Xəbər Lenti
Bugün, 13:36
Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Musa Rüstəmovun vəfatı ilə bağlı nekroloq imzalayıblar
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Musa İsmayıl oğlu Rüstəmovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
Nekroloqun mətnində deyilir:
Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, texnika elmləri doktoru, professor Musa İsmayıl oğlu Rüstəmov 2022-ci il noyabrın 29-da ömrünün 93-cü ilində vəfat etmişdir.
Musa Rüstəmov 1930-cu il mayın 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1947–1952-ci illərdə o, Azərbaycan Sənaye İnstitutunun kimya texnologiyası fakültəsində kimyaçı-texnoloq ixtisası üzrə ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1952-ci ildən Azərbaycan Elmi Tədqiqat Neft Emalı İnstitutunda (indiki Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda) mühəndis-texnoloq kimi başlayan Musa Rüstəmov 1959–1988-ci illərdə həmin institutda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri və elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmış, 1988–2011-ci illərdə institutun direktoru olmuş, 2011-ci ildən ömrünün sonunadək müəssisənin Neft və qazın kimyası və texnologiyası şöbəsinin müdiri işləmişdir.
Musa Rüstəmov 1961-ci ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1973-cü ildə professor elmi adını almışdır.
O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.
Akademik Musa Rüstəmov neft kimyası və neftin emalı sahəsində tədqiqatları ilə Azərbaycan elminin inkişafına töhfələr vermişdir. Alimin rəhbərliyi altında modifikasiyaları dərin elmi əsaslar üzərində qurulan yeni nəsil katalitik krekinq sistemi yüksək səmərəliliyi ilə seçilərək, respublikamızda və onun hüdudlarından kənarda neft emalı sənayesində uğurla tətbiq olunmuşdur. Musa Rüstəmovun araşdırmalarında, həmçinin ekoloji cəhətdən təmiz texnologiyaların yaradılması məsələləri öz əksini tapmışdır. Alimin bilavasitə iştirakı ilə respublikada hidrogen energetikasına dair ilk tədqiqatlar aparılmış, enerji daşıyıcılarının gələcək istifadəsi konsepsiyası, Azərbaycanın neft emalı və neft-kimya sənayesinin kompleks inkişaf sxemləri işlənib hazırlanmışdır.
Musa Rüstəmov 500-dən artıq elmi əsərin, həmçinin 10 kitabın və 60 patentin müəllifidir. O, elmi nailiyyətlərinə görə 130 müəlliflik şəhadətnaməsi almışdır. Elmi kadrların yetişdirilməsinə xüsusi diqqət yetirən Musa Rüstəmov 50-dək fəlsəfə doktoru və 15 elmlər doktoru hazırlamışdır. Alim xarici ölkələrdəki mötəbər simpozium və konfranslarda Azərbaycanı layiqincə təmsil etmişdir.
Akademik Musa Rüstəmovun uzunmüddətli və məhsuldar elmi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə “Əməkdar elm xadimi” fəxri adını almış, 1982-ci ildə respublika Dövlət Mükafatı laureatı olmuş, 2004-cü ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeninə layiq görülmüş, 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.
Görkəmli alim və səmimi insan Musa İsmayıl oğlu Rüstəmovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Emin Əmrullayev
İsa Həbibbəyli
Tofiq Nağıyev
Vaqif Abbasov
Dilqəm Tağıyev
Vaqif Fərzəliyev.