Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
Xeyriyyəçilik nümunəsi: Zeferyolu.az saytının rəhbəri Jalə Ağakişiqızından növbəti humanist təşəbbüs
Xalq yazıçısı Mövlud Süleymanlının DOĞUM GÜNÜDÜR
Bu gün Xalq yazıçısı, tanınmış nasir, dramaturq və ssenarist Mövlud Süleymanlının doğum günüdür.
Oxu.Az xatırladır ki, Mövlud Süleymanlı 1943-cü il martın 18-də Ermənistanın Kalinino rayonunun Qızıl Şərq kəndində dünyaya gəlib.
O, Azərbaycan nəsrində özünəməxsus üslubu və kənd həyatını, insan talelərini dərin bədii boyalarla təsvir etməsi ilə seçilən müəlliflərdən biridir.
Mövlud Süleymanlı 1962-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətlə yanaşı, uzun illər müxtəlif mətbuat və media qurumlarında çalışaraq Azərbaycan mədəni həyatında fəal rol oynayıb.
Əmək fəaliyyətinə 1968-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (AzTV) ədəbi-dram redaksiyasında redaktor kimi başlayan yazıçı sonradan Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenarist kimi fəaliyyət göstərib. Daha sonra "Ulduz" və "Azərbaycan" jurnallarında nəsr şöbəsinin müdiri vəzifələrində çalışıb.
1992-2009-cu illərdə isə AzTV-nin radio üzrə sədr müavini olub.
Yazıçının ədəbi yaradıcılığa gəlişi 1964-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunan "Əllərim" adlı ilk şeiri ilə başlayıb. Sonrakı illərdə onun qələmindən çıxan əsərlər Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutub. Yazıçı "Köç", "Şəhər toylarının səsi", "Səs", "Dəyirman" kimi kitabların müəllifidir. Bu əsərlərdə əsasən insan taleyi, kənd həyatının reallıqları, mənəvi dəyərlər və cəmiyyətin sosial problemləri bədii şəkildə əksini tapır.

Mövlud Süleymanlının yaradıcılığı müxtəlif mükafatlarla qiymətləndirilib. O, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb. Rus dilində Moskvada nəşr olunan "Çoban İbrahim və velosiped" kitabına görə Maksim Qorki adına Ümumittifaq ədəbi müsabiqəsinin laureatı olub. Yazıçı, həmçinin "Qızıl sünbül", "Araz" ədəbi mükafatları və Türkiyədə təqdim edilən "ANASAM ödül belgesi" ilə təltif edilib.
Onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələr dövlət səviyyəsində də yüksək qiymətləndirilib. Mövlud Süleymanlı 2003-cü ildə "Əməkdar incəsənət xadimi" fəxri adına, 2006-cı ildə isə "Xalq yazıçısı" adına layiq görülüb. 2018-ci ildə isə "Şöhrət" ordeni ilə təltif olunub.
Mövlud Süleymanlı 2024-cü il fevralın 21-də vəfat edib və Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub.






















































