“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Gürcü politoloq: “Minatəmizləmə sahəsində əməkdaşlıq GUAM-a üzv ölkələr üçün son dərəcə vacibdir”
“Azərbaycanın bu il sədrliyini qəbul etdiyi GUAM təşkilatına üzv ölkələr üçün minatəmizləmə sahəsində əməkdaşlıq son dərəcə vacibdir”.
Bunu “Report”a açıqlamasında gürcü politoloq Simon Kapadze deyib.
“Azərbaycan təşkilata sədrliyi dövründə fəal işləyəcəyi əməkdaşlıq sahələrini artıq müəyyən edib. “Yaşıl enerji” və minatəmizləmə ən vacib istiqamətlər ola bilər. Bu təşkilata daxil olan bütün ölkələrin mina problemi ilə bağlı ağrılı təcrübəsi var. Buna görə də bu sahədə əməkdaşlığın intensivləşdirilməsi zəruridir”, - o bildirib.
S.Kapadze bu platforma çərçivəsində Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın dərinləşdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayıb:
“Bundan əlavə, fikrimcə, Ukraynada müharibə başa çatdıqdan sonra təşkilat genişlənməklə bağlı düşünə biləcək”.
Xatırladaq ki, 2024-cü il yanvarın 1-də GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçib. Azərbaycanın təşkilata son sədrliyi dövründə (2020) prioritet istiqamətlər enerji təhlükəsizliyi, nəqliyyat və ticarət olub. Qeyd edək ki, Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) 1997-ci il oktyabrın 10-da yaradılıb.