Xəbər Lenti
19 sen 08:23Gündəm / Dünya

Konqoda 300 min dövlət qulluqçusu işdən çıxarılacaq

Konqo Demokratik Respublikasının prezidenti Feliks Çisekedi 4 min dövlət qulluqçusunun təqaüdə göndərilməsi barədə göstəriş verib.
Bu barədə ölkənin baş nazirinin müavini, dövlət qulluğu, dövlət idarəçiliyində modernləşdirmə və innovasiyalar naziri Jan-Pyer Lihau Ebua məlumat verib.
“Kadrların gəncləşdirilməsi prosesi davam edəcək. Hakimiyyətin hazırkı qərarının məqsədi bütün səviyyələrdə xidmət və administrasiyaların işinə yeni təkan vermək və kadrları yeniləməkdir”, - deyə o, bildirib.
Nazirin sözlərinə görə, işdən çıxarılanlar arasında nazirlik və xidmətlərin 20-yə yaxın dövlət katibi də var.
Ebua əlavə edib ki, oktyabrda daha 6 min məmur vəzifəsini tərk edəcək.
“Növbəti 5 il ərzində 300 min dövlət qulluqçusu təqaüdə göndəriləcək və onların yerini gənc kadrlar tutacaq. Artıq dövlət qurumları 5 min gənc mütəxəssisin işə qəbulunu elan edib”, - nazir vurğulayıb.
Qeyd edək ki, Konqoda 1,45 milyon dövlət qulluqçusu var. BMT-nin son məlumatına görə, ölkə əhalisi 89,6 milyon nəfərdir.
Mənbə: Oxu.Az