yolu” kitabının nəşr olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov təmsil etdiyi qurumun maliyyə dəstəyi ilə çap olunan kitabın gənclərimizə milli-mənəvi dəyərlərimizin aşılanması istiqamətdə böyük rolu olacağını diqqətə çatdırıb. O bildirib ki, gənclərə milli-mənəvi dəyərlərimizi, milli kimliyimizi, vətənpərvərlik hisslərini aşılamaq üçün şəhid ailələri və qazilərlə tez-tez görüşlər təşkil edilməlidir.
Millət vəkili Məlahət İbrahimqızı çıxış edərək, “Əbədiyyət yolu” kitabı haqqında geniş məlumat verib. Bildirib ki, kitab Azərbaycanın azadlığı, istiqlaliyyəti, çağdaş dövlətimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda həyatından və canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə həsr olunub. Kitabda 20 Yanvar, Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi zamanı şücaət və fədakarlıq göstərərək şəhid olmuş Nəsimi rayon sakinləri haqqında məlumatlar toplanmışdır. Əsər şəhidlərimizin ailələri tərəfindən verilən məlumatlar və materiallar əsasında hazırlanmışdır.
Şəhid anaları – Şükran Tarıverdiyeva və Raziyə Qasımlı tədbirdə çıxış edərək, kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.
Azərbaycan İlahiyyat İnstitutunun III kurs tələbəsi Aqşin Məmmədov Vətən və Bayraq mövzularında fikirlərini səsləndirib. Bildirib ki, 44 günlük Vətən Müharibəsi gənclərimizdə milli şüur və vətənpərvərlik hisslərini gücləndirib.
Xəzər rayonu Mərdəkan qəsəbəsi Heydər Cümə məscidinin icma sədri Rahim Babayev çıxış edərək, MDTF-nin maliyyə dəstəyi ilə nəşr olunan kitabın təqdimat mərasiminin təşkil edilməsində köməyi olan hər kəsə təşəkkürünü bildirib.