Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

04 Şub 06:43Siyasət

Azərbaycanın enerji siyasəti sülhə və əməkdaşlığa xidmət edir

Bu gün ölkəmizdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində isə 1-ci iclası keçirilir. Cənub Qaz Dəhlizi layihəsini başlanğıcından etibarən dəstəkləyən və onun həyata keçirilməsində fəal rol oynayan bir sıra dövlətlərin təmsilçiləri ilə yanaşı, bu layihələrdə pay sahibləri olan transmilli şirkətlərin rəhbərləri də Məşvərət Şurasının toplantılarında iştirak edirlər.

Vaxtilə bəzi güc mərkəzlərinin bir-biri ilə uzlaşmayan siyasi yanaşmaları səbəbindən reallaşdırılmayan NABUKKO layihəsinə alternativ olaraq Azərbaycan tərəfindən irəli sürülmüş və uğurla həyata keçirilmiş Cənub Qaz Dəhlizi bu gün dünya üçün böyük əhəmiyyət kəsb edir. Cənub Qaz Dəhlizi fəaliyyətə başladıqdan sonra bu layihəyə qoşulmaq istəyən dövlətlərin sayının artması da Azərbaycan tərəfindən həyata keçirilən bu layihənin qlobal siyasi əhəmiyyətini, iqtisadi səmərəliliyini və cazibədarlığını bir daha nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev söyləyib.

Onun sözlərinə görə, bu gün Avropanın qarşısında duran ən böyük problemlərdən biri qitənin uzunmüddətli perspektivdə sabit və davamlı şəkildə enerji resursları ilə təmin olunmasından ibarətdir. İllər ərzində müzakirə predmeti olmuş çoxsaylı layihələr arasında Azərbaycan tərəfindən irəli sürülmüş və Azərbaycan Prezidentinin səyləri hesabına həyata keçirilmiş Cənub Qaz Dəhlizi bu gün dünya tərəfindən Avropanı və digər maraqlı tərəfləri qane edən ən uğurlu layihə kimi tanınır və qəbul edilir. Bu baxımdan keçən ilin ortalarında Avropa Komissiyasının Prezidenti Fon der Lyaenlə Azərbaycan Prezidenti İlham Əliyev arasında imzalanmış “Enerji sahəsində Strateji əməkdaşlıq haqqında” Memorandum dövlətimizin apardığı enerji siyasətinin beynəlxalq miqyasda birmənalı olaraq dəstəkləndiyinin sübutudur.

“Uzun illər ərzində enerji mənbələrinin şaxələndirilməsi haqqında beynəlxalq səviyyədə aparılan diskussiyalar bu gün Avropanın mərkəzində gedən müharibənin fonunda öz səmərəsizliyini bütün kəskinliyi ilə göstərməkdədir. Onilliklər ərzində enerji mənbələrinin şaxələndirilməsi haqqında danışan, lakin o qədər də rasional olmayan siyasi yanaşmalar nəticəsində əməli tədbir görə bilməyən Avropa bu gün enerji çatışmazlığı təhlükəsi ilə üz-üzə qalıb. Keçən illər ərzində beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınması belə bir şəraitdə Azərbaycanın enerji siyasətinin praqmatikliyini, səmərəliliyini və səmimiliyini daha qabarıq şəkildə nümayiş etdirir. Odur ki, bütün maneələrə baxmayaraq Azərbaycan tərəfindən inadkarlıqla müdafiə olunan və böyük səylər hesabına həyata keçirilən enerji layihələri bu gün Avropanın diqqət mərkəzindədir. Cənub Qaz Dəhlizi vasitəsilə ötürülən təbii qaz həcminin 2 dəfə artırılması, yaşıl enerji resurslarının istehsalı və Avropaya nəqli ilə bağlı intensiv şəkildə aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycanın enerji siyasətinin Avropa üçün xilas mənbəyi olduğunu göstərir. Məhz Azərbaycan dövləti tərəfindən uzun illər ərzində aparılmış uzaqgörən enerji siyasəti bu gün Avropanı “enerji, yoxsa azadlıq” dilemmasından xilas edir. Odur ki, Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında çıxış edən dövlətimizin başçısı Prezident İlham Əliyev bu gün enerji təhlükəsizliyi sahəsində yeni səhifə açdığımızı bəyan edib. Bu yeni səhifəni məhz Azərbaycan dövləti və onun rəhbəri Prezident İlham Əliyev açır. Cənub Qaz Dəhlizinə və Azərbaycanın digər enerji layihələrinə getdikcə artan maraq da onu göstərir ki, Azərbaycanın enerji siyasəti bütün ölkələr arasında sülh və əməkdaşlıq prinsiplərinə xidmət edir.