Hər kəs öz hekayəsinin qəhrəmanıdır! – Dünya səhnəsini riqqətə gətirən Azərbaycan istedadı Zakir Bədəloğlunun uğur yolu
Uğurun təməlində peşəkarlıq və etibar dayanır – "Best Energy Group" MMC-nin təsisçisi və direktoru Sahib Süleymanov
“Aqrar sahə neft-qazdan sonra iqtisadiyyatımızın əsas dayağı olmalıdır”
Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun aparıcı sahələrindən biri sayılır. Ölkəmiz zəngin torpaq və iqlim müxtəlifliyinə, əlverişli aqrar potensiala malikdir, dövlət tərəfindən bu sahəyə mütəmadi olaraq diqqət göstərilir, yeni proqramlar qəbul edilir. Eyni zamanda torpaqdan səmərəli istifadə, məhsuldarlığın artırılması, emal sənayesinin inkişafı və ixrac potensialının reallaşdırılması istiqamətində hələ də həll olunmamış ciddi məsələlər mövcuddur.
Bu məsələlərlə bağlı iqtisad elmləri üzrə fəlsəfə doktoru, dörd dərsliyin müəllifi və 20-yə yaxın elmi məqalənin sahibi Xaliq Məmmədov fikirlərini bölüşüb.
O, uzun illər Dövlət Nəzarət Xidmətinin rəisi, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavini vəzifələrində işləyib. Hazırda özəl sektordadır və kənd təsərrüfatının inkişafının əsas amillərindən olan təchizat, gübrə və bitki mühafizə vasitələrinin idxalı, satışı və konsaltinqi sahəsində fəaliyyət göstərən şirkətə rəhbərlik edir.
Xaliq Məmmədov 1967-ci ildə Şuşada anadan olub. Uşaqlığı Ağdərə rayonunun çox ucqar, təbiəti olduqca gözəl olan və SSRİ dövründə Azərbaycan iqtisadiyyatında, xüsusilə heyvandarlıq sahəsində böyük tarixi nailiyyətləri ilə seçilən kəndlərindən birində keçib. Sonradan valideynləri onu yenidən Şuşaya gətiriblər. Orada təhsil alıb, VIII sinifdən sonra isə Bakı şəhərindəki 5 nömrəli Kimya-Biologiya təmayüllü internat məktəbində oxuyub.
Kənd Təsərrüfatı İnstitutuna daxil olan X. Məmmədov ikinci kursdan sonra hərbi xidmətə gedib, kəşfiyyat və minatəmizləmə briqadasında xidmət edib, bölük komandiri rütbəsi ilə tərxis olunub. Bundan sonra o vaxt Ukraynanın Voroşilovqrad adlanan (indiki Luqansk, hazırda müharibənin getdiyi ərazi) şəhərində mühasibat uçotunun yeni forması ilə bağlı iki il təcrübə keçib. Nəhayət, Azərbaycana qayıdıb, dissertasiyasını müdafiə edib və bu gün iqtisad elmləri üzrə fəlsəfə doktorudur.
Sonra Azərbaycanda Dövlət Nəzarət Xidmətinin rəisi vəzifəsində çalışıb. Həmin dövr bazar iqtisadiyyatının yeni formalaşdığı illər idi və dövlətin başçısı Ulu Öndər Heydər Əliyev idi. Xaliq Məmmədov bu dövrü xüsusi hörmətlə xatırlayır və deyir ki, dünyada bir daha Ulu Öndər Heydər Əliyev kimi fenomen şəxsiyyət olmayacaq.
Onun yaddaşında xüsusi yer tutan bir hadisə var. 2000-ci ilin dekabr ayının 22-də nazir onu qəbuluna dəvət edib və bildirib ki, yeni fərman imzalanıb, İstehlak Mallarının Ekspertizası Mərkəzi yaradılıb və onu həmin qurumun rəhbəri təyin edirlər. Eyni zamanda bildirib ki, yanvar ayının 15-də ilk konsorsium neftinin ixracına mənşə sertifikatı verilməlidir. Xaliq Məmmədov bu sahədə demək olar ki, heç bir təcrübəsinin olmadığını nazirə bildirsə də, nazir cəmi 2-3 həftə vaxtları olduğunu deyib. Gecə-gündüz çalışıblar və cəmi iki həftə ərzində Azərbaycanda ilk konsorsium neftinin ixracı üçün mənşə sertifikatının 15 yanvar tarixində verilməsini təmin ediblər. Özünün dediyinə görə, bu, onun üçün böyük sevinc idi və həyatının ən yaddaqalan günlərindən biri oldu. Ulu Öndərin tapşırığını böyük zəhmət və çətinliklər hesabına, çox qısa müddətdə yerinə yetirə biliblər.
Daha sonra həmin qurumda Azərbaycan mənşəli məhsulların dünyanın 149 ölkəsində tanınması və qəbul edilməsi istiqamətində böyük işlər görüb.
Ailəlidir, dörd övladı var. Övladları yüksək təhsil alıblar. Onlardan biri dövlət məmurudur, biri özəl sektorda çalışır, digəri isə Avstriyanın “Wirtschaft” Universitetini bitirib. Xaliq Məmmədov inanır ki, o da yaxın gələcəkdə ölkəmizin dövlət qurumlarından birində çalışaraq vətəninə və xalqına fayda verəcək.
“Qafqazinfo” Xaliq Məmmədovla müsahibəni təqdim edir:
- Şirkətiniz barədə məlumat verə bilərsinizmi?
- “Agricola.az” MMC yeni yaradılmış şirkətdir. Şirkətin tam formalaşmasını 2024-cü ilin iyul ayından sonrakı dövrə aid etsək, daha düzgün olar. Şirkət Türkiyə investisiyalıdır və təqdim olunmuş biznes planında nəzərdə tutulan investisiyanın təxminən 80 %-i artıq qoyulub. Şirkətin əsas fəaliyyəti bitkiçilik məhsullarının istehsalı və yetişdirilməsi, qapalı təsərrüfatlarda dünyada geniş istifadə olunan maye gübrələrin satışı, eləcə də bitki xəstəliklərinə qarşı istifadə olunan bitki mühafizə vasitələrinin satışıdır.
Distribüteri olduğumuz şirkətlərdən biri büdcəsi 19 milyard avro olan “Yara Suomi” şirkətidir. Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən bu şirkət müasir qapalı təsərrüfatlar və damcı suvarma sistemləri üçün yüksək effektivliyə malik məhsullar istehsal edir. Biz Azərbaycanda onun maye gübrələrinin ilk distribüterlərindən biriyik və bu məhsulların satışını, təbliğini ən geniş həyata keçirən şirkətlərdən sayılırıq. Bu məhsullar fermerlərə yüksək məhsuldarlıq əldə etməyə imkan verir və istehsal xərclərinin maya dəyərinin təxminən 70 % azalmasına şərait yaradır.
Şirkətimizin ikinci üstünlüyü Çində “Tribus” adlı məhsul üzrə uğurla başa çatdırdığımız təcrübədir. Bu, az məhsuldar torpaqların damcı suvarma sistemi vasitəsilə yüksək məhsuldar torpaqlara çevrilməsi üçün nəzərdə tutulan unikal bir məhsuldur. Təəssüf ki, bu gün müəyyən maliyyə çatışmazlığı səbəbindən onu idxal edə bilmirik, amma bu istiqamətdəki təcrübəmizi dəyərli hesab edirəm.
Üçüncü üstünlüyümüzə isə fermerlərin xərclərinə qənaət etməsi, torpağın, bitkilərin, ekologiyanın və insanların kimyəvi gübrələrin təsirinə daha az məruz qalması üçün maye gübrələrin satışı sahəsində öndə olmağımızdır və bu istiqaməti fəal təşviq edirik.
- Torpaq, aqrar tariximiz və şərabçılıq sahəsində vəziyyət necədir?
- Bu gün Azərbaycanda şoranlaşmış, şorakətləşmiş, humusunu, tərkibini və keyfiyyətini itirmiş çoxlu həyətyanı sahə və kənd təsərrüfatı torpağı mövcuddur. Torpaq fondumuz getdikcə daha sürətlə aşınır. Mən hətta ölkə başçısından xahiş edirəm ki, bu məsələ xüsusi nəzarətə götürülsün. Çünki bir qram torpağın yaranması üçün 7 milyon il vaxt lazım olduğu bildirilir. Təsəvvür edin, Yer kürəsinin formalaşması üçün nə qədər uzun və mürəkkəb tarixi təkamül prosesi keçilib.
Bu barədə dünyanın tanınmış aqronomlarından olan avstriyalı bir mütəxəssislə geniş müzakirə aparmışam. O mənə sübut etdi ki, Azərbaycanın torpaqşünaslıq sahəsindəki köhnə elmi irsi, təcrübəsi və bugünkü alim potensialı Avropanın bir çox ölkəsində yoxdur. Bunu eşitmək mənim üçün böyük fəxr oldu. Bizim kənd təsərrüfatı ilə bağlı elmi-tədqiqat institutlarının çox zəngin tarixi var. Biz qoyunçuluq sahəsində keçmiş MDB-postsovet ölkələri arasında aparıcı yerlərdən birini tuturduq, taxılçılıq üzrə böyük nailiyyətlərimiz var idi, üzümçülük sahəsində də ciddi uğurlar əldə etmişdik. Təəssüf ki, SSRİ dağılandan sonra bu potensialı itirdik.
İndi isə bunları sürətlə bərpa etmək imkanımız var. Azərbaycan vaxtilə dünyanın bir çox ölkəsinə şərab ixrac edirdi, bu gün isə demək olar ki, heç bir ölkəyə şərab ixrac edə bilmirik. Ən azı Moldova və Gürcüstan kimi bizimlə eyni dövrdə bu sahədə fəaliyyət göstərmiş qonşu ölkələrin təcrübəsinə baxmalıyıq. Sadəcə Çində bir sərgi keçirməklə və ya iki-üç müqavilə bağlamaqla şərab ixrac etdiyimizi deyə bilmərik. Gəlin, Avropa ölkələrindəki “duty free” mağazalarına baxaq, orada Azərbaycan mənşəli şərab demək olar ki, yoxdur. Onda nə üçün üzümçülüyü inkişaf etdiririk? Bu barədə ciddi düşünmək lazımdır.
Doğrudur, Azərbaycan bazarında şərab istehlakı o qədər böyük deyil, əhalimizin sayı da çox deyil. 50 və ya 30 milyonluq bir dövlət deyilik ki, istehsal etdiyimiz şərab yalnız daxili bazar üçün kifayət etsin. Amma Azərbaycanın şərabçılıq sahəsində dünya kitablarına yazılacaq qədər zəngin bir tarixi var. Böyük üzümçü alim Famil Şərifov bütün dünyada tanınırdı, çoxlu üzüm sortu yetişdirmiş və bu sahədə böyük xidmətləri olmuşdu.
- Bitkinin qidalanması və dövlət proqramı ilə bağlı fikirləriniz nədir?
- Yarpaqdan gübrələmə apardıqda verilən gübrə yarpaq vasitəsilə sorulur və fotosintez prosesi nəticəsində bitkinin kök sisteminə qədər daşınır. Bir insanın ayaqları möhkəm deyilsə, onun sağlam və uzun ömür sürməsi çətin olduğu kimi, bitkilərdə də kök sistemi əsas amildir. Torpaq nə qədər münbit və qida maddələri ilə zəngin olarsa, bitkinin kökü də həmin qida maddələrini bir o qədər yaxşı mənimsəyib məhsula çatdırar. Cənab Prezidentin imzaladığı, Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalının inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramının əsasında məhz bu fikir dayanır.
Bu məsələdə konkret göstərici məhsulun keyfiyyətindədir. Məsələn, dənin çəkisi 13-15 qram olmalıdır. Əgər 8 qramdırsa, bitki kifayət qədər qidalanmayıb deməkdir. Pambıqda da qozaların tökülməsi və ya zəif inkişafı eyni səbəbdən irəli gəlir. Halbuki əsas xammal məhz qoza daxilində formalaşır. İstixana məhsullarında da fərq özünü göstərir. Özbəkistan pomidorunun şirinlik dərəcəsi 6-7 olduğu halda, bizimkində bu göstərici 5-dir və bu, birbaşa bazar qiymətinə təsir edir. İxrac zamanı isə məhsulun saxlanma müddəti uzun olmalı və keyfiyyəti qorunmalıdır ki, istehlakçı pomidoru həmin gün yeməsə də, məhsul öz keyfiyyətini itirməsin. Bunun üçün bitkinin düzgün qidalanması, yəni maye gübrələrin rolu həlledicidir.
Azərbaycanda Dövlət Proqramının icrası üçün bütün şərait yaradılır. Dövlətimizin başçısı tapşırıqları verir, vəsait ayrılır. Amma əsas məsələ bunların sahibkar tərəfindən düzgün həyata keçirilməsidir. Bizdə 800 minə yaxın pay torpağı sahibi var. Ancaq, gəlin, təhlil edək. Bu 800 min nəfər nə istehsal edib bazara çıxarır? Problem torpaq bölgüsündədirmi, suvarmadadırmı, yoxsa insanlar hansı məhsulu əkib-becərəcəklərini bilmirlərmi? Ən vacib digər amil isə budur ki, fermer məhsulu satıb ailəsini dolandıra biləcəkmi, gəlir əldə edəcəkmi? Əgər gəlir götürə bilmirsə, niyə həmin məhsulu əksin? Bunu dövlət və aidiyyəti qurumlar hesablamalıdır. İqtisadi artım, inkişaf və məşğulluq da məhz bu hesablamalara əsaslanır.
.jpg)
- Kənd təsərrüfatında ən ciddi problemlər hansılardır?
- Bu gün Azərbaycanda kənd təsərrüfatında iki böyük problem var: sahəvi baytar həkimlərin və ayrı-ayrı məhsullar, onların xəstəlikləri və qidalanması üzrə ixtisaslaşmış aqronomların çatışmazlığı. Nə üçün biz Türkiyədən və ya başqa ölkələrdən aqronom dəvət etməliyik ki, o da yerli iqlim və torpaq şəraitini öyrənənə qədər bir-iki il vaxt sərf etsin? Onun bilik və təcrübəsi bizim şəraitə tam uyğun olmaya bilər. Bu sahədə təhsil sistemi köklü şəkildə yenilənməlidir. Ölkəmizdə bir çox sahə üzrə peşəkar kadrlar var amma kənd təsərrüfatı ilə bağlı bəzi sahələrdə kadr çatışmazlığı mövcuddur.
Taxılçılıqda, pambıqçılıqda, açıq sahə tərəvəzçiliyində ciddi məsləhət xidmətinə ehtiyac var. Başqa ölkələrdə fermer yalnız əkinçiliklə məşğul olur, baytar və aqronom öz işini görür. Bizdə isə fermer baytarlıqdan tutmuş məhsulun bazara çatdırılmasına qədər hər şeylə özü məşğul olur, nəticədə həm vaxt itirir, həm istehsal prosesindən uzaqlaşır. Ona görə də məhsulun tədarükü, saxlanması, daxili logistikası, qablaşdırılması, markalanması və çeşidlənməsi ixtisaslaşmış bir şirkət tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunmalıdır.
Bunun bariz nümunəsi soğandır. Haramı, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam və Bərdə bölgələrində uzun illərdir böyük həcmdə soğan yetişdirilir, elə illər olur ki, istehsal daxili tələbatı iki-üç dəfə üstələyir və istehsalçılar bol, keyfiyyətli məhsula baxmayaraq zərərə düşürlər. Çünki onu tədarük edib bazara çıxaracaq və ya ixrac edəcək qurum yoxdur. Nəticədə bu il soğan əkən fermer gələn il artıq bu sahədən uzaqlaşır.
- Ölkənin iqtisadi artımı və regional inkişaf potensialını necə qiymətləndirirsiniz?
- Bir iqtisadçı alim kimi ömrümü heyvandarlıq, kənd təsərrüfatı və bitkiçilik sahələrində beynəlxalq təcrübəni öyrənməyə həsr etmişəm və bu məqsədlə dünyanın təxminən 30-40 faiz ölkəsində olmuşam. 2003, 2005 və 2006-cı illərdə Azərbaycanda iqtisadi artım müvafiq olaraq 35, 36 və 34 faiz təşkil edib və bunu iqtisadi bum dövrü adlandırmaq olar. 2015-ci ildə manatın devalvasiyasından sonra isə artım tempi sürətlə aşağı düşdü. Bu gün Gürcüstanda 8 %, Ermənistanda 4 % olduğu halda, bizdə bu göstərici cəmi 0,3 %-dir. İqtisadi artım dedikdə yeni iş yerlərinin yaradılması, yeni məhsul istehsalı, ixrac və ondan əldə olunan gəlirlər nəzərdə tutulur.
Neft-qaz sənayesində hasilatın azalması təbii bir prosesdir, çünki bunlar tükənən ehtiyatlardır. Ulu Öndər bu sənayeni yenidən quraraq Azərbaycanın öz təbii sərvətlərinin sahibi olduğunu bütün dünyaya göstərdi və bu, dövlət büdcəsinin artmasına, ölkənin iqtisadi rifahının yüksəlməsinə şərait yaratdı. Bu gün isə Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün maliyyə siyasəti nəticəsində valyuta ehtiyatlarımız kifayət qədərdir, dövlət borcumuz da aşağı səviyyədədir. Amma sual budur ki, bu ehtiyatlar bizə əlavə gəlir gətirirmi? Gətirmir. Bəlkə bu vəsaitin bir hissəsini elə müəssisələr yaratmağa yönəltməliyik ki, məhsulunu dünya bazarına ixrac edib ölkəyə yeni valyuta gətirsin? Yüz minlərlə ton meyvə-tərəvəzin tarlada məhv olmasına göz yummaqdansa, valyuta ehtiyatının kiçik bir hissəsini müasir, ixracyönümlü müəssisələr yaratmağa sərf etmək daha məqsədəuyğundur. Bir iqtisadçı kimi hesablamalarıma görə, Azərbaycanın İsrail və Hollandiya kimi ixracyönümlü dövlətə çevrilməsi üçün 10-15 milyard manat həcmində vəsait tələb olunur.
Potensialımız isə çox böyükdür. Naxçıvanda 1200-ə yaxın dərman bitkisi növü bitir. Dünyada bu qədər zəngin dərman bitkisi ehtiyatına malik region tapmaq çətindir. Bunu Yaponiya bazarında düzgün təşviq etsək və ya orqanik dərman vasitələri istehsal edən iri şirkətlərlə ciddi danışıqlar aparsaq, onları Azərbaycana cəlb edə bilərik. Belə bir müəssisə insanların dağ-meşə zonalarından dərman bitkilərini toplayıb təhvil verməsinə imkan yaradar. Naxçıvan, həmçinin Bakı bazarını 100 milyon manatdan artıq kənd təsərrüfatı məhsulu ilə təmin etmək potensialına malikdir. Avstriyanın dağlıq heyvandarlıq modelini orada tətbiq etsək, südü, qatığı, pendiri özümüz istehsal edərik və Yunanıstandan keçi pendiri idxal etməyə ehtiyac qalmaz.
Türkiyənin Malatya bölgəsi iqlim və torpaq baxımından bizim Kürdəmirə bənzəyir, amma orada geniş ərik bağları və müasir emal müəssisələri fəaliyyət göstərir, dünya bazarına quru ərik ixrac olunur, bizim Kürdəmirdə isə torpaqlar istifadəsiz qalır, çat verir.
Uzun illərdir “Made in Azerbaijan”dan danışılır, amma bu gün sərhədlərimizdən kənarda kütləvi satılan 10 adda “Made in Azerbaijan” məhsulu göstərmək çətindir. Toxumçuluğu 10 ildir inkişaf etdiririk, halbuki yeni toxum sortu yaratmaq üçün 4-5, uzağı 7 il kifayətdir.
Heyvandarlıqda da vəziyyət ürəkaçan deyil. Rəsmi statistikaya görə ölkədə 2 milyon 200 min baş iribuynuzlu mal-qara var, amma bunun 50 min başı belə damazlıq deyil. Fərz etsək ki, bunların 25 min başı süd verir və hər biri gündə orta hesabla 25 litr süd versə, bu, gündə təxminən 625 min, ilin 305 sağım günü nəzərə alınmaqla isə təxminən 190 min ton süd deməkdir. Bu, hətta bir rayonun tələbatını ödəməyəcək qədər aşağı göstəricidir. Ət istehsalında da xırda və iribuynuzlu heyvanların azalmasının bir neçə səbəbi var: yaylaq-qışlaq sahələrinin azalması, ənənəvi qoyunçuluğa marağın zəifləməsi, yemin bahalığı və çoban çatışmazlığı.
Yem bahadırsa, bitkiçiliyi sürətlə inkişaf etdirməliyik. Ağdaşdakı kimi yem zavodlarının sayı artırılmalıdır, amma bunun üçün əvvəlcə yüksək məhsuldar cins mal-qara lazımdır. İnnovasiyadan danışmazdan əvvəl məhz bu baza yaradılmalıdır. Bu gün bir inəkdən əldə olunan gündəlik xalis mənfəət cəmi 4 manatdırsa, fermerin bu işlə maraqlanması çətindir.
Kənd ilə şəhər arasındakı fərqin aradan qaldırılması üçün çevik model lazımdır. Bəzi rayonların kəndlərində insanlar işsizlik səbəbindən paytaxta üz tuturlar. Halbuki həmin ərazilərdə (misal üçün İsmayıllı) 10-15 min baş qoyun və 2500 baş iribuynuzlu mal-qara saxlamaq mümkündür. Tovuz, Daşkəsən və Gədəbəydə pilot kartofçuluq təsərrüfatları yaratsaq İran, Türkiyə, Rusiya və Avropadan kartof idxal etməyə ehtiyac qalmaz. Iimon idxalına xərclənən 25-30 milyon dolları da uyğun bölgələrdə limonçuluğu inkişaf etdirməklə ölkə daxilində saxlamaq olar. Eynilə giləmeyvə idxalını qapalı təsərrüfatlarla, zəfəran istehsalını isə Abşeronda genişləndirməklə aradan qaldırmaq mümkündür. Cəmi 10 sot zəfəran sahəsi bir ailənin dolanışığını təmin edə bilər, alıcısı da bütün dünyadır.
Kənd təsərrüfatı məhsullarının maya dəyərinin yüksək olması ixracda əsas maneələrdən biridir. Azərbaycan gübrə və bitki mühafizə vasitələri baxımından demək olar ki, tam idxaldan asılıdır. Sumqayıtdakı karbamid zavodu bu baxımdan müəyyən dərəcədə uğurlu iş görür. Bütün gübrələri ölkə daxilində istehsal etməyə də ehtiyac yoxdur, çünki bəzi gübrələrin istehsalına qoyulan investisiyanı ixrac hesabına geri qaytarmaq mümkün deyil. Qapalı təsərrüfatlarda qaz və logistika xərcləri yüksəkdir, amma bunların hamısını dövlətin üzərinə qoymaq da düzgün deyil. Ümumiyyətlə iqtisadiyyatda dövlət xərcləri artanda artım sürətlənir, azalanda isə zəifləyir. İnflyasiyaya qarşı xərcləri həddindən artıq kəsmək son nəticədə istehlakın, deməli, ƏDV daxilolmalarının azalmasına səbəb olur. Bunların hamısı ciddi iqtisadi hesablama və elmi prinsiplərə əsaslanmalıdır.
Prezidentimiz təxminən 30 il ərzində ölkəni İkinci Qarabağ müharibəsinə hazırladı və nəticədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu, tariximizin ən böyük zəfərlərindən biridir. Bir iqtisadçı alim kimi hesab edirəm ki, bu uğuru iqtisadi sahədə də möhkəmləndirməliyik. Hərbi sahədə əldə etdiyimiz uğurlar sayəsində Azərbaycan bu gün dünyada tanınır, cənab Prezidentin xarici siyasəti ölkəmizi Qafqazda və türk dünyasında lider dövlətlərdən birinə çevirib. İstərdim ki, biz öz məhsullarımızla iqtisadiyyat sahəsində də birinci olaq. Bu baxımdan, təəssüf ki, bu gün Özbəkistan bizi üstələyib, mən buna yaxşı mənada paxıllıq edirəm. Həm yerli, həm də xarici xammala əsaslanan 4-5 milyard dollarlıq yeni bir sahə formalaşdırmaq mümkündür və bu, neft hasilatının azalmasının yaratdığı boşluğu tədricən doldura bilər. İstərdim ki, fermerlərimiz ənənəvi mineral gübrələrdən imtina edib orqanomineral və orqanik gübrələrə üstünlük versinlər. Məhsuldarlığı artırmağın başqa yolunu görmürəm.
- Torpaqların konsolidasiyası və Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı ilə bağlı nə deyə bilərsiniz?
Azərbaycanda torpaqların konsolidasiyası çox vacibdir, amma bunu kor-koranə həyata keçirmək olmaz. Nəticələri əvvəlcədən hesablamaq, hüquqi tərəfini tənzimləmək və kəndlilər arasında maarifləndirmə işi aparmaq lazımdır. Bu gün əkin altında olan torpaqların cəmi 3 faizi müasir suvarma sistemləri ilə təmin olunub, bu isə ciddi nəticə üçün çox aşağı göstəricidir. Selləmə suvarma torpağı yuyur, şoranlaşdırır, suyun bərabər paylanmasına mane olur və hər il böyük həcmdə su itkisinə gətirib çıxarır. Bu, hər hansı qurumun səhlənkarlığı ilə deyil, məhz selləmə üsulunun özü ilə bağlıdır. Ona görə də müasir suvarma sistemlərinin kütləvi tətbiqinə başlamalıyıq. Kənd təsərrüfatı naziri də çıxışlarının birində konsolidasiya məsələsinə toxunub. Proses gedir, amma yalnız nəzəri deyil, regional və praktiki tərəfi əsas götürülməlidir. Xarici ölkələrin təcrübəsi burada həmişə tam uyğun olmaya bilər, çünki psixoloji və sosial amillər var. Buna görə də, xüsusi işçi qrupu yaradılmalı və proses milli xüsusiyyətlər nəzərə alınmaqla hazırlanmalıdır.
Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatı sahəsində buraxılacaq səhvlər 30 ildən sonra acı nəticələr verə bilər, ona görə sistem elə qurulmalıdır ki, digər ərazilərdə etdiyimiz səhvlər təkrarlanmasın. Hazırda bu ərazilərlə bağlı ciddi bir proqram görmürəm. Düşünürəm ki, hər rayona ayrıca yanaşmaq lazımdır, çünki hər birinin özünəməxsus təsərrüfat üstünlüyü var. Bu ərazilərdə torpağın keyfiyyəti yüksəkdir, deməli torpağa qoyulacaq əlavə vəsait çox olmayacaq, sadəcə su ehtiyatlarından düzgün istifadə etmək lazımdır. Məsələn, Kəlbəcərdə turizmi inkişaf etdirib yüz minlərlə turist gətirsək belə, onları qidalandırmaq üçün ət və digər məhsulları Bakıdan daşımaq olmaz. Kənd təsərrüfatı bu ərazilərdə əsas məşğulluq mənbəyi olaraq qalmalıdır, çünki oranın təmiz təbiəti, iqlimi və suyu insanları məhz sağlam qida və mühitə görə cəlb edəcək.
Hər rayon üçün ayrıca dövlət proqramı hazırlanmalıdır. Qubadlıda balıqçılıq, heyvandarlıq və meyvəçilik, Füzulidə (vaxtilə uğurlu olmuş) üzümçülük, Cəbrayılda tamam fərqli yanaşma, Ağdamda köhnə təsərrüfatçılığın bərpası, dağlıq rayonlarda isə xarici ölkələrin dağlıq ərazi modelləri tətbiq edilə bilər. Qarabağda meşə ehtiyatları və əlvan metallurgiya üçün də imkanlar var. Kifayət qədər su, yağıntı və qar ehtiyatı mövcuddur ki, bu da yağış-qar sularının toplanaraq həm bu, həm də qonşu rayonların suvarılmasında istifadəsinə imkan yaradır. Bu proseslərdə doludan mühafizə sistemləri yaradılmalı, gübrələr düzgün seçilməlidir ki, torpağın münbitliyi uzun illər qorunsun. Dağ-mədən sənayesi də uğurla inkişaf edə bilər, amma aqrar sahə yenə əsas prioritet olmalıdır. Torpaq, insan, texnologiya və xammal resurslarını düzgün birləşdirməliyik. Avstriyanın iki vilayətində tətbiq olunan heyvandarlıq modelini Qarabağda da tətbiq etməyi uğurlu nümunə hesab edirəm.
Meşəçilik sahəsinə ciddi yanaşılmalı, qanunvericiliyə uyğun istifadə təmin olunmalıdır, amma qanunları həddindən artıq sərtləşdirmək də düzgün deyil. Məsələn, meşə kənarında kiçik ictimai iaşə obyekti yaradıb təhlükəsizlik qaydalarına əməl etməklə ocaq qalayan insana bunu qadağan etmək doğru yanaşma deyil.
Regionlarda turizmin inkişafı da birbaşa kənd təsərrüfatı ilə bağlıdır, çünki turist ilk növbədə orqanik, yerli məhsul axtaracaq. Almaniyanın müharibədən sonrakı dirçəlişi üçün bütün dünya bir araya gəlib dəstək olmuşdu, bu gün isə cənab Prezident bunu ölkənin daxili imkanları hesabına həyata keçirir. Biz də dəstək olmalı, investisiya cəlb etməliyik və investisiyanın hansı sahələrə yönəldiləcəyini düzgün müəyyənləşdirməliyik.
Bir məsələni də vurğulamaq istəyirəm. Azərbaycan vergi və gömrük siyasətinə tamamilə yenidən yanaşmalıdır, artıq bunun vaxtı çatıb. Son iki ildə ölkədə 50 mindən artıq müəssisə fəaliyyətini dayandırıb, bağlanmış müəssisələri bərpa etmək isə çətindir. Fərqli yanaşmalarla bunun təkrarlanmasının qarşısını almaq mümkündür. Kənd təsərrüfatını inkişaf etdirməli, öz məhsullarımızı emal etməli, müəssisə tikməzdən əvvəl isə məhsuldarlığı artırmalıyıq, əks halda o müəssisələr boş qalıb müflis olar.
Prezident İlham Əliyevin 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı məni çox ruhlandırır və düşünürəm ki, uğurlu nəticələr verəcək. Bir alim və ekspert kimi söylədiyim fikirlər yalnız xoş niyyətə əsaslanır. İnvestorları Azərbaycan iqtisadiyyatına daha çox vəsait qoymağa çağırıram. Bura bizim Vətənimizdir, buradan başqa gedəcək yerimiz yoxdur. Gəlin, hər şeyi burada daha yaxşı quraq, burada yaşayaq və ölkəmizi birlikdə inkişaf etdirək. Ümid edirəm ki, Azərbaycan kənd təsərrüfatı sahəsində də lider ölkələrdən birinə çevriləcək və öz məhsullarını dünya bazarına uğurla təqdim edəcək.






















































