GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Bakı şəhəri Sabunçu RPİ-nin rəisi polis polkovniki Cavid Vidadi oğlu Muradov: ZƏFƏR – AZƏRBAYCANIN TARİXƏ HƏKK ETDİYİ ƏBƏDİ QƏHRƏMANLIQ DASTANI!
Milli dövlətçilik ənənələri və konstitusion inkişaf - DEPUTAT
12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın dövlətçilik tarixində mühüm siyasi və hüquqi əhəmiyyət daşıyan əlamətdar gündür. Bu tarix müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşmasını, demokratik inkişaf yolunun müəyyən edilməsini, insan hüquq və azadlıqlarının ali qanun səviyyəsində təsbit olunmasını və milli dövlətçilik ənənələrinin müasir hüquqi prinsiplərlə uzlaşdırılmasını təcəssüm etdirir.
Ümummilli Lider Heydər Əliyevin müdrik dövlətçilik siyasətinin və uzaqgörən siyasi iradəsinin nəticəsi olan Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlət quruculuğumuzun fundamental hüquqi sənədi, müstəqilliyimizin və suverenliyimizin əsas təminatlarından biridir. Təsadüfi deyil ki, Ulu Öndər Konstitusiyanın mahiyyətini səciyyələndirərkən onun ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykəndiyini, dövlətin və cəmiyyətin inkişaf perspektivlərini əks etdirdiyini xüsusi vurğulayırdı.
Azərbaycanın konstitusiya quruculuğu tarixi mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti qısa fəaliyyət müddəti ərzində dövlətin Əsas Qanununu qəbul edə bilməsə də, müstəqil və demokratik dövlətçilik ideyalarının əsasını qoymuşdur. Sonrakı sovet dövründə qəbul edilən konstitusiyalar isə Azərbaycanın siyasi və hüquqi həyatının həmin dövrün ideoloji və inzibati reallıqları çərçivəsində formalaşmasını əks etdirirdi.
Bu mərhələdə xüsusi əhəmiyyət daşıyan hadisələrdən biri 1978-ci il aprelin 21-də Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi olmuşdur. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyevin prinsipial mövqeyi və siyasi iradəsi nəticəsində Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması milli dövlətçilik düşüncəsinin qorunması baxımından tarixi hadisəyə çevrildi. Bu addım xalqımızın milli kimliyinə, dilinə və mənəvi dəyərlərinə verilən böyük önəmin bariz ifadəsi idi.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpası Azərbaycanın qarşısında yeni siyasi və hüquqi sistemin yaradılması zərurətini ortaya qoydu. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəçilik böhranı, hakimiyyət uğrunda mübarizə və dövlət institutlarının zəifliyi bu mühüm vəzifənin həyata keçirilməsinə ciddi maneələr yaradırdı.
Yalnız 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində ölkədə vətəndaş qarşıdurması təhlükəsinin qarşısı alındı, ictimai-siyasi sabitlik bərpa edildi və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərə başlanıldı. Məhz bu tarixi mərhələdə müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanması dövlət quruculuğunun əsas prioritetlərindən birinə çevrildi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış Konstitusiya komissiyası tərəfindən hazırlanmış layihə ümumxalq müzakirəsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də keçirilən referendumda seçicilərin 86 faizi iştirak etdi, onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinə səs verdi. Beləliklə, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq iradəsinin ifadəsi kimi qəbul edildi və noyabrın 27-də qüvvəyə mindi. Bu hadisə Azərbaycanın siyasi və hüquqi tarixində yeni mərhələnin başlanğıcı oldu. Konstitusiya ölkəmizin demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi, hakimiyyət bölgüsü prinsipini təsbit etdi, qanunun aliliyini və insan hüquq və azadlıqlarının müdafiəsini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi müəyyən etdi.
Əsas Qanunumuzun ən mühüm xüsusiyyətlərindən biri onun insan amilini dövlət siyasətinin mərkəzinə qoymasıdır. Konstitusiyanın 48 maddəsinin bilavasitə insan hüquqlarına və onların təminatlarına həsr edilməsi bu sənədin humanist mahiyyətini aydın nümayiş etdirir. İrqindən, milli və etnik mənsubiyyətindən, dilindən, dinindən və digər fərqlərindən asılı olmayaraq hər bir şəxsin hüquq və azadlıqlarının tanınması, müdafiəsi və təmin edilməsi hüquqi dövlətin fundamental prinsipləri kimi təsbit olunub.
Konstitusiyanın qəbulundan sonra ölkəmizdə dövlət institutlarının formalaşdırılması, hüquq sisteminin təkmilləşdirilməsi, demokratik idarəçilik mexanizmlərinin inkişafı istiqamətində mühüm addımlar atıldı. 1998-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması konstitusiya nəzarətinin təmin edilməsi və Konstitusiyanın aliliyinin qorunması baxımından mühüm institusional mərhələ oldu. Zamanın tələbləri, cəmiyyətin inkişafı və yeni sosial-siyasi reallıqlar Konstitusiyaya bir sıra əlavə və dəyişikliklərin edilməsini zəruri etdi. 2002, 2009 və 2016-cı illərdə keçirilmiş ümumxalq referendumları nəticəsində Əsas Qanuna edilən dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının təminatlarının genişləndirilməsinə, sosial dövlət prinsiplərinin möhkəmləndirilməsinə və idarəetmə sisteminin müasir çağırışlara uyğunlaşdırılmasına xidmət etdi. Bu baxımdan 2016-cı il referendumunun nəticəsi olaraq Birinci vitse-prezidentlik institutunun yaradılması dövlət idarəçiliyinin institusional inkişafında mühüm yeniliklərdən biri oldu.
Azərbaycan dövlətçiliyinin müasir inkişaf mərhələsində Konstitusiyanın əhəmiyyəti daha geniş məzmun kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmiz iqtisadi, siyasi və hərbi qüdrətini əhəmiyyətli dərəcədə artırmış, beynəlxalq mövqelərini möhkəmləndirdi. 2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu tarixi nailiyyətlər dövlət müstəqilliyimizin möhkəmləndirilməsi ilə yanaşı, Konstitusiyamızın hüquqi qüvvəsinin ölkənin bütün ərazisində təmin edilməsi baxımından da müstəsna əhəmiyyət daşıyır. Bu gün Azərbaycan dövlətinin suveren hüquqları ölkəmizin bütün ərazisində tam təmin olunur, milli qanunvericiliyimizin vahid hüquqi məkanı bərqərar edilir.
Məhz bu reallıqlar, Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümü və Vətən müharibəsində qazanılmış tarixi Qələbənin beşinci ildönümü nəzərə alınaraq Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar yalnız əlamətdar yubileyin qeyd olunması deyil, həm də dövlətçilik tariximizin, suverenliyimizin və konstitusion dəyərlərimizin cəmiyyətə daha dərindən aşılanmasına xidmət edən mühüm siyasi və ideoloji əhəmiyyətli təşəbbüs idi.
2025-ci ildə “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsi də bu tarixi hadisəyə verilən yüksək dövlət qiymətinin ifadəsidir. Medalın təsis olunması Konstitusiyanın hazırlanmasına, təkmilləşdirilməsinə, təbliğinə, hüquq sisteminin inkişafına və konstitusion prinsiplərin qorunmasına töhfə vermiş şəxslərin xidmətlərinin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.
Bu gün qarşımızda duran əsas vəzifələrdən biri Konstitusiyanın müəyyən etdiyi hüquqi və demokratik prinsiplərin gündəlik ictimai münasibətlərdə daha dolğun tətbiqinə nail olmaq, hüquqi maarifləndirməni gücləndirmək, vətəndaşların hüquq və vəzifələri barədə məlumatlılığını artırmaq, qanunun aliliyi və hüquq mədəniyyətini cəmiyyətin həyat tərzinə çevirməkdir. Çünki güclü dövlət yalnız iqtisadi və hərbi qüdrəti ilə deyil, həm də möhkəm hüquqi sistemi, vətəndaşlarının hüquqlarına hörmət və qanunun aliliyinə əsaslanan idarəçilik modeli ilə xarakterizə olunur.
Konstitusiyaya hörmət, onun müddəalarına əməl olunması və konstitusion dəyərlərin qorunması hər bir vətəndaşın, dövlət qurumunun və ictimai institutun məsuliyyətidir. Xüsusilə gənc nəslin hüquqi biliklərinin artırılması, milli dövlətçilik tariximizin və konstitusion ənənələrimizin təbliği gələcək inkişafımızın mühüm şərtlərindəndir.
12 Noyabr - Konstitusiya Günü hər birimizə bir daha xatırladır ki, müstəqil dövlətimizin möhkəm təməli xalqımızın iradəsinə, milli birliyinə, hüquqi dövlətçilik prinsiplərinə və suverenliyimizə əsaslanır. Bu ali dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi ümummilli məsuliyyətimizdir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu Konstitusiya və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti Azərbaycanın gələcək inkişafı, suverenliyinin möhkəmləndirilməsi və milli maraqlarının etibarlı müdafiəsi üçün möhkəm hüquqi-siyasi əsas olaraq qalacaqdır.
Məşhur Məmmədov
Milli Məclisin deputatı
www.AzadMedia.az






















































