“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Fitrə zəkatı hansı məbləğdə və kimə verilməlidir: “Hətta qonağa da təqdim oluna bilər”
“Qafqaz Müsəlmanları İdarəsi məsləhət görür ki, fitrə zəkatı çıxararkən minimum yox, orta məbləğ götürülsə, daha yaxşıdır”.
Bunu Oxu.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini hacı Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, bayram axşamı çatanda, əsasən, ailə başçısı fitrə zəkatını çıxarır:
“Bunu ailədə bir nəfər öz öhdəsinə götürür. Ailədəki hər adama görə üç kiloqram düyü və ya buğdanın qiyməti ekvivalentində fitrə zəkatı təyin edilir. Qafqaz Müsəlmanları İdarəsi məsləhət görür ki, bu zaman minimum yox, orta məbləğ götürülsə, daha yaxşıdır. Maddi durumu normal olan ailələrin hər üzvü üçün 10-15 manat məqbul hesab olunur.
Fitrə zəkatının pul şəklində verilməsi daha məsləhətlidir, çünki ehtiyac sahibi onu istədiyi kimi xərcləyər. Amma ərzaq şəklində də təqdim etmək olar. İnsanlar öz qohumları, qonşuları arasında, ümumiyyətlə, ətrafdakı kasıb ailəyə fitrə zəkatını bayram namazına qədər versə, daha yaxşıdır. Amma bayram namazına qədər çatdıra bilməsə, gün ərzində də təqdim edə bilər. Bayram günü evə gələn ehtiyacı olan qonağa da zəkat vermək olar”.
Hacı Fuad Nurullayev qeyd edib ki, fitrə zəkatı çıxararkən evdəki qonaqların da sayı nəzərə alınır:
“Bayram ərəfəsində kimsə qonaq gəlibsə və bayram namazına qədər həmin evdə qalıbsa, fitrə zəkatı çıxararkən o da nəzərə alınmalıdır və bu, mütləqdir. Ancaq qonaqlar bayramdan əvvəlki şam namazı daxil olmamış getsələr, yaxud da bayram namazından sonra gəlsələr, onlara görə fitrə zəkatını çıxarmağa ehtiyac yoxdur”.
İlahiyyatçı kimlərin fitrə zəkatından azad olduqlarını da açıqlayıb:
“Başqalarına möhtac olan insanlar, ailəsini güclə dolandıranlar fitrə zəkatı verməyə bilərlər. Onlar zəkat vermək əvəzinə dua və zikrlər edə bilərlər”.
Qeyd edək ki, Ramazan ayı martın 11-də başlayıb. Şəvval ayının 1-də, yəni aprelin 10-da Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkədə iki gün - aprelin 10-da və 11-də bayram günləridir.
Aliyə Yahyayeva