Menu
Xəbər Lenti
Yenidən spiker seçildi
27-05-2025, 09:02

Yenidən spiker seçildi

DOSTUN EŞQİNƏ
26-05-2025, 09:48

DOSTUN EŞQİNƏ

28 May 08:40Manşet / Gündəm / Sosial

Şadlıq saraylarında toy edəcək şəxslərdən şəxsiyyət vəsiqələri tələb olunmalıdır?

Şadlıq saraylarında toy edəcək şəxslərdən şəxsiyyət vəsiqələri tələb olunmalıdır?

Azərbaycanda nikah yaşı qanunvericiliklə müəyyən edilsə də, bəzi hallarda yetkinlik yaşına çatmayan şəxslərin toy mərasimlərinin təşkil olunduğunu müşahidə edirik.

Qanunla qadağan olunmasına baxmayaraq, bəzi ictimai iaşə obyektlərinin bu cür tədbirlərə şərait yaratması erkən evliliklərin artmasına dolayı yolla töhfə verir.

Şadlıq sarayları arasında apardığımız sorğu zamanı məlum oldu ki, bir qismində evlənəcək cütlüklərdən şəxsiyyət vəsiqəsi istənilsə də, bəzilərində buna ümumiyyətlə nəzarət edilmir.

Maraqlıdır, bəs görəsən, toy edəcək cütlüklərdən şəxsiyyət vəsiqələrini yoxlamaq şadlıq sarayları qarşısında tələb kimi qoyula bilərmi?

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Oxu.Az-a açıqlamasında bildirib ki, tədbir üçün rəsmi xidmət göstərilirsə (toy mərasimi, qeydiyyat, paket sifarişi və s.), bu zaman restoran yaşı statistika və ya hüquqi baxımdan soruşa bilər:

"Hazırda Azərbaycanda rəsmi nikah yaşı qadınlar və kişilər üçün 18-dir, istisna hallar nəzərə alındıqda qadınların nikah yaşı 17 qəbul edilir.

Müəyyən xidmətlər (məsələn, alkoqollu içkilər, gecə proqramları) yaş məhdudiyyəti tələb edə bilər. Hüquqi məsuliyyətdən yayınmaq üçün yetkinlik yaşına çatmayan şəxslərin iştirakı və ya evliliyi ilə bağlı qeyri-rəsmi və ya etik risklər restoranın imicinə zərər vura bilər".

O qeyd edib ki, müştəri, sadəcə, masa sifariş edirsə, şəxsi məlumatların (yaşın) sorğusu etik və hüquqi baxımdan şübhəli ola bilər:

"Bu, şəxsi həyata müdaxilə kimi dəyərləndirilə bilər. Tövsiyə - balanslı yanaşmadır. Əgər toy və ya nişan kimi tədbir üçün paket təklif olunur və rəsmi tərəfdaşlıq şərtləri (məsələn, sənədli qeydiyyat) tələb olunursa, yaş barədə etik sorğu təqdim edilə bilər. Əks halda, yaş sorğusu yalnız razılıq əsasında və səbəbi izah edilərək aparılmalıdır.

Restoranlar yalnız xüsusi hallarda (rəsmi tədbirlər, hüquqi öhdəliklər) cütlüklərin yaşını soruşmalıdır. Standart xidmətlərdə bu, nə hüquqi, nə də etik baxımdan zəruridir. Əsas meyar - müştərinin hüquqları və məxfiliyə hörmət prinsipidir".

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Vüqar Babayevin sözlərinə görə, qanunvericilikdə şadlıq saraylarının toyu olan şəxslərin şəxsiyyətini və yaşını müəyyən etmələri ilə bağlı vəzifələri müəyyən edilməyib:

"Cəmiyyətimizin ağrılı problemlərindən biri də erkən nikahlardır. Kütləvi halda olmasa da, bəzən bununla rastlaşırıq. Nikaha daxil olmağa imkan verən yaş həddinə çatmamış şəxslərin evlənməsi ilə bağlı qanunvericilikdə bir sıra məsuliyyət tədbirləri, həmçinin cinayət məsuliyyəti müəyyən edilib.

Lakin burada ən vacib məsələ - valideyn və bu kimi hallardan məlumatı olan və susan cəmiyyət üzvlərinin mənəvi məsuliyyətidir.

Toyların, adətən, şadlıq saraylarında təşkil edildiyini nəzərə alsaq, deyə bilərik ki, onların bu hallardan xəbərtutma imkanları daha çoxdur. Doğrudur, qanunvericilikdə onların nikaha daxil olan və ya toyu olan şəxslərin şəxsiyyətini və yaşını müəyyən etmələri ilə bağlı vəzifələri müəyyən edilməyib, amma bu hal qadağan da edilməyib və şadlıq evlərinin belə bir hüquqları var".

Hüquqşünas qeyd edib ki, toy məclisində nikaha daxil olmağa imkan verilməyən şəxslərin iştirakı baş tutarsa, bu zaman restoran sahiblərinin hadisələrin baş verməsində qəsdən iştirakı sübuta yetirilərsə, onların qanun qarşısında məsuliyyəti yarana bilər:

"Bu, həm də mənəvi məsuliyyətdir və cəmiyyət olaraq hər birimiz bu kimi halların aşkar edilməsində və qarşısının alınmasında mütləq iştirak etməliyik.

O cümlədən də şadlıq evlərinin sahibləri və inzibatçıları toy məclisi keçiriləcək şəxslərin yaşı ilə bağlı məsələni nəzarətdə saxlamalı, onlardan şəxsiyyət vəsiqəsi tələb etməli və belə halların baş verməsinə imkan yaratmamalıdırlar".

Xatırladaq ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə erkən evliliyin qarşısının alınması ilə bağlı bir sıra dəyişiklik edilir. Məsələn, 189-1-ci maddəyə əsasən, on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə min manatdan iki min manatadək məbləğdə cərimə tətbiq edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

İXM-in 189-2.1-ci maddəsinə görə, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı mərasimlərin (nişan, toy və digər mərasimlər) keçirilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcəklər.

189-2.2-ci maddəyə əsasən, İXM-in 189-2.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan altı min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə ediləcəklər.

Həmçinin 189-3-cü maddəyə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində dini kəbinkəsməyə görə fiziki şəxslər min manat məbləğində cərimə ediləcəklər.

189-3.2-ci maddəyə görə, İXM-in 189-3.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər iki min manat məbləğdə cərimə ediləcəklər və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Qeyd edək ki, yuxarıda göstərilən dəyişikliklər bu il iyulun 1-dən etibarən qüvvəyə minəcək.

Aygün Mirakif