Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

31 Ock 02:37Siyasət

Avropada İslama qarşı hücumların arxasında nə dayanır?

Avropada ilk baxışdan islama qarşı hücumların indiki dalğası dindən daha çox siyasətlə bağlıdır. Bu fikri türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl AZƏRTAC-a verdiyi müsahibəsində qeyd edib.
- Avropada antitürk və antiislam əhval-ruhiyyəsinin güclənməsinin arxasında kim və nə dayanır? Bu, yalnız İsveç və Finlandiyanın NATO-ya qəbul edilməsi məsələsi ilə bağlıdır, yoxsa bu, aysberqin yalnız görünən hissəsidir?
- Antitürk və antiislam əhval-ruhiyyəsi Avropada həmişə olub. Mən deyərdim ki, bu hadisələrin tarixi kökləri var. Son zamanlar bu əhval-ruhiyyələrin güclənməsini və türkofobiyanın və islamofobiyanın inkişafından faydalanan ifrat sağçı partiyaların və siyasətçilərin gündəmə gəlməsini müşahidə edirik. Beləliklə, onlar digərləri ilə yanaşı, regionda vəziyyəti gərginləşdirmək məqsədi güdürlər.
Artıq uzun müddət ərzində avropalıların şüurunda islamofobiya anlayışı türkofobiya anlayışına bərabər tutulur. Antiislam əhval-ruhiyyəsinin güclənməsi o deməkdir ki, antitürk əhval ruhiyyəsi də güclənir. Bu ilk növbədə Türkiyənin rolunun regionda güclənməsi və onun dövlət kimi mökhəmlənməsi ilə bağlıdır. Bəzi Avropa ölkələri, xüsusilə də aparıcı Fransa və Almaniya ölkələri, həmçinin Belçika, Hollandiya və digər ölkələr bundan narazıdırlar və demokratiya və insan hüquqları adı altında və ya açıq-aydın həmişə Türkiyəyə qarşı çıxış edirlər.
Digər tərəfdən, hesab edirəm ki, Stokholmda Türkiyə səfirliyinin qarşısında Qurani-Kərimin yandırılması məhz antiislam əhval-ruhiyyəsi ilə az əlaqəlidir, bu, ondan irəli gəlir ki, İsveçdə bəzi qüvvələr ölkənin Şimali Atlantika Alyansına daxil olmasını istəmirlər və bu məqsədlə bu cür təxribatçı üsullara əl atırlar.
Çox güman ki, Avropada indi baş verənlər, bu, aysberqin yalnız görünən hissəsidir. Qaçqınlar problemi, iqtisadi problem, Rusiyanın Ukraynaya qarşı müharibəsi, müxtəlif böhranlar və digər amillər – bütün bu kataklizmlər dalğasında Avropanın müxtəlif ölkələrində ifrat sağçı, faşist əhval-ruhiyyələr güclənir. Suyun altında gizli qalanı zaman göstərəcək.
- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Stokholm daha Ankaranın İsveçin NATO-ya daxil olmaq istəyini dəstəkləməsini gözləməməlidir. Bunun ardınca ötən şənbə günü İsveçin xarici işlər naziri Tobbias Bilstrem ölkənin Şimali Atlantika Alyansına daxil olması prosesinin dayandırılması ilə bağlı bəyanatla çıxış edib. Vəziyyətin dəyişməsinə nə təsir edə bilər?
- Türkiyə liderinin bəyanatı əslində, keçən il iyunun sonunda Madriddə danışıqların yekunları üzrə imzalanmış üçtərəfli sazişin dayandırılması demək idi, çünki tərəflərdən biri – İsveç – onun şərtlərini yerinə yetirmir. İsveçdəki siyasətçilər çox gözəl başa düşürlər ki, bütün bunlarda məhz İsveç dövləti təqsirkardır. Mən, xüsusilə, bu hərəkəti provokasiya adlandıran İsveç Baş nazirinin bəyanatına diqqət çəkmək istəyirəm. Təxribat, təxribatla, lakin, axı icazəni İsveç rəsmiləri veriblər. İsveçlilər nəyi istədiklərini özləri aydınlaşdırmalıdırlar, həqiqətən də NATO-ya daxil olmaq istəyirlərmi? İstəyirlərsə, onlar üçtərəfli sazişin şərtlərini yerinə yetirməlidirlər.
Türkiyə, NATO-nun üzv ölkəsi kimi, blokun genişləndirilməsinə etiraz etmir, lakin digər tərəfdən, yenə də, NATO-nun üzvü kimi, Alyansa daxil olmaq istəyən ölkələrdən milli təhlükəsizlik sahəsində Ankaranın maraqlarını nəzərə almağı tələb etmək haqqı var. Terrorizmlə mübarizə Türkiyə üçün prioritetdir. İsveçlilər PKK üzvlərinə (Türkiyədə terror təşkilatı kimi tanınan Kürdüstan İşçi Partiyası ) və onların hər cür qollarına, dinc vətəndaşların öldürülməsində iştirak edən terrorçulara bu ölkədə sərbəst gəzməyə, mitinqlər keçirməyə icazə verirlər. Bu qəbuledilməzdir.
Ümumilikdə isə, Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətinə ayrıca baxılmasını mümkün hesab edirəm.
- Bir çox Qərb analitikləri bu kontekstdə Türkiyədə keçiriləcək prezident seçkilərinə müəyyən ümidlər bəsləyirlər. Siz bu barədə nə deyə bilərsiniz?
- Təkcə ümidlər bəslənmir, həmçinin Qərb siyasətçiləri Türkiyənin daxili işlərinə hər hansı bir yolla müdaxilə etməkdə türk müxalifətinə kömək etməkdə açıq çağırış edirlər. Bu cür bəyanatlardan təkcə hakim türk dairələri deyil, həm də müxalifət qüvvələr narazıdırlar. Bu çağırışlarda Türkiyənin daxili işlərinə açıq müdaxilə görən Türkiyə ictimaiyyəti də narazıdır. Bu yolverilməzdir, gülüncdür və heç də düzgün deyil. Türkiyə sıradan bir ölkə deyil ki, hakimiyyətin dəyişməsi ilə nəyinsə əsaslı şəkildə dəyişəcəyi və ya Ərdoğan yenidən seçilərsə, kursu dəyişəcəyi ehtimal olunsun. Türkiyədə hər kəs – rəhbərdən sıravi siyasətçiyə qədər nəyi və necə etməyi gözəl anlayır. Bəli, Türkiyə tarixində elə anlar olub ki, dövlətin mövqeyi 180 dərəcə dəyişib, lakin bu başqa amillərlə bağlı olub. Türkiyədə kursun dəyişməsi ölkənin milli maraqlarından asılıdır. Azərbaycanlılara yaxın olan Sürix protokolları mövzusu – Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması cəhdini yada salmaq kifayətdir. Bu, əvvəlcədən yanlış təşəbbüs idi və hökumət ondan imtina etdi.
Türkiyədə seçkilərin nəticələri siyasi baxışları və ya türk dövlətinin yanaşmalarını kəskin şəkildə dəyişməyə qadir deyil. Müəyyən düzəlişlər mümkündür, lakin Ankara çətin ki, köklü dəyişikliklər etsin.