“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
“İnternat məktəbinin əhvalatları və ya Tariyel Əkbərovun oyunları”
“Analoq.az” saytı xəbər verir ki, bu günlərdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı respublika xüsusi internat məktəbində baş verənləri işıqlandırmışdıq.
Görünür, bizim xoş məramlı niyyətimiz internat məktəbində qaranlıq işlər görməyə adət etmiş bəzi məsul şəxsləri, xüsusilə də sözügedən məktəbin direktoru Tariyel Əkbərovu ciddi narahat edib.
Hirs-hikkəsini bilirsiniz necə töküb ilan zəhəri kimi?! Hə, deyək, bilin: yazılanlara görə məktəbin müəllimlərinə töhmət verib. Töhməti əsaslandıranda isə bir az da dərinə “baş vurub: müəlliməni reket jurnalsitə məlumat ötürməkdə gunahlandırıb. Yəni, bizi və həmin məqaləni dərc edən mətbuat nümayəndələrini reket adlandırıb.
Əvvəla, təhsil sisteminin başında olan bir adam niyə mətbuat nümayəndələrinə reket desin, xüsusən də reket adlandırdığı müstəqil mətbuat nümayəndələrinin reketliyi haqqında əlində hansısa faktları olmaya-olmaya?!
Bu gün T. Əkbərovun reket adlandırdığı mətbuat nümayəndələrinin dostu ölkə başçısı Cənab İlham Əliyevdir. Xatırlatma edək ki, prezident İlham Əliyev 2013-cü ildə ikinci dəfə “Jurnalistlərin dostu” seçilib. Yazıq direktor elə bilir ki, mətbuat yalnız bəzi “yoldanötən”, əslində, jurnalistikadan uzaq, zurna çalıb, beş-on manat “taksipulu” almaq üçün qurumları, təşkilatları narahat edənlərdir.
Mətbuat nümayəndələri ilə keçirilən görüşdə ölkə başçısı geniş nitq söyləyib. Prezidentin mətbuat nümayəndələri haqqında həmin tarixi çıxışdan bəzi sitatları bugün direktor T.Əkbərovun nəzərinə yetirmək istəyirik.
Sitat: “…
Eyni zamanda, əlbəttə ki, cəmiyyətdə mövcud olan problemlərlə bağlı media daim öz sözünü deməlidir. Dövlət maraqlarının təmin edilməsi, o cümlədən nöqsanların aşkarlanmasından keçir. Azərbaycanda xoşagəlməz halların mövcudluğu barədə mediada kifayət qədər dolğun məlumatlar vardır. Mən bunu alqışlayıram. Xüsusilə, bürokratiya, korrupsiya, rüşvətxorluq, özbaşınalıq, yekəxanalıqla bağlı olan mövzular, araşdırmalar bizim ümumi işimizə dəstək verir.
Milli-mənəvi dəyərlərlə bağlı olan məsələlər, bəzi məmurlar tərəfindən bu dəyərlərə məhəl qoyulmaması – bütün bunlar diqqət çəkir. Eyni zamanda, media qurumlarının bu məsələlər ətrafında işləmələri diqqəti bu məsələlərə yönəldir və istər-istəməz müsbət təsir göstərir. Ona görə cəmiyyətin yaralarını aşkarlamaq, sağaltmaq üçün biz birlikdə çalışmalıyıq.
Mən hesab edirəm ki, medianın bu funksiyası da çox önəmlidir…”
Analoq. az da yayımlanan məqalədə internat-məktəbin haqsızlıqla üzləşən bəzi müəllimlərinin fikirlərini ictimailəşdirməyə çalışmışdıq. “Təkrarda fayda var”– yəni, təkrar biliyin anasıdır”,-deyibən bir daha qeyd edək ki, narazı müəllimlər internat-məktəbin direktoru T. Əkbərovdan şikayətçi idilər. Narazılığın birincisi ondan ibarət olsun ki, direktor müavini Firuzə Hacıyeva martın 5-də məktəbə car çəkir ki, bütün müəllimlər 20 manatdan “atışsınlar”, çünki direktor Tariyel Əkbərovun mamadan olan günüdür.
Mühüm tarixi hadisə olmasa da yüngülvari qeyd edək ki, Tariyel müəllimin ad günü martın 2-nə təsadüf edir.
Amma, nədənsə, direktor müavini Firuzə Hacıyeva üç gün sonra pul yığımına başlayıb. Sonra isə ya vəlvələdən, ya zəlzələdən müəllimlərdən direktorun doğum günü hədiyyəsi üçün toplanan pullar müəllimlərin özünə qaytarılıb. Lakin hamıya ciddi tapşırılıb ki, bu məsələ barədə heç yerdə, heç nə danışılmasın. Necə deyərlər, bir daş altda, bir daş da üstdə…
Məktəbdə olan mənbələrimiz qeyd edib ki, mart ayının 2-də direktorun kabinetində yığışıb ona tərifin birini bir qəpikdən yağdiriblar. Qocaman və etibarlı mənbəmiz daha sonra qeyd edir ki, bəs direktor özünə iki dəfə Ad günü keçirdir. Birincisi mart ayının 2-də, digəri də mart ayının 22-də.
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 3 saylı respublika xüsusi internet məktəbindəki vəziyyət barədə yazarkən onu da qeyd etmişdik ki, burada çalışan bəzi müəllimlərin dərs saatları azaldılıb, sinifləri bağlanıb.
Şikayət edən müəllimlərin direktordan eşitdikləri standart cavab da məhz bu olub: “Siniflər bağlanıb, dərs saatları yoxdur”. Üstəlik, məsələ barədə tutarlı cavab almaq istəyən, şikayət edən işçilərə direktor töhmət verdirib, işdən qovmaqla hədələyib. Amma məktəbdə çalışanlardan hər kəs yaxşı bilir ki, Tariyel Əkbərovun formalaşdırdığı komanda üçün “No problem”!
Həmin xüsusi adamların sinifləri də, dərs saatları da yerindədir. Çünki direktorun şüarı var: “Məni qane edən müəllimə hər zaman dərs də verəcəm, üstəlik sinif də”.
Biz də jurnalist marağı ilə buradan direktora sual ünvanlayırıq: “Sizi qane edən müəllim necə olmalıdır”?
Yeri gəlmişkən, T. Əkbərov illərini bu müqəddəs peşəyə verən insanların işini hansı meyarlarla qiymətləndirmək fikrindədir? Savadlı müəllimləri hansı “təcrübə” ilə yoxlayır?
Onu da vurğulayaq ki, T. Əkbərov əvvəllər Masallı Rayon Təhsil Şöbəsində çalışıb və oranın müdiri olanda etdiyi hərəkətləri Masallı sakinləri bu gün də hiddətlə xatırlayır.
Haqqında yazılanlar da internetdə “göz bəbəyi kimi qorunub saxlanır”. Üstəlik, bir qrup rayon sakininin o zamankı təhsil naziri Ceyhun Bayramova göndərdiyi məktub da ortadadır.
Göydə Allah, yerdə bəndələr yaxşı bilir ki, həmin məktubu nə “Analoq.az” saytı təşkil edib, nə o məktubu bu saytda çalışan jurnalistlər imzalayıb!
T.Əkbərovun direktoru olduğu internat-məktəbində baş verən digər bir olay isə daha pis biabırçılıqdan xəbər verir.
Məktəbin müəllimi Bahar Kazımova əslən Qərbi Azərbaycandan olan müəllim həmkarını erməni adlandırib. Onu təhqir edib. Bu rəzalətdən şikayət edən müəllim Könül Səmədli isə direktorun hədə-qorxusu, şantajı ilə üzləşib. Üstəlik, Bahar Kazımova narazı tərəfə ultimatum göndərərək deyib ki, bacımın deputatlardan biri ilə əlaqəsi var, təkcə internatı deyil, Azərbaycanı da biz idarə edirik! Yəni müəllimə yox, tam mafiya babası leksikonu…
İndi biz də həmin Bahar Kazımovadan soruşmaq istəyirik: “Bacımın deputatla əlaqəsi var deyərkən nəyi nəzərdə tuturdunuz?”
Hər yerdə Novruz bayramı qeyd olunduğu bu son günlər Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı respublika xüsusi internat məktəbində xalqımızın bu əziz bayramını da hörmətdən salıb, insanların sevincinə soğan doğrayıblar.
Deməli belə, martın 18-də məktəbdə bayram şənliyi düzənlənib, lakin ora uşaqların hamısını deyil, bəzilərini çağırıblar. Bu ayrı-seçkilik valideynlərin ciddi narazılığına səbəb olub.
Dəyərli oxucularımıza təqdim edəcəyimiz videoda hər şey aydın görünür. Videoya baxanda məlum olur ki, bayram tədbiri xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün deyil, internatın xüsusi qayğıya ehtiyacı olan bəzi müəllimləri, texniki işçiləri, digər əməkdaşları üçün imiş…
Bəlkə həmin gün internatda təhsil alan digər uşaqları Analoq.az saytı gizlədib və ya onların tədbirdə iştirak etməyinə mane olmuşuq?!
Burada yadımıza ölməz Mirzə Cəlilin “Danabaş kəndinin məktəbi” düşür. Bəziləri avamlıqdan uşaqları ot tayasında gizlədir və deyir: “…bizim kənddə əvvəldən oğlan uşağı olmayıb…”
Görünür, bu məktəbdə əvvəldən elə o qədər uşaq oxuyurmuş, heç kimin xəbəri olmayıb. Başqa nə ad vermək, necə yozmaq olar ki?!
Gülməlidir, yoxsa, ağlamalı, millət?
Deyəsən, bir az ağlamalı oldu, bir az da gülməli…
Ardı olacaq
Analoq.az