Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

25 Eyl 18:44Gündəm

Zəngəzura aparan yol: İğdır-Naxçıvan qaz kəməri reallaşdı

Zəngəzura aparan yol: İğdır-Naxçıvan qaz kəməri reallaşdı


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib.
Türkiyənin dövlət başçısı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşəcək.
Liderlərin Azərbaycanın Qarabağdakı uğurlu lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərksilah prosesini və Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edəcəkləri gözlənilir.
Həmçinin, regional və ikitərəfli məsələlər də masada olacaq. Bundan başqa, Türkiyə Prezidentinin səfəri zamanı İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyulacaq.
Xatırladaq ki, Azərbaycanla Türkiyə arasında İğdır-Naxçıvan qaz kəməri ilə bağlı anlaşma memorandumu 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra, 2020-ci il dekabrın 15-də imzalanıb.
Milli Məclisin deputatı Elman Nəsirov açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün bir örnəkdir:

“Bu gün dünyada dövlətarasında etimadsızlıq mühiti hökm sürməkdədir. Əslində dövlətlərarası münasibətlər necə olmalıdır? sualına cavab axtarsaq, uzun-uzadı fikirlərə dalmağı ehtiyac olmayacaq. Çünki Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün bir örnəkdir. 
Tərəflər arasında səmimi dostluq və qardaşlıq münasibətləri var. 2020-ci ilin 15 iyununadək də münasibətlərimiz de-fakto strateji müttəfiqlik münasibətləri idi. Amma Azərbaycanla Türkiyə arasında Şuşa Bəyannaməsi imzalandıqdan sonra münasibətlərimiz həm də de-yure, hüquqi baxımdan strateji müttəfiqlik səviyyəsinə qalxdı. 
Münasibətlərimizin yüksək pilləsinin əsas göstəricilərindən biri də hər iki dövlətin siyasi liderlərinin şəxsi dostluq və qardaşlıq münasibətləridir. Biz 44 günlük Vətən müharibəsində də bu dostluq və qardaşlığın hansı yüksək səviyyədə ifadə olunduğunu gördük. 
Həmçinin, sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda lokal antiterror tədbirləri həyata keçirilirkən də, Türkiyə Azərbaycana öz mənəvi və siyasi dəstəyini göstərdi”.
Millət vəkili bildirib ki, növbəti tarixi uğurumuzun ardınca Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlməsi, Naxçıvana səfər etməsi bir daha münasibətlərimizin ən yüksək səviyyədə olduğuna bariz nümunədir: 
“Şübhəsiz ki, bu səfər çərçivəsində ikitərəfli münasibətlərimiz geniş aspektən müzakirə olunacaq. Xüsusilə də lokal antiterror tədbirləri, onun nəticələri və bundan sonrakı reallıqlar fonunda atılacaq addımların müzakirə olunması gözlənilir.
Zəngəzur dəhlizinin işə salınması ilə bağlı da hər iki dövlətin liderinin siyasi iradəsinin ortada olması və məntiqlə də praktiki addımların atılmasının zəruriliyi ilə bağlı çox əhəmiyyətli fikir mübadiləsi aparılacaq”. 
Elman Nəsirov vurğulayıb ki, bu səfərin ən yadda qalan tarixi məqamlarından biri də İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulmasıdır:
“Bu kəmərin çəkilişi Naxçıvanın qaza olan tələbatının ödənilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu, həm də gələcəkdə Zəngəzur dəhlizinin açılması reallığında artıq Naxçıvanın qonşu bölgələrinin əlaqələrinin müxtəlif sferalarda inkişafı üçün unikal imkanlar yaradacaq. 
Ümumiyyətlə, Azərbaycan və Türkiyənin olduğu yerdə inkişaf, yüksəliş, quruculuq və tərəqqi var. Eyni zamanda, hər iki tərəfin birgə səyləri regional və beynəlxalq təhlükəsizliyin təminatı mənafeyinə xidmət göstərir”.