Menu
Xəbər Lenti
Nazir görüş keçirdi
Bugün, 10:03

Nazir görüş keçirdi

Xəzərdə zəlzələ oldu
24-09-2026, 10:53

Xəzərdə zəlzələ oldu

29 Eyl 09:45Manşet / Gündəm / Siyasət

Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi

 

Ötən gün BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfrans keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfrans, azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması məsələsinin BMT çərçivəsində müzakirə olunduğu ilk belə tədbirdir.

Tədbirdə 16 ölkəni təmsil edən 50-dən çox nümayəndə - qaçqınların və milli azlıqların hüquqlarının müdafiəsi sahəsində tanınmış mütəxəssislər, qayıdış hüququ üzrə ixtisaslaşmış ekspertlər, eləcə də etnik mənsubiyyətinə görə zorakılıq, ayrı-seçkilik və təqib təcrübəsi yaşamış diaspor təşkilatlarının, həmçinin zərərçəkmiş icmaların təmsilçiləri və BMT ekspertləri iştirak edib.

Konfransda indiki Ermənistan ərazisində etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz yurdlarına qayıtmasının təmin edilməsi, habelə tarixi ədalətin bərpası üçün zəruri hüquqi addımların atılması və bu məsələnin beynəlxalq təşkilatların diqqətində saxlanılması ətrafında müzakirələr aparılıb.

Qayıdış prosesinin beynəlxalq təşkilatların nəzarəti altında, təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsi, zəmanət mexanizmlərinin tətbiqi, hüquqi baxımdan məcburi xarakter daşıyan beynəlxalq razılaşmanın əldə edilməsi, beynəlxalq monitorinqin həyata keçirilməsi və s. istiqamətlər diqqət mərkəzində saxlanılıb.

Konfrans zamanı azərbaycanlıların etnik təmizləməyə məruz qalması, mədəni və dini abidələrə qarşı törədilmiş vandalizm aktlarını özündə ehtiva edən qısametrajlı sənədli film nümayiş etdirilib.

Konfrans zamanı BMT-nin Afrika mənşəli şəxslər üzrə Daimi Forumunun (PFPAD) keçmiş sədri, səfir June Soomer, Beynəlxalq Zikh Federasiyasının Baş Hüquq məsləhətçisi Prabjot Singh Wirring, İdarəçilik üzrə beynəlxaq ekspert Karlayl Korbin və müstəmləkəçilik ərazilərinin nümayəndələri çıxış etmişlər. Onlar öz çıxışlarında Azərbaycanlıların qayıdış hüquqlarını tanıdıqlarını və beynəlxalq təşkilatları bu mövzuya diqqət ayırmalı olduğunu bildiriblər.

Tədbir iştirakçəları indiki Ermənistan ərazisində Azərbaycanlılara məxsus tarixi, mədəni və dini abidələrin qəsdən dağıdılması və erməniləşdirilməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər.

Tədbirin sonunda xüsusi məruzəçinin təyin edilməsi ilə bağlı BMT rəhbərliyinə müraciət qəbul edilib.

Qeyd edək ki, indiki Ermənistan ərazisindəki Azərbaycan xalqına məxsus mədəni, dini və tarixi irs, o cümlədən toponimlər, məscidlər, qəbiristanlıqlar, ziyarətgahlar və digər abidələr sistemli şəkildə dağıdılmış, təhqir olunmuş və mənimsənilmişdir. Bununla yanaşı, tarixi ərazilərindən zorla qovulmuş yüz minlərlə azərbaycanlının fundamental hüququ - öz tarixi torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququ hələ də təmin edilməmiş olaraq qalır. Bu vəziyyət, əslində, mövcud beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edir. Belə ki, 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası kimi qəbul edilmiş beynəlxalq hüquqi sənədlər, eləcə də Dayton Sazişinin 7-ci Əlavəsi kimi beynəlxalq hüquq praktikasında formalaşmış presedentlər artıq qayıdış hüququnun həyata keçirilməsini təmin edəcək normativ və praktiki əsas yaradır.