Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
Daha bir ölkədə ölümcül xəstəlik yayılır - Əlamətləri nədir?
Kanadadan sonra ABŞ-da ölümcül xəstəlik - listerioz epidemiyası başlayıb.
Qaynarinfo bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin bəyanatına istinadən xəbər verir.
İnfeksiya artıq 12 ştatda qeydə alınıb, xəstələrin əksəriyyəti ABŞ-ın şərq sahilindəki Nyu-York və Merilend ştatlarında müalicə olunur. Ümumilikdə 28 fakt qeydə alınıb.
Listerioz doğulmamış və yeni doğulmuş uşaqlar, 60 yaşdan yuxarı insanlar və immun sistemi zəif olanlar üçün ölümcül xəstəlikdir.
Amerika Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, hələlik epidemiyanın səbəbləri ilə bağlı dəqiq məlumat yoxdur. Lakin məlumdur ki, listerioza yoluxmuş bir çox insan mağazalardan alınmış hazır ət və kolbasa məhsulları yeyib.
İyulun 17-də Kanada hökuməti listerioz xəstəliyinin yayılması barədə məlumat vermişdi. İnfeksiyanın iki nəfərin ölümünə səbəb olduğu, daha 9 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilirdi.
Qeyd edək ki, listerioz zoonoz təbiətə malik bakterial mənşəli infeksion xəstəlikdir, onu listeriyanın patogeni törədir. Xəstəlik zamanı əsasən limfa düyünləri, qara ciyər, dalaq, mərkəzi sinir sistemi zədələnir.
Xəstəliyin törədicisi bütün gəmiricilərdə, quşlarda, vəhşi və ev heyvanlarında tapılır. Mikrob heyvanın nəcisi, sidiyi, südü və s. vasitəsilə ifraz olunaraq əsasən alimentar, bəzən isə transmissiv yolla keçir. Hamilələr və yenidoğulmuşlar listerioza daha tez yoluxur.
Listeriyanın populyasiya ilə qarşılıqlı əlaqəsini üç mərhələyə bölmək olar. XX əsrin 50-ci illərinə qədər olan dövrü əhatə edən birinci mərhələdə xəstəliyə cəmi 70 hadisə heyvanlarla əlaqədar olan fermer və veterinarlarda rast gəlinmişdi. Ötən əsrin 70-ci illərini əhatə edən ikinci mərhələdə isə listerioz hallarının sayı bir neçə minə çatıb və həmin infeksiyaya yüksək letallıq göstəricisi olan zoonoz xəstəlik kimi baxılıb. Ötən əsrin 80-ci illərindən indiyə qədər olan dövrü əhatə edən üçüncü mərhələdə isə dünyada qida infeksiyası kimi qəbul olunmuş, əsasən yüksək inkişaf etmiş ölkələrdə - ABŞ, Böyük Britaniya, İsveçrə, Kanada və digər ölkələrdə yayılıb. Xəstəliyin əsas səbəbi daha çox hazır qidalardan istifadə edilməsidir.
İnfeksiyanın giriş qapısı mədə-bağırsaq traktının və respirator yolların selikli qişası, göz və zədələnmiş dəri səthidir. Listeriozun baş verməsində orqanizmin immun vəziyyəti böyük rol oynayır. Ona görə uşaqlar, hamilələr və qocalar arasında yoluxma faizi daha yüksək olur. Xəstəlik əsasən yaz-yay aylarında daha geniş yayılır.
Listeriozun inkubasiya dövrü 3-70, bəzən 18-20, yenidoğulmuşlarda isə 3-5 gün davam edir. Xəstəlik kəskin, xroniki və abortiv formalarda özünü göstərir. Hər hansı orqanın zədələnməsindən asılı olaraq visserial, anginoz-septiki, sinir, göz, tifoid və s. kliniki formaları müşahidə edilir.
Bütün vəziyyətlərdə xəstəlik kəskin başlayır. Xəstədə üşütmə, başağrısı, yüksək temperatur və zəiflik halları olur, əzələ ağrısı və digər şikayətlər baş verir, bir çox hallarda qusma və ishala rast gəlinir. Bədənin müxtəlif nahiyələri səpgilərlə örtülür, qara ciyər və dalaq böyüyür. Limfogen və hematogen yoluxma zamanı kəskin qızdırma, titrətmə baş verir və listeriyanın limfatik düyünlərə, daxili orqanlara- badamcıqlara, ağ ciyərə, qara ciyərə, dalağa, mərkəzi sinir sisteminə və s. fiksasiyası və çoxalması baş verir.
Hamilə qadınlar listeriozun bütün növlərinə yoluxa bilərlər. Bətndaxili listerioza yoluxma döldə ya ölü doğulma və ya vaxtından əvvəl doğularaq iki həftə ərzində letallıqla nəticələnə bilər.
Xroniki listeriozda klinik əlamətlər özünü cüzi təzahür edir, proses kəskinləşəndə özünü kataral əlamətlər və dispeptik pozuntularla göstərir.
Listeriozun diaqnozu hematoloji və laborator müayinələrə əsasən qoyulur. Profilaktika məqsədilə ərzaq məhsulları və suyun mühafizəsi, şəxsi gigiyena qaydalarına riayət edilməli, hamiləlik patologiyası olan qadınlar isə TORCH infeksiyalarla bərabər listerioza görə də müayinə olunmalıdırlar.
Aydın