Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

05 Ara 17:57Manşet / Gündəm / Siyasət

Xəzəryanı ölkələrin XİN başçılarının növbəti görüşünün keçiriləcəyi ölkə AÇIQLANDI

 

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək.

APA xəbər verir ki, bu barədə Xəzəryanı ölkələrin XİN başçılarının dekabrın beşində Moskvada keçirilən toplantısının yekunlarına dair birgə qəbul olunmuş bəyanatda bildirilib.

“Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü 2024-cü ildə Türkmənistanda baş tutacaq”, - deyə bəyanatda qeyd olunub.

Qeyd edək ki, beş Xəzəryanı dövlətin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan) xarici işlər nazirləri Xəzər dənizində hərbi fəaliyyət sahəsində etimad tədbirləri haqqında sazişin yaradılması üzrə danışıqların intensivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

“Nazirlər beştərəfli saziş layihələrinin təsdiqini başa çatdırmaq üçün danışıqlar prosesinin intensivləşdirilməsinin zəruriliyini qeyd edirlər: Xəzər dənizində hərbi fəaliyyət sahəsində razılaşdırılmış etimadın möhkəmləndirilməsi tədbirləri haqqında”, - deyə bəyanatda qeyd olunub.

Bəyanatda tərəflər həmçinin, Xəzər dənizinin dəniz mühitinin vəziyyətinin monitorinqi, qiymətləndirilməsi və məlumat mübadiləsi haqqında Tehran Konvensiyasının protokol layihəsi üzərində işin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

16:27

5 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Moskva şəhərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak və çıxış edib.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, görüşdə Xəzəryanı dövlətlər arasında müxtəlif, o cümlədən iqtisadi, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bağlantılar, ətraf mühitin mühafizəsi və s. sahələr üzrə sektoral əməkdaşlıq gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı çıxış edən nazir Ceyhun Bayramov bu kimi görüşlərin keçirilməsinin Xəzər regionunda mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlərin müzakirəsində mühüm rol oynadığını qeyd edib.

Hazırkı beynəlxalq münasibətlər sistemində mövcud vəziyyətin beynəlxalq hüquq normaları, xüsusilə dövlətlərin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətin əhəmiyyətini bir daha təsdiqlədiyini qeyd edən nazir Ceyhun Bayramov, Xəzər regionu çərçivəsində də sözügedən prinsiplərin, habelə beynəlxalq hüquqda mövcud təcrübələrin rəhbər tutulmasının vacibliyini vurğulayıb.

Xəzər dənizindən sülh, dostluq və həmrəylik məqsədləri naminə birgə istifadə üçün Xəzəryanı dövlətlər arasında mövcud müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin, habelə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın ən qısa zamanda qüvvəyə minməsinin əhəmiyyəti qeyd olunub.

Karbohidrogen ehtiyatları ilə zəngin olması ilə yanaşı, mühüm geostrateji mövqe tutan Xəzər dənizi hövzəsində yerləşən dövlətlər arasında bir sıra sahələr, o cümlədən iqtisadi, ticarət, investisiyalar, alternativ enerji və s. istiqamətlər üzrə geniş potensialın mövcud olduğu, bu potensialdan istifadənin öz növbəsində regionda nəqliyyat və kommunikasiyaların, infrastruktur və texnologiyaların inkişafına da töhfə verə biləcəyi diqqətə çatdırılıb. Bu istiqamətdə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun imkanlarından istifadənin o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına da töhfə verəcəyinə dair əminlik ifadə olunub.

Xəzəryanı ölkələrin qarşısında duran ən mühüm çağırışlardan birinin Xəzərin dayazlaşması və bunun nəticəsində yaranan ekoloji problemlərin olduğu, bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aidiyyəti üzrə ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış etdiyi, hazırda Bakıda ekspertlərin müvafiq görüşünün təşkili istiqamətində işlər aparıldığı bildirilib.

2022-ci ilin oktyabrında Bakıda Xəzərlə bağlı Çərçivə Konvensiyasının 6-cı Tərəflər Konfransının keçirilməsinin, Çərçivə Konvensiyasının həyata keçirilməsi ilə bağlı yaranan məsələlərin müzakirəsinin faydalı rol oynadığı qeyd edilib. Bu istiqamətdə, cari ilin 18-19 dekabr tarixlərində Bakıda Çərçivə Konvensiyası Katibliyinin fəaliyyətinin təşkili ilə bağlı xüsusi ekspert qrupunun ilk iclasının keçirilməsi barədə əldə edilmiş razılığın konstruktiv dialoqa imkan yaradacağına dair ümidvarlıq ifadə olunub.

Tədbirin sonunda müzakirə olunmuş məsələlərin əks olunduğu bəyanat qəbul olunub.

12:17

Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb.

“Report”un Rusiya bürosunun məlumatına görə, iclasda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən tədbirdə İran, Qazaxıstan və Türkmənistanın XİN başçıları da iştirak edirlər.

Tərəflər Xəzər dənizində əməkdaşlığın inkişafı üçün prioritetləri vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar.

Xatırladaq ki, Ceyhun Bayramov dekabrın 4-də Rusiyaya işgüzar səfərə gedib.

08:24

Dekabrın 15-də Rusiyanın paytaxtı Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

“Report” xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə baş tutacaq tədbirə Azərbaycanla yanaşı İran, Qazaxıstan və Türkmənistan nümayəndələri qatılacaq.

Tərəflər Xəzər əməkdaşlığının inkişafı üçün prioritetləri vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar.

Xatırladaq ki, dekabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Bizimlə əlaqə saxlayın