Xəbər Lenti
03 okt 14:51Gündəm / Mədəniyyət / Sosial

MÜDRİK İNSAN, NÜMUNƏVİ ŞƏXSİYYƏT: SAHİB MƏMMƏDOV

Mərhəmətli, böyük Allahın Adı ilə biz insana tövsiyə etdik. 

Mənə, ata-ananıza şükr edin, hamınız mənə qayıdacaqsınız...

(“Qurani-Kərim”, “Loğman” surəsi,14-cü ayə) 

Biz bu yazımızda vətənin ağır günlərindən üzü bəri insanlara dayaq duran, həyan olan ləyaqətli oğullarımızdan biri haqqında söhbət açmaq istəyirik. Əslində o özü barədə tərif söyləməyi xoşlamır. Nə edirsə bunu özünün vətəndaşlıq borcu sayır: bu onun doğma yurda, insanlığa olan hədsiz məhəbbəti ilə bağlıdır.

Bu günlərdə Xatirə adlı tələbə yoldaşımız Qusar rayonunda özəl klinikada ağır cərrahiyyə əməliyyatı keçirmişdi. Bu səbəbdən gedib onunlagörüşüb geri qayıdarkən yolumuz yenidən gözəlliyi ilə seçilən Quba rayonundan düşdü. Rayonla daha yaxından tanış olandan sonra bir daha əmin olduq ki, bu gün Quba respublikamızda sürətlə inkişaf edən, durmadan böyüyən, kənd təsərrüfatı və sənaye imkanlarını, turizm potensialını genişləndirən gözəl bir diyar kimi nəinki ölkəmizdə, həm də qonşu dövlətlərdə tanınır, yeni biznes sahələrinin güclənməsi baxımından da nümunəvi bölgələrimizdən birinə çevrilib. Bu gözəllik qubalıların əməksevər, zəhmətkeş əlləri ilə yaradılmışdır.

Çox vaxt valideynlər övladlarına ad qoyanda sanki qabaqcadan onların öz adlarına layiq olacaq həyat fəaliyyətini nəzərə alır və həyata yenicə göz açmış ciyərparalarına Allahdan xoşbəxtlik diləyib, xeyir-dua verirlər. İçində yurd salmış vüqarı, əzəməti və bütövlüyü Qafqaz dağlarından almış, 26 iyun 1960-cı il tarixdə rayonun İqriq kəndində dünyaya göz açmış belə el qeyrətli oğullardan biri də Sahib Pirnəzər oğlu Məmmədovdur.

          Mayası halallıqla yoğrulub onun. Uşaqlıqdan adına layiq yaşamağa çalışıb,1977-ci ildə orta məktəbi bitirərək Quba Sovxoz Texnikumunun istehsalatındakı briqadalarda fəhləlik edərək zəhmətlə ülfət bağlayıb.

Almaniya Demokratik Respublikasında həqiqi hərbi xidmət keçib, 1981-ci ildə Ukrayna Respublikasında Xerson Kənd Təsərrüfatı İnstitutunun hazırlıq şöbəsinə dinləyici, 1982-ci ildə isə elə həmin institutun zoomühəndislik fakültəsinə daxil olub.

Valideynlərinin düzgün tərbiyəsi ilə boy atmış, onların tövsiyəsilə sonralar da halallıq dalınca getmiş, bu keyfiyyətləri özünün ömür amalı, həyat devizi seçmiş Sahib Məmmədov həmin İnstitutu fərqlənmə diplomu ilə bitirir. Azad təyinat alan Sahib müəllim təhsil aldığı dövlətə minnət borcunu qaytarmaq niyyəti ilə Novı Vuq rayonunun “Kolos” kolxozunda baş zootexnik, kolxoz sədrinin müavini vəzifələrində çalışmış, işlədiyi kollektivlərin sevimlisinə çevrilə bilmiş, işgüzarlığı, mehribanlığı sayəsində oralarda xeyli uğur qazanmışdı. 

Novı Vuq Rayon Partiya Komitəsinin təşkilat şöbəsində təlimatçı vəzifəsində işləyərək çiynini ən ağır və çətin zəhmət tələb edən işin altına verir. Ukraynada çalışarkən 1990-cı ilin 20 yanvar hadisələri dövrü, belə ağır zamanda ana yurdunda həllini gözləyən xeyli problemin yığılıb qaldığını bilirdi. Vətən üçün, yurdu, el-obası üçün burnunun ucu göynəyirdi, bu səbəbdən də yanvarın 22-də qürbətçiliyin daşını atıb Qubaya qayıdır. 1992-ci ilə kimi RİH başçısının kənd təsərrüfatı üzrə müavini, sosial-iqtisadi məsələlər üzrə müavini vəzifələrinə təyin edilərək Qarabağ Əlilləri Cəmiyyətinin fəxri üzvi kimi döyüş bölgələrinə müntəzəm şəkildə yardımlar aparırdı.

Burada yada yerində deyilmiş bir atalar sözü düşür sanki: Vətənə gəldim, imana gəldim. Onsuz da Azərbaycanda onu yaxşı tanıyırdılar, iş bacarığına, zəhmətsevərliyinə gözəl bələd idilər.

Sahib müəllim Quba Rayon Partiya Komitəsinin təşkilat şöbəsinə təlimatçı vəzifəsindən Rayon Partiya Komitəsində ümumi şöbənin müdiri, 2010-cu ildə Quba RİH başçısının birinci müavini, 2012-ci ilin sonundan hazırkı vaxta kimi isə Quba Rayon Statistika İdarəsinin rəisi vəzifəsində çalışır...

Qubalılar onun Birinci Qarabağ müharibəsi dövründən üzübəri yurd-yuvasından didərgin düşmüş qəlbisınıq soydaşlarımıza arxa durduğunu, onlara maddi və mənəvi dayaq olduqlarını yaxşı xatırlayırlar. Ancaq o, təvazökar insan olduğu üçün etdiyi yaxşılıqları üzə vurmur, gözə soxmur, dilə gətirmir. Axı dini Kitabımızda yazıldığı kimi, sağ əlin verdiyini sol əl bilməməlidir. 

...Qarabağ müharibəsi qazilərindən biri söhbət zamanı Sahib müəllimin həyatda məhz bu cür xeyirxahlığı və sadəliyi ilə fərqlənməsi, tərbiyəçi, fəal ictimaiyyətçi olması barədə ürəklə söhbət açdı. Bu isə, əlbəttə, rayon sakinlərinin Sahib müəllimə olan dərin hörmət və ehtiramının təzahürüdür. 

Sahib müəllim mükəmməl ailə başçısıdır: ali təhsil verdiyi iki oğul, iki qız atası, iki nəvə babasıdır. O, eyni zamanda, istedadlı şair və poeziyasevər bir yaradıcı şəxsdir. Əvvəllər onun yaradıcı bir insan olduğundan məlumatımız yox idi. Onu yaxından tanıyandan sonra Sahib müəllimin bu istedadından da xəbər tutduq.

Sahib müəllim zəngin təcrübəsini gənc nəslin təlim-tərbiyəsinə həsr etməkdən mənəvi zövq alır, digər tərəfdən, rəhbər şəxslərdən biri kimi rayonda həyata keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edir. Aradan illər keçmiş, Sahib müəllim bu müddət ərzində müdrikləşmiş, zəngin həyat təcrübəsi qazanmışdır. Hər zaman həyatsevərliyi və nikbinliyi ilə başqalarına nümunə göstərdiyim bu insanın baxışlarında ilahi bir kədəri görmək, nurlu simasında qəmi sezməmək mümkün deyildi.

Bu müdrik şəxsin eynini açmaq, kədərini dağıtmaq üşün ona ilk dəfə gənc jurnalist kimi ezamiyyətdə olduğumuz vaxt Qubada baş verən bir hadisəni xatırlatdıq:

“Sahib müəllim, yadınızdadırmı, Qubada sizinlə ilk dəfə tanış olduğum vaxt bildirdiniz ki, özünü mətbuat işçisi kimi təqdim edən iki qadın rayonunuzda icra hakimiyyətinin binasına, idarə və təşkilatlara baş çəkir, əllərindəki jurnalist vəsiqəsini göstərib, rəhbər şəxsləri şantaj edirdilər. “Mətbuat işçiləriyik, bizə filan qədər pul verməlisiz, əks halda sizi qəzetimizdə tənqid edəcəyik ki, bu da sizin ictimaiyyət arasında gözdən, hörmətdən düşmənizə səbəb olacaq!” deyən qadınlar 3 gün rayonu gəzib-dolaşıblar, reket kimi pul yığıblar. Ən sonda da rayon polis şöbəsinə gedib qəbula düşüblər, burada özlərini mətbuat işçisi kimi təqdim edərkən rəis onlardan şübhələnib, məsələni operativ şəkildə araşdırıb. Aydın olub ki, bu qadınların ali təhsili belə yoxdur, sadəcə, saxta bir vəsiqə düzəldib asan yolla pul əldə etmək məqsədilə özlərini jurnalist kimi təqdim edirlər...

O zaman sizə diqqətlə qulaq asdıq, axı gənc jurnalist idik və eşitdiklərimizdən möhkəm sarsılmışdıq. Çünki istər-istəməz jurnalist adına, müqəddəs saydığımız peşəyə ləkə gətirən bu cür şəxslər haqqında söz-söhbətdən pərt olmuşduq. Bir anlıq özümüzü sanki aşağılanmış kimi hiss etdik: düşünürdük ki, birdən bizi də onlardan hesab edərsiniz. Əslində təəssüf ki, “bəzi” orqan rəhbərləri, dövlət məmurları arasında peşəkar jurnalistlıərimizi gözdən, nüfuzdan salıb onları aşağılayaraq müqəddəs saydığımız bu peşəyə kölgə salanlar da az deyil. Bu üzdən üzdə göstərməsək də, siz bizim bu narahatlığımızı sanki hiss etdiniz: otağınızdakı dolabdan məqalələrim dərc olunan qəzetimizin nüsxələrini çıxardınız. Onları masayaqoyaraq gənc jurnalistə təsəlli vermək üçün dediniz: “Cəmilə Çiçək adlı imza mənə çoxdan tanış idi, çünki sizin vətənpərvərlik mövzusunda yazdığınız məqalələrinizin, oxunaqlı hekayələrinizin daimi oxucusu olmuşam. Ən çox bəyəndiyim bədii yazınız isə “Bıçaq sümüyə dirənib əyilmişdi” hekayəsi idi. Özünüzü isə bu vaxta qədər şəxsən görməmişəm. Qələminə hər zaman dəyər verdiyim o xanım indi məndən müsahibə alır. Əsl azərbaycanlı qadınlara xas olan bir geyimdə, ədəb-ərkanlı, öz şəxsiyyətinə, intellektual səviyyəsinə dəyər verən gənc bir jurnalist kimi sizə hörmətim birə-min artdı...”

Yazımızın qəhrəmanı “Yadımdadır!” deyib, yenə də kədərlə baxışlarını uzaqlara dikdi, gözləri yol çəkdi. Məhz onda Sahib müəllimin nə qədər həyat eşqi ilə aşıb-daşan ürək sahibi olduğunu anladıq.

Bunun səbəbini özündən soruşmağa cəsarət edə bilmədik, ancaq “Təki yaddaşımda elə qalaydın” adlı şeirini dinlədikdən sonra oğlu Hacıbabadan bəzi şeyləri öyrənə bildik. Hacıbaba atasının yüksək mənəviyyatlılığını belə xarakterizə etdi: “Atam çox qürurlu insandı, böyük kədərini içində çəkər, heç vaxt büruzə verməz, üzə vurmaz. Bu gözlənilməz hadisə hamımıza möhkəm təsir etsə də, bizdən daha çox atamı üzdü. Bir dəfə televiziyada gənc qadının yıxılaraq onurğasını zədələməsi, yatağa düşməsi barədə süjet verirdilər. Bu süjeti izləyən anam atama belə bir sual verdi: “Eynən o qadın kimi yatağa məhkum olsam, sən mənə baxardın?” Atam gülümsəyərək anama cavab verdi: “Demək, sən məni hələ yaxşı tanımırsan... Heç bir həftə keçmədi, anam özü yatağa məhkum oldu...”

Məhz bu ağır xasiyyətinə görədir ki, Sahib müəllimin xanım-xatın ömür-gün yoldaşının 8 il əvvəl müvazinətini itirərək ciddi onurğa zədəsi alması, ömürlük yatağa məhkum olması xəbərini hələ çoxları bilmir. 


Donmuşuq cavabsız bir sual kimi,

Sınaq qarşısında qaldıq lal kimi.

Həyatın acısın daddıq bal kimi,

Təki yaddaşımda elə qalaydın. 


Xoşbəxt günlərimiz getdi, bilmədim,

Qəfildən günəşim itdi, bilmədim.

Səfərim yarıda bitdi, bilmədim,

Təki yaddaşımda elə qalaydın.


  Demək, Sahib müəllimin ömür-gün yoldaşı Mədinə xanımın da qisməti belə yazılıbmış. Bakı Dövlət Universitetinin geoloji coğrafiya ixtisası üzrə ali təhsil almış Mədinə xanım milli-mənəvi, etik-əxlaqi dəyərlərimizi daim övladlarına, qohum-əqrəbaya təbliğ edən, öyrədən ziyalı kimi çox ailəyə nümunə çəkilən əsl Azərbaycan xanımı olaraq el-obada rəğbət qazanıb. 

Ölüm... Adı qədər gətirdiyi faciə də dəhşətlidir. Bu, ən əziz adamınla belə bir də görüşməyə bircə damla ümid saxlamayan bir olaydır. Əzizləri, sevənləri bir-birinə ömürlük həsrət qoyan bir hadisədir. Bu elə bir ağrıdır ki, insan qəlbini bəzən ömürlük şikəst edir. Saçlara vaxtından əvvəl qar ələyir. 

Ölum... Bir gün bu arzuolunmaz qonaq Məmmədovlar ailəsinin də qapısını döydü. Və öz gənc qurbanı ilə tək Məmmədovlar ailəsinin deyil, onları tanıyanların, sevənlərin ürəyinə sağalmaz yara vurdu. Əvvəl atası Pirnəzərin, sonra qardaşı Sabirin vaxtsız ölümü Sahib müəllimin dağvüqarlı anasının gözlərinə ömürlük kədər kölgəsi saldı. Anası evinin hər nöqtəsində gənc yaşında dünyasını dəyişən oğlunun izini axtarır. Ana ürəyinə oğul dərdi, övlad kədəri ağır bir zərbə vurdu, oğlu onu vaxtsız tərk etdi. Onun ölümünə inanmayan dost-tanışlara ilk dəfə “vəfasız çıxdı” Sabir. Ötən il isə oğul dərdinə dözməyən anasını əbədi itirmiş Sahib müəllimi qəm içində görmək məni çox kədərləndirdi. 

“Dünyaya göz açandan və ağlı kəsəndən ata üzünə, məktəbə, təhsilə həsrət qalan, kiçik yaşlarından əməyə cəlb olunan, həyatında yaşadığı acı anlarını, misli görünməyən zəhmətini, qayğılı halal ömrünü, nəhayət məzlumlara mərhəmətini, ulu Yaradana sonsuz sevgisini, doğma diyara məhəbbətini nəzərə alıb, doğmaları tərəfindən hər zaman xatirəsi sayğıyla yad edilən anam, məkanın cənnət olsun anam”, – deyir Sahib müəllim.

Mərhum anası Təhminə xanımın əziz xatirəsinə ithaf etdiyi “Buz kimi yanağı yandırdı məni”şeirində deyilir:


Məni bu yollarda gəzdirən anam

Çiynimdə dünyadan köçüb gedirdi,

Doğma mənzilindən o,aram-aram.

Sonuncu mənzilə uçub gedirdi.


Belə bir deyim var: Yaradan ancaq sevdiyi bəndələrinə yükü verər. Sahib müəllimi digər vəzifə, var-dövlət sahibi olan insanlardan fərqləndirən iki səbəb var: o, ömrünü vəzifə başında keçirsə də, maddi imkanı yaxşı olsa da, heç vaxt bu imkanlarına görə öyünməyib. Hər zaman gözü-könlü tox olub. Atalarımız doğru deyib: ağac bar gətirdikcə budağını aşağı əyər.

Digər fərqli keyfiyyəti isə doğmalarını itirsə də, hər zaman qarlı dağlar kimi başını dik tutub, heç vaxt “ağlamayıb”, gülümsəməyi bacarmasıdır. Onun kədərini, qəm-qüssəsini, içində gizlətdiyi ağrı-acını yalnız yüksək duyğulu şeirlərindən tutmaq olur. 

O, hər zaman təkəbbürdən uzaq olmağa çalışır. Bu xüsusiyyət yaradıcılığına da təsir göstərib. Şeirlərində sanki vicdanı ilə üz-üzə dayanaraq hər gün özünə hesabat verir. O özünü tənqid etməyi bacarır, nikbinliyi ilə Allaha şükr edir. Bununla da özünün müsbət keyfiyyətlərini sanki bir örnək kimi gənc nəslə təbliğ etməyə çalışır.

“Şükr edirəm mən Allaha” şeirində yazdığı kimi:      


Mən Sahibə sınaq bəsdir,

Qeybət, deyim, qınaq bəsdir.

Nə bəxş etsən, mənə bəsdir,

Şükr edirəm mən Allaha.


Sözsüz, qarşıda Sahib müəllimi daha böyük uğurlar, hətta qayğılar gözləyir, çünki o, təmiz adı, müsbət əməlləri ilə insanları ardınca aparmağı bacarır. Göründüyü kimi, el-obanın sayılıb-seçilən ziyalısı, tanınmış şəxsiyyəti hesab olunan bu insan özündə o qədər gözəl və nəcib keyfiyyətləri birləşdirir ki, onları nəinki bir məqalə yazısına, hətta bir kitaba belə sığışdırmaq mümkün deyil.

Biz isə, öz növbəmizdə, bu kiçik yazımızda Azərbaycanımızın dəyərli şəxsiyyətlərindən birini gənclərimizə təkrarən tanıtmağa çalışaraq onun bir neçə şeirini oxucularımıza təqdim edirəm.


Təki yaddaşımda elə qalaydın.


Səninlə ilk görüş yadıma düşdü,

Təki yaddaşımda elə qalaydın.

Cavanlıq illəri ötdü, ötüşdü,

Təki yaddaşımda elə qalaydın.


Gözlərin yağışlı bulud kökündə, 

Şaxtalı bir gündə, qarın içində.

Zəhmətini gördüm əkin-biçində,

Təki yaddaşımda elə qalaydın.


Dar gündə sən mənə həyan olardın, 

Yolumu gözlərdin, ayıq qalardın, 

Hər qəmə, sevincə birgə dolardın,

Təki yaddaşımda elə qalaydın.


Daim zəhmət çəkdik, birgə ucaldıq,

Vaxtsız kədər gəldi, birgə qocaldıq.

Arzular bitmədi, üz-üzə qaldıq,

Təki yaddaşımda elə qalaydın.


Ən xoşbəxt anları ötürdük getdi,

Həyatın qismətin bitirdik, getdi.

Sevinci kedərə gətirdik, getdi,

Təki  yaddaşımda elə qalaydın. 


Ayrı düşdün məndən, tənhayam, təkəm,

Günü, gündən qaralır, böyüyür ləkəm.

Boğazdan keçməyir, quruyur tikəm,

Təki yaddaşımda elə qalaydın.


Donmuşuq cavabsız bir sual kimi,

Sınaq qarşısında qaldıq lal kimi.

Həyatın acısın daddıq bal kimi,

Təki yaddaşımda elə qalaydın. 


Xoşbəxt günlərimiz getdi, bilmədim,

Qəfildən günəşim itdi, bilmədim.

Səfərim yarıda bitdi, bilmrədim,

Təki yaddaşımda elə qalaydın.





Buz kimi yanağı yandırdı məni


Bir cümə axşamı, şam dönəmində.

Anamın həyatı əbədi söndü,

Müqəddəs bir gündə, cümə günündə,

Elindən ayrılıb torpağa döndü.


Məni bu yollarda gəzdirən anam.

Çiynimdə dünyadan köçüb gedirdi,

Doğma mənzilindən o aram, aram.

Sonuncu mənzilə uçub gedirdi.


Günəş hərarətli baxışlarından,

İçimdə böyük bir tonqal yanırdı. 

Üzlərin, gözlərin naxışlarından,

Hamı anasını bir də anırdı.


Ayrılıq zamanı gəlib çatmışdı,

Qəmli baxışların nəzərindəydim,

Sanki yorğun idi, anam yatmışdı, 

Mən bu son yuxunun üzərindəydim.


Güvənib İlahi cəsarətimə,

Qəbrinə enəndə bir dünya gördüm,

Bu fani dünyanın axirətinə, 

Uzanan işıqlı bir röyya gördüm.


Qaranlıq dünyaya baxan gözləri,

Buluda döndərib yağdırdı məni.

Məzarda son zaman susan sözləri,

Buz kimi yanağı yandırdı məni.


Diz çöküb önündə daş əllərimlə,

Üzünün kəfənin dağıtdım, sökdüm.

Bir zaman bələnən yaş əllərimlə,

Yenidən bələdim, torpaq da tökdüm.


Əlvida deməyə aman tapmadım,

Bu zalım dünyanın yoximiş mürvəti.

Anadan safayı güman tapmadım,

Əridi gözümdə dünya sərvəti.


Oğul itgisindən xəbərsiz anam,

Yanına bürünüb, düm ağa getdi,

Zəhməti, əməyi, qədərsiz anam, 

Ürəyi yaralı torpağa getdi.


Hər dəfə anamla getdiyim yolu,

Bu dəfə anasız geri dönürdüm.

Hara baxırdımsa gözü yaş dolu,

Ağbirçək nurani, ana görürdüm






Şükr edirəm mən Allaha


Ey hazarat bilin daha

Həyat gəlib mənə baha.

Çox batsam da dərdə, aha,

Şükr edirəm mən Allaha


Ağır gündə mən göz açdım,

Qüvvə tapdım, ayaq açdım

Saflığımla işıq saçdım, 

Şükr edirəm mən Allaha


Qərib eldə elmə çatdım,

Qazancımı alıb daddım, 

İrəlilədim addım, addım, 

Şükr edirəm mən Allaha.


Ata, ana, bir də vətən,

Yaşamışam onlarla mən.

Vurğunuyam onlara mən,

Şükr edirəm mən Allaha.


Çox sınaqlar yaşamışam,

Taleyimdə qarlı qışam.

Qismətimlə barışmışam,

Şükr edirəm mən Allaha.


Sən övladlar bəxş etmisən, 

Qol qanadı sən vermisən.

Harayıma səs vermisən, 

Şükr edirəm mən Allaha.


Ağır dərdə şərik oldum,

Yarı bitdim, yarı soldum,

Mən bu yaşda yaşa doldum, 

Şükr edirəm mən Allaha.


Mən demirəm günahsızam,

Düşünməyin vəfasızsam,

Onsuz təkəm, mən yalqızam,

Şükr edirəm mən Allaha.


Varlığımla sevinmişəm,

Həqiqətlə öyünmüşəm.

Saf qəlbimlə döyünmüşəm,

Şükr edirəm mən Allaha.


Paklığımla tanınmışam,

Bu dünyanı dolanmışam.

Yaxşı, pisi tanımışam,

Şükr edirəm mən Allaha.


Haqsızlıaqla barışmadım,

Xəyanətə qarışmadım.

Öz dərdimdən danışmadım,

Şükr edirəm mən Allaha.



Ömür keçdi mən bilmədim, 

Büdrəsəm də baş əymədim.

Əqidəmi dəyişmədim,

Şükr edirəm mən Allaha.


Şeytan dilli insanların,

Zəhər verən ilanların,

Alt-üst etdim planların,

Şükr edirəm mən Allaha.


Şər atdılar, baş tutmadı,

Adım, sanım bulanmadı.

Leysan gəldi, islatmadı,

Şükr edirəm mən Allaha.


Neyləyirəm təmtərağı,

Gözləyirəm şad sorağı.

Mən olmuşam ümid dağı,

Şükr edirəm mən Allaha.


Hər nə yazsam düz yazıram,

Haq sözünə mən razıyam,

Ata yurdda mən qaziyəm

Şükr edirəm mən Allaha.


Gör nə qədər sirlərim var,

Möcuzəli günlərim var.

Açılmayan səhərim var,

Şükr edirəm mən Allaha.


Yuxularım mənə həyan,

Gələn günüm mənə bəyan.

Qarşımda var böyük qayam,

Şükr edirəm mən Allaha.



Misqal-misqal bir qarışla, 

Payız vaxtı bol yağışla.

Günahımı gəl bağışla,

Şükr edirəm mən Allaha.



Qarşında mən diz çökərəm, 

Zəhmət çəkib, tər tökərəm.

Yurdumu təzədən tekərəm,

Şükr edirəm mən Allaha.


Mən Sahibə sınaq bəsdir,

Qiybət, deyim, qınaq bəsdir.

Nə bəxş etsən mənə bəsdir,

Şükr edirəm mən Allaha.

Cəmilə ÇİÇƏK 

araşdırmaçı jurnalist,

filologiya üzrə fəlsəfə doktoru,

Prezident təqaüdçüsü